Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 20:20
Yaşar Əhmədov: "Məndən beş yaş balaca olmağına baxmayaraq, özünü daha yetkin insan kimi aparırdı"
Zülfiyyə Əhmədova: "Birlikdə yaşadığımız dönəmdən sonra müsbət tərəflərini daha çox gördüm"
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
Artıq 4 ilə yaxındır ki, evlidirlər. Deyirlər ki, ailə qurarkən valideynlərin basqısı olmadan, müstəqil qərar vermək önəmlidir. Eyni zamanda, ailə qurularkən gələcəyi də düşünmək lazımdır. "Ailə" rubrikamızın budəfəki qonaqları "Amazon" şirkətinin Avropa Birliyi üzrə biznes analitiki Yaşar Əhmədov və həyat yoldaşı Zülfiyyə Əhmədovadır.
Hazırda Lüksemburqda yaşayan cütlüyümüzün Atilla və Mustafa adında iki övladı var.
"İşdən sonra çay içək?"
Cütlüyümüz iş mühitində tanış olub. SOCAR-da ayrı-ayrı departamentlərdə çalışsalar da, bir layihə üzərində işlədikləri zaman bir-birlərini daha yaxından tanıyıblar. Zülfiyyə deyir ki, Yaşarı ilk dəfə görəndə onun əcnəbi olduğunu düşünüb: "Açığı, işlə bağlı olaraq Yaşarı bir neçə dəfə görmüşdüm, amma danışığımız olmamışdı. Onun azərbaycanlı olduğunu bilmirdim, zənn edirdim ki, əcnəbidir. Çünki saçlarının uzunluğu, görünüşü xaricilərə oxşayırdı. Təsadüfən, söhbət zamanı Azərbaycan dilində danışanda, aydın oldu ki, azərbaycanlıdır (gülür). Beləcə, işə görə görüşlərimiz mütəmadi olaraq baş verirdi. Bu ərəfələrdə məni maşın vurur və xəstəxanaya aparırlar. Yaşar da məni ziyarətə gəlir. Düzü, Yaşarın bu addımı çox xoşuma gəldi. Mənə dəyər verdiyini hiss etdim. Xəstəxanadan çıxandan sonra yenidən işə qayıtdım. Bir gün mənə mesaj yazıb "işdən sonra çay içək?" deyə soruşdu və ilk görüşümüz Sumqayıtda dəniz kənarında oldu".
"Anladım ki, intuisiyam məni aldatmayıb"
Yaşar deyir ki, işlədiyi şirkətdə bütün həmkarları finlandiyalılar olsa da, bəzən azərbaycanlılarla da görüşlər olurdu və bu görüşlərdən biri zamanı Zülfiyyə ilə rastlaşır: "Zülfiyyə ilk görüşdən xoşuma gəldi. Oturuşu, duruşu, danışığı ürəyimcə idi. Mədəniyyətli, anlayışlı olması, xüsusilə diqqətimi cəlb etdi. Məndən beş yaş balaca olmağına baxmayaraq, özünü daha yetkin insan kimi aparırdı. Həmin dövrdə də 26 yaşım vardı, evlənməyin vaxtı olduğunu düşünürdüm. Ona görə də, bir-birimizi tanımağımız üçün ilk addımı atıb çay içməyə dəvət etdim. Birinci görüşümüz zamanı olan danışıqlarımızdan anladım ki, intuisiyam məni aldatmayıb".
Səmimiyyətdən kənar bir münasibət...
Həmsöhbətim deyir ki, onlar münasibətə başladıqdan sonra bir il ərzində evləniblər: "Bizdə müddət qısa oldu. Bir ilin içində tanış olduq və evləndik. Zülfiyyəni yaxından tanımağım üçün bir il mənə bəs etdi. Amma təbii ki, bu insandan-insana dəyişir. Kimlər üçün bir il çox və ya az ola bilər".
Zülfiyyə isə bəzən bir gündə də qarşı tərəfi tanımağın mümkün olduğunu düşünür: "Zaman anlayışı fərddən asılı olaraq dəyişir. Amma bir-birini tanımaq üçün elə də uzun müddət lazım deyil. Bəzən bir günə belə, tanımaq olur. Məncə, münasibətlərdə əsas olan, nə qədər müddətə bir-birini tanımaq yox, necə tanımaq və özünü tanıtmaqdır. İnsan, gərək, olduğu kimi görünsün, səmimi olsun. Belə olanda qarşı tərəf onun necə bir xarakterə sahib olduğunu yaxşı anlayır. Səmimiyyətdən kənar bir münasibət, inanmıram ki, davamlı ola".
