Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 10:02
Gözlənilməz vəziyyətdən özünü itirmiş insanlar uşaqlıq çağlarındakı ilk günahlarımızı - tapdağımız altında qalıb başılovlu ora-bura vurnuxmağa başlayan qarışqaları yadıma salır...
Yerə-görə sığmayan iddialarımıza, hikkəmizə, dünyanı soyulmuş isti yumurta kimi bircə uduma yeyib-bitirmək iştahımıza rəğmən, əslində, kainatda nə qədər xırda olduğumuzu bir daha fərq edirəm.
İstəyirəm, bütün bəşəriyyətə üz tutub deyəm ki, ey bəni adəm, can-cüssəmiz aşağı-yuxarı elə bundan ibarət deyilmi?!.
Nə olsun yeganə şüurlu varlığıq!?.
Nə olsun, Yaradan bizi Yer üzünün əşrəfi kimi xəlq edib!?.
Həyatın bütün suallarına cavab vermək zəkasında sanırıq özümüzü...
Amma görürsünüz yenə də elə bəlalar var ki, dünyamızı bircə anın içində məhvərindən çıxarar, həyatımızın nizamını, düzənini pozar, əcdadlarımızdan üzübəri yol verdiyimiz yanlışların bədəlini bircə-bircə çırpar üzümüzə, naçar qalarıq.
O zaman nədir bu etdiklərin?!.
Nədir bu dünyanı çəpər-çəpər bölməyin?!.
Müxtəlif miflər uydurub özünü başqalarından ayırmağın, bir-birinə qənim kəsilməyin, qan tökməkdən, dağıdıb-tökməkdən yorulmazlığın?!...
Eheyy!!!
Eşidən var...(mı?!)
Qanı qaralmış, ovqatı təlx olmuş dünyanın sarfa alça kimi turş sifətinə baxıram, canının necə sıxıldığını duyuram... Qəfil hiss edirəm ki, dünyanın bu halı mənə sanki haradansa tanışdır, elə bil kimsə bu cümlələri qulağıma pıçıldayır... Pıçıltı getdikcə güclənir, divarlardan kənara adlayıb, dünyadakı bütün dağlara, daşlara, koğuş dərələrə dəyib əks-səda ilə yenidən özümə qayıdır.
İnsan övladının əməl dəftərində saysız hesabsız müharibələrin, hələ tarixin daha qədim qatlarına enməsək, tək elə ötən əsr ərzində törədilmiş iki cahan savaşının, indi zamanın bəri üzündən baxanda adama mənasızdan da mənasız görünən ideologiyalara, məqsədlərə görə milyonlarla insanın ömrünün kəsilməsinin, tifaqının dağılmasının günahları var.
İnsan Yer üzündə binə olandan bəri əli nə qədər həmcinsinin, başqa canlıların qanına batıb, nə qədər cinayətlər törədib, nə qədər mənəviyyatsızlıqlara qol qoyub, təbiətə, ətraf aləmə nə qədər sitəmlər edib, başqaları hələ bir kənara dursun, özünə, öz sağlığına necə qənim kəsilib, - zamanın yaddaşı bu qədər günahı xatırlamaq gücündə belə deyil.
Amma yenə də bir yerdə dururuqmu?!.
Öz-özümüzə, "Daha bəsdir! Yetər!" deyirikmi?!.
Adəm övladı, Qabilin öz qardaşı Habili qətlə yetirdiyi yüz min illər əvvəl də öz yanlışlarından zərrə qədər dərs götürmədi, bu gün də belə bir niyyətdə görünmür və etdiyi günahların bədəlini zaman-zaman ödəyir, sabah da yanlışlarını təkrarlayacaqmı, yoxsa haqq yolunu tapacaqmı, bilən bilməz...
Hərdən düşünürəm ki, koronavirus kimi qlobal bəlalar bəlkə elə etdiklərimizin cəzasıdır?!.
Tanrının səmavi kitablarla göndərdiyi ismarıcları qulaqardına vurmağımızın, müəyyən etdiyi Haqq yolundan sapmağımızın əvəzidir?!.
Yaradanın hökmü, hikməti bəndəsinə göndərdiyi son kitabında - "Quran-Kərim"in 155-ci ayəsində belə təcəlla edir: "And olsun ki, sizi bir az qorxu, bir az aclıqla, mal-dövlətdən, canlardan və məhsullardan azaltmaqla imtahan edəcəyik"...
Bəndələrini yanlışlardan çəkindirməkdən ötrü Tanrı ismarıclarını onlara daha bəs necə çatdırsın?!.
***
Son bir neçə onillikdə Yer üzündəki canlıların 30%-i məhv olub. İçməli su ehtiyatlarının həcmi 26% azalıb. Meşə sahələri kiçilib, atmosferdə zəhərli qazlarınhəcmi 62% artıb.
"Bu problemlər tezliklə bütün insanlar üçün böyük əzablara səbəb ola bilər" - deyən alimlərin gözlədikləri, deyəsən, artıq başımıza gəlir... Daha çox qazanmaq, sərvət əldə etmək ehtirası ilə torpağın bəkarətinə əl uzatmağımızın, çörəyin bərəkətinə ağu qatmağımızın, mer-meyvəni, bitkiləri əlimizə keçən min bir kimyəvi maddə ilə zəhərlədikcə zəhərləyib, üstəlik təbiətdə hərəsinin öz yeri olan günahsız canlıları da məhv etməyimizin qarşılığı bu cür pandemiyalar şəklində dönür həyatımıza.
Di gəl ki, bir də görürsən, Bakıda hansısa tikinti şirkəti bir az pul qazanmaqdan ötrü səkidəki xeyli ağacın dibini betonlayıb, onları bu yolla qurudub sonra kəsmək üçün Allahın dilsiz-ağızsız ağaclarına qarşı namərdliyə əl atıb.
Yaxud, bu çətin günlərdə insanlar sıxıntı çəkməsinlər deyə, dövlətimizin, Prezidentimizin ayırdığı sosial yardımları yerlərdə mənimsəyən məmurların yaramazlığı, aztəminatlı ailələrə göndərilən ərzaq sovqatlarını xəlvətə salıb sonra satmaq üçün qohum-əqrəba evlərində gizlədən səlahiyyət yiyələrinin mənəviyyatsızlığı...
Hələ dünyada insanlığın rəzaləti olan elə bədnamlıqlar yaşanır ki, bəşər övladı öz miskin əməlləri, sərvət ehtirasları ilə o qədər çirkinlikləri özünə yaraşdırır ki...
Hansından yazasan, hansına diqqət yönəldəsən?!.
Birdirmi, beşdirmi, belə əməlləri rəva bilənlər, ətrafda gözə dəyən, ayaqda duran nə varsa hamısını pul gözündə görənlər, pul rəngində, pul biçimində qavrayanlar...
***
Dünya qopur...(?!)
Dolur və boşalır dünya...
Bir başında tufan, zəlzələ obiri başında külək, qasırğa, sunami... Birində aclıq birində toxluq... Yainsanın əhdini kəsən boğucu, zəhərli hava, qışda yay, yazda ölüm gətirən fırtına...
Tümurcuqları afat vurur, çiçəklər doğulmadan ölür...
BÖYÜK TANRI insaları və insanlığı bəs necə cəzalandırsın?!
Yuxular görən insanı, tək və cüt səbirlər gətirən insanı, dualar qılıb münəccimlik edən bəşər övladını daha hansı mesajlarla anlada bilsin?!.
Son bir neçə il ərzində dünyadakı banklar dayanmadan elə hey pul buraxır, hər kəs ara-sıra yaranan iqtisadi böhranların artıma mane olacağından qorxur və pulkəsən maşınlar dayanmadan işləyir, trilyonlarla əskinaslar - dollar, avro, yuan çap edilir, iqtisadi sistem ucuz kreditlərlə doldurulur.
Köpük şişdikcə şişir...
Arxasında da heç bir güc, real iqtisadiyyat, ciddi resurslar yox...
Əgər laboratoriyalar onlara bəslənilən ümidi köpük partlayana qədər doğrultmasalar, bəşəriyyəti çox çətin dövrlər gözləyir.
Təməlində gələcəyə ümiddən başqa heç nə durmayan, "bəlkə yaxşı oldu" düşüncəsi ilə üfürülən bu sabun köpüyü partlayanda insanların gündəlik həyatının necə olacağını isə adam təsəvvür etməyə belə qorxur.
Bu, təhlükənin ayaq səsləridir bəlkə?!
***
İnsanlıq pulu-paranı, maddi sərvətləri bu qədər böyük dəyərə çevirməməli idi...
Özünü iqtisadiyyatın durmadan böyüməsindən bu qədər asılı hala salmamalı idi.
Azad bazar iqtisadiyyatı adlandırdığımız - əslində isə sərt üzü bizə, uşaqlığı sovet məktəblərində keçmiş orta və yaşlı nəslin nümayəndələrinə dərsliklərimizdən yaxşı tanış olan kapitalizmin bu qədər tənəzzül həddinə gəlməsinin qarşısını, bəlkə necəsə almaq olardı.
Bütün vəziyyətlərdə, bütün şəraitlərdə özünün mənəvi aləmini qorumaq, başqalarına sevgisini, şəfqətini mühafizə etmək, mənəviyyatını uca tutmaq, mənəvi dəyərlərə sitayiş etmək, ideyalara can atmaq insanın əbədi ali missiyasıdır axı...
Bizsə, maddi sərvətləri həyatımızın əsas məqsədinə çevirdik, minillərdən bəri yol gələn dəyərlərə asi çıxdıq, vicdanımızın səsini içimizdə söndürdük sanki, bununla mənəvi dünyamıza açılan qapı da kilidləndi...
İnsanlığın dahiyanə kəşfləri Nobel alsa da, mahiyyət etibarilə insanlığın sonunamı xidmət etdi?!
Sərhəd tanımayan ölümləri kim yaratdı?!
"Atom bombasının atası" adlandırılan Robert Oppenheymer boğaz xərçəngindən ölərkən deyib:
"Mən ölümə çevrilmişəm... Mən dünyanın dağıdıcısıyam!.."
Gözümüzü qamaşdıran texnoloji möcüzələr yolumuzu yanıltdı.
Texnologiyalar bizə həyatımızı asanlaşdırmağa, oxumaq, öyrənmək, fərdi inkişaf, keyfiyyətli düşüncə mühiti üçün ömürdən daha çox zaman ayırmağa, dünyanı mobilləşdirib məsafələri aradan götürməyə, bizi bir-birimizə daha da yaxın etməyə, doğmalaşdırmağa lazım idi.
Amma nə baş verdi?!
Texnologiyaların ortaya qoyduğu elektron məktublar, SMS-lər, sosial şəbəkələrdən göndərilən ismarıclar yeniyetməlik, gənclik dövrümüzün hər sətrində insan qəlbinin döyüntüsü eşidilən, insan ruhunun həniri duyulan ƏTİRLİ SEVGİ MƏKTUBLARINI əlimizdən aldı.
Tək bumu?!.
Ucsuz-bucaqsız, bomboz dünyanın ortasında sanki təkbaşına qaldıq.
Paramparça, hissiz, duyğusuz, xəyalsız...
İndi mobil telefonun bircə düyməsini sıxmağın yetər ki, dünyanın harasında olmasından asılı olmayaraq, istədiyin adamın səsini eşidəsən, üzünü görəsən, kəsintisiz, xışıltısız, sanki yanındaymış kimi apaydın...
Amma, məni qınamayın, mobil telefonların, doğru-dürüst əlaqə vasitələrinin olmadığı o uzaq illərin adamları bir-birini indikindən daha çox itirib axtarırdılar, bir-birinə indikindən daha çox doğmalıq göstərirdilər, ünsiyyəti, yaxınlığı indikindən daha çox qoruyurdular.
Onda hələ texnologiyalar həyatımızda sevginin yerini daraltmamışdı, ömrümüzdə daha çox sevgiyə yer vardı...
Cihazlar artdıqca, Sevgi həyatımızın bir küncünə sığındı, fiziki mənada məsafələr qısaldıqca, insanlar bir-birindən uzaq düşdü, yollar abadlaşdıqca, hamarlandıqca insanlar arasındakı mənəvi uçurumlar böyüdü elə bil...
Hərənin əlində bir "ağıllı" telefon, planşet, insanlar bir-birinin gözlərindən çox, monitora baxırlar, bir damın altında bir-birinə yadlaşıb gedirlər.
Gözlər qəlblərə körpü salmır, ürəkdən-ürəyə yollar görünmür, virtual kommunikasiyalar adamları bir-birindən iraq salır, ünsiyyət imitasiyası münasibətləri soyuqlaşdırır, müasir insan üçün ciddi sosial-psixoloji problemlər yaradır. İnsan özü də hiss edilmədən robotlaşır, hisslərini, duyğularını əldən verir, texnologiyaların bir parçasına çevrilir.
Artıq insan texnologiyaları deyil, texnologiyalar insanları idarə etməyə başlayır...
Bəşəriyyət üçün Allahlıq iddiasına düşür...
Dinlərin, inancların yerini tutmağı hədəfləyir...
İnsan öz fərdi məlumatlarını, şəxsi sirlərini könüllü şəkildə hansısa görünməz mərkəzlərə təslim edir, fərqinə varmadan onların köləsinə çevrilir, bu mərkəzlərin müxtəlif texnoloji həllər vasitəsilə onun həyatını, taleyini, seçimlərini idarə etməsinə şərait yaradır.
Hansısa saytda bir material oxumağa peşmansan, dərhal onun böyründə həmin materialla yaxından-uzaqdan necəsə əlaqəsi olan məhsulun, xidmətin reklamı çıxır.
Deməli, özümüz də hiss etmədən, ciddi şəkildə izlənirik, təhdid olunuruq.
Bütün həyatımız Yerin, göyün sahibi Allahla yanaşı, hansısa texnologiyalar tanrısının da rəqəmsal nəzarəti altındadır.
Hərdən indiki gənclərə baxıram, onların sevgisini, ilk eşq etiraflarını, duyğularını bir-birinə necə çatdırdıqlarını, sevgi hekayələrini, həyəcanlarını təsəvvür etmək istəyirəm...
Elə bilirəm ki, daha heç o sevgilər də qalmayıb, o hisslər, etiraflar, əhd-peymanlar, paylaşılan dəyərlər illər əvvəlki qədər saf, səmimi, munis deyil.
Həyatımız kimi gənclərin sevgiləri də texnolojiləşib, süniləşib, həyatın ilk sınaqlarındaca çilik-çilik olub sıradan çıxır, yerini başqa istəklər, iddialar, dəyərlər tutur, sevgi zənn edilən hisslər bir anda nifrətə, qarşılıqlı ittihamlara çevrilir.
O çağların saf sevgiləri, gənclərin ən çətin məqamlarda da öz əhdlərinə, bir-birinə sadiqliyi qalsaydı, qurulmuş gənc ailələr ilk mübahisədəncə məhkəmələrin yolunu tutmazdılar, boşanmaların statistikası ildən-ilə bu qədər artıb təhlükəli hala gəlməzdi, ailə institutu əcdadların əmanəti olan möhkəm təməlli alınmaz qalalardan, kiçilib kövrəkləşib səhrada evcik kimi düzəldilmiş qum təpəciklərinə çevrilməzdi.
Hələ, indi beşiklərdə qığıldayan, oyuncaqları ağıllı telefonlar, planşetlər olan, həyət-bacaya, həmyaşıdları ilə oynamağa çıxmayıb əlindəki telefona qapılıb qalan, baxdıqları cizgi filmlərinin, videoların aşıladığı ideyanı, verdiyi tərbiyəni tam nəzarətdə saxlamaq imkanında olmadığımız, ədəbiyyatdan, dilin zənginliyindən uzaq düşən körpələrimizin, nəvə-nəticələrimizin dünyası necə olacaq - Allah bilir...
***
Son illərdə bütün dünyada hansısa ciddi bir ədəbiyyat hadisəsinin baş verməsi, adamı silkələyən bir mahnı parçasının, filmin, teatr tamaşasının yaranması yadınıza gəlirmi?!.
Daha ədəbiyyat, mədəniyyət insanları tərbiyə edə bilmir, tiplər, xarakterlər yaradıb onların nümunəsində insanları tərbiyələndirmək gücünü itirib.Toplumun səviyyəsini mənəvi ideallara doğru yüksəltməli olan yaradıcılıq dəyərlərinin özü bazar səviyyəsinə enib, piştaxta arxasında durmuş satıcı kimi matahını müştəriyə tərifləyir. Öz vəzifəsini, ali missiyasını kənara qoyub müştərinin istədiklərindən yazır, həyatın bədii obrazlarla dərkindən daha artıq necə çox satılmaq qayğısındadır. Baxırsan, böyük təmtəraqla təqdim edilən, ətrafında hay-küy yaradılan bir əsərdir, filmdir, amma alıb oxuyanda,baxanda görürsən ki, içi bomboşdur.
Böyük sənətin də pulun, bazarın əsarətinə düşməsinin acı mənzərəsi...
Cəmiyyətin aynası missiyasını yerinə yetirməli olan mətbuat da eləcə...
Saxta xəbərlər bütün dünyada aləmi başına götürüb, oxucu, tamaşaçı, dinləyici nəyin doğru, nəyin yanlış olduğunu müəyyən etməyə böyük çətinlik çəkir, media yüz illər ərzində cilalanmış, konkret qaydaları, normaları, sosial məsuliyyət meyarları müəyyənləşmiş fəaliyyət prinsiplərini kənara qoyub bazarın tələblərinə uyğun davranır, sosial şəbəkələrdəki çox keyfiyyətsiz auditoriyanın rəğbətini qazanmağa can atır, özünü də, sözünü də urvatdan salır.
Bu auditoriyanın guya ən çox izlədiyi bloqçuların, yazarların səhifələrinə baxırsan, kütlələrə çatdırmaq istədiklərinə nəzər yetirirsən, cəmiyyət üçün qara qəpiklik dəyəri olmayan mənasız atmacalar, çayxana lağ-lağıları, şit-şit irişmələr, özünü izləyicilərə sevdirmək üçün ucuz üsullar...
Hara nəzər yetirirsən, ucuz reklam, zahiri bərbəzək, istehlakçının başını tovlayıb alış-verişə sövq etmək, pulunu əlindən almaq üçün düşünülmüş hiyləgər marketinq fəndləri...
İnsan bəlkə heç özü də fərqinə varmadan çox bahalı bir dünya yaradıb və özünü bu dünyaya məhkum, əsir edib.
İnsan belə bir reallıqda puldan, maddi gəlirlərdən başqa daha heç nə düşünə bilmir, daha çox istehlak etməkdən ötrü özünü daha çox oda-közə vurur, doğmalarını, yaxınlarını unudur, hissləri korşalır, mənəvi dünyasını qorumağa zamanı, enerjisi qalmır...
Pul insan üçün daha vasitəyə deyil, ali məqsədə çevrilir...
***
Daha mənəvi idealları və bu ideallar, bəşəri dəyərlər, Vətən uğrunda canından keçən qəhrəmanları az yada salan var.
Hamı uğur hekayələri oxuyub birdən-birə, qəfildən uğur qazanmağa, pullanmağa çalışır. Bu baş verməyəndə isə yaşadığı cəmiyyətə də, dünyaya da, özünə də asi çıxır.
İnsanlar narahatdırlar, gərgindirlər, stress içindədirlər, ürəkdən gülə bilmirlər, ilk baxışdan həyatda sanki hər şey qaydasında görünür, bolluqdur, nə istəyirsən var, amma yenə də elə bil insanın həyatında nəsə çatmır...
O çatışmayan hissin adı Xoşbəxtlikdir!..(mi?!.)
İnsanlar bu qədər gərginliyin, stressin, narahatlığın içində xoşbəxt ola bilmirlər, bu hissi doya-doya yaşamağa əlləri yetmir.
Kimsə fərqinə belə varmaq istəmir ki, axı həyatımızda hər il yeni bir nəsli çıxan və adamları hər il ehtiyac belə olmadan onların yenisini almağa sövq edən bahalı mobil telefonlardan, məişət cihazlarından, son model avtomobillərdən, dəbdəbəli villalardan da daha dəyərli şeylər var.
Yaz vaxtı yenicə çalınmış otun qoxusuni içinə çəkmək, təbiətin ətrini, səsini duymaq, sakit bir gecədə aydın səmaya baxıb göydəki ulduzları saymaq, yağışın səsini, küləyin vıyıltısını hiss etmək, doğmalarla, qəlbə yaxın kəslərlə kasıbyana bir məclis qurub şirin söhbətin, olub-keçənlərin, xoş xatirələrin ümmanlarına dalmaq, həzin bir musiqi dinləmək, hansısa teatr tamaşasına baxıb oradan evinə, işinə köks dolusu təəssüratla qayıtmaq bunların mininə dəyər.
Dəyərdi...
Getdikcə daha dəbdəbəli, məsrəfli hala