Qayda üzrə ilk dəfədən "hə"ni vermirlər
İntuisiyasında yanılmayan Yaşar, evlilik təklifini də birbaşa edib: "Özüm mühəndis, yəni riyaziyyatçı olduğum üçün məsələni uzatmağı, dolayı yollarla deməyi sevmirəm, nə düşünürəmsə, konkret fikrimi bildirirəm. Zülfiyyəni də zamanla tanıdıqca, haqqında olan düşüncələrim dəqiqləşdi".
Xanımlar üçün evlilik təklifi xüsusi önəm daşıyır. Hətta, bir çoxları qarşı tərəfdən məsələyə daha yaradıcı yanaşıb, sürprizlər etməsini gözləyir. Maraqlıdır, bu cütlüyümüzün evlilik təklifi necə olub? Zülfiyyədən evlilik təklifinin necə olduğunu xəbər alırıq: "Yaşar haqlıdır, o, sözü dolayı yolla deməyi sevmir. Nə düşünürsə, dərhal deyir. Evlilik təklifi də xüsusi olmadı. Elə bircə kəlmə dedi ki, valideynlərim valideynlərinlə tanış olmaq istəyirlər, nə vaxt gəlsinlər? Təbii ki, nə demək istədiyini anlamışdım. Biz də evdəkilərlə məsləhətləşib tanışlıq, yəni elçilik üçün gün təyinetdik. Elçilik günü də Yaşarın özünü sərbəst aparmağı heç yadımdan çıxmaz. Bir qram həyəcanlı deyildi, qonaqlar üçün qoyduğumuz gilasları yeyirdi (gülür)".
Yaşar deyir ki, həmin gün qız tərəfindən "hə" almasalar da, sonra cavab müsbət olub: "Elçilikdə, qayda üzrə ilk dəfədən "hə" demirlər. Deyirlər, qızın özü ilə danışıb, fikirləşib cavabı deyərik. Onda da Zülfiyyə məndən soruşmuşdu ki, birdən ailəm razı olmasa, nə edəcəyik? Mən də dedim ki, heç nə, qoşulub qaçarıq (gülür). Amma cavab müsbət oldu".
Minimum büdcə ilə...
Elçilik, nişan zamanı qız evinə gedən xonçalar, bəzən müzakirə mövzusu olur. Qız evi daha bahalı xonçalar gözləyir. Zülfiyyə bu kimi nüanslara önəm verən biri olmadığını deyir: "Düşünürəm ki, zamanla insan hər şeyə sahib olur. Nə mənim, nə də Yaşarın ailəsi göstərişi sevən deyil. Bu mövzuda da elə bir tələbimiz olmayıb. Minimum büdcə ilə bacardığımız qədər hər bir adət-ənənəmizi yerinə yetirməyə çalışmışıq".
Böyük həvəslə həmin günü gözləyirdik, amma...
Bir neçə gün öncə Yaşar "Facebook" profilində Zülfiyyə ilə toylarında oynadıqları "Uzundərə" rəqsini paylaşmışdı və bu da dostları tərəfindən maraqla qarşılanmışdı. Bu rəqsə necə hazırlaşmalarından da danışdıq. Zülfiyyənin dediyindən anlaşılır ki, işlər onların planladığı kimi getməyib: "Toyda iki rəqs hazırlamışdıq. Düşündük ki, biri milli rəqs "Uzundərə", digəri isə "Vals" olsun. Rəqs müəllimi başqa variantlar da təklif etmişdi, lakin biz bunları seçdik. Toydan bir ay qabaq rəqs üçün hazırlığa getmişdik. Böyük həvəslə həmin günü gözləyirdik. Lakin bəzi problemlər yaşandı. Toy günü bizim oynayıb öyrəndiyimiz "Vals"ı yox, başqa "Vals"ı səsləndirdilər. Biz də təbii ki, oyana bilmədik. "Vals" Yaşarın telefonunda vardı, ona görə telefondan səsgücləndiriciyə qoşub oynadıq. Bir məzəli əhvalatı da onda yaşadıq. Demək, Yaşarın telefonunda musiqilər bölməsində "vatsap" səsyazmaları da var və avtomatik səsləndirmə rejimindədir. Biz "Vals"ı oynayıb bitirdikdən sonra bir də eşitdik ki, Yaşarın anasının səsi gəlir: "Gələndə kartof, soğan, ət alarsan".
Onu nişanlı vaxtı tam kəşf edə bilməmişdim
Bir az da toydan sonra birlikdə yaşadıqları 4 il ərzində xasiyyət baxımından bir-birilərində nələri kəşf etdiklərindən danışdıq. Yaşar, insanları tanımaq bacarığının olduğunu və Zülfiyyəni də necə tanımışdısa, evlilikdən sonra da elə gördüyünü qeyd edir: "Mən hər addımını yüz ölçüb, bir biçən adamam, evlilikdən öncə çox götür-qoy etmişdim. İnsanları tanımaqda özümü usta hesab edirəm, çünki 13 ildir ki, Azərbaycandan kənarda bir çox ölkədə fərqli millətlərdən olan insanlarla qarşılaşmışam. Ona görə də, ilk danışıqdan insanı tanıya bilirəm, qarşı tərəf nə qədər gizlətməyə çalışsa, bəzi məqamlarda özünü ələ verir. O mənada Zülfiyyəni də düzgün tanımışdım, elə gözlədiyim kimi oldu. Bəzi məqamlar olur ki, sözümüz üst-üstə düşmür, bu da bir çox ailədə müşahidə ediləndir. Onu da danışaraq həll edirik. Təbii ki, sevgili olmaq ayrı, həyat yoldaşı kimi bir evdə yaşamaq tamam başqadır. Evləndikdən sonra bəzi nüanslar ikinci plana keçir və insanları bir-birinə bağlayan daha başqa bağlar olur".
Zülfiyyə isə evləndikdən sonra Yaşarın daha çox müsbət xüsusiyyətlərini gördüyünü deyir: "Yaşarın yaxşı xasiyyətli biri olduğunu hiss edirdim, amma onu nişanlı vaxtı tam kəşf edə bilməmişdim. Birlikdə yaşadığımız dönəmdən sonra müsbət tərəflərini daha çox gördüm. Mənfi xüsusiyyəti isə həddən çox işləməsidir. Arada buna görə etirazlarımı bildirirəm (gülür).
Evdə yaxşı yemək olanda...
Deyilənə görə, kişilərin ürəyinə gedən yol mədələrindən keçir. Zülfiyyədən də Yaşarın ürəyinə gedən yolun haradan keçdiyini xəbər alırıq: "Bəlkə də bu, bəzi məqamlardan doğrudur. Lakin biz ailə quranda mən yemək bişirə bilmirdim, amma Yaşarın qəlbinə yol tapmışdım (gülür). Düşünürəm ki, yemək hazırlamağı bilmək xanım üçün vacib məqamdır. Çünki evdə yaxşı yemək olanda kişinin də kefi yaxşı olur. Qarnın tox olması kişilər üçün əsas məsələlərdəndir".
Həyat yoldaşının fikirlərinə gülümsəyən Yaşar, yemək bişirməyi prioritet saymasa da, lazımlı məqamlardan biri olduğunu bildirir: "Məncə, mədənin tox olması 2-ci, 3-cü dərəcəlidir. Ola bilər, arada yemək bişirməyə həvəsi olmaz, o zaman sifariş verilir. Amma ailə qurduqdan sonra evdə normal şəkildə yeməyin bişməyi yaxşı haldır (gülür). Bunu təkcə özümə görə demirəm, uşaqlar üçün yaxşıdır. Uşaqlara ananın bişirdikləri daha dadlı gəlir".
Cütlüyümüz artıq bir müddətdir ki, xaricdə, Lüksemburqda yaşayır. Maraqlıdır, oradakı ailələrlə azərbaycanlı ailələr arasında hansı fərqləri müşahidə ediblər? Yaşar Avropada cütlüklərin ailə qurma məsələsinin bizimkindən fərqli olduğunu deyir: "Burada evliliyə yanaşma ölkəmizdə olduğu kimi ciddi deyil. Avropanın elə yerləri var ki, kişi ilə qadın 5-6 il birlikdə yaşayır, sonra da ayrılır. Məsələn, Finlandiyada 30, 35 yaşında evlənirlər, bir neçə ildən sonra boşanırlar və bu da normal qarşılanır. Bizdə isə tamam fərqlidir. Azərbaycanda bir xanım həyat yoldaşından boşansa, işləmirsə, acınacaqlı vəziyyətə düşür. Özünü maddi cəhətdə təmin edə bilmir. Amma xaricdə belə deyil. Sistem elə qurulub ki, işləməyən qadınlar dövlətdən kifayət qədər dəstək və uşaqpulu alır. Daha doğrusu, burada hər bir vətəndaşın maddi müstəqilliyi olur".
Cütlüyümüz evlənmək istəyənlərə məsələyə ciddi yanaşmağı, yüz ölçüb bir biçməyi, səbirli olmağı tövsiyə edirlər. Həmçinin qeyd edirlər ki, evlənərkən valideynlərin basqısı olmadan, müstəqil qərar versinlər. Bir, beş il sonranı düşünsünlər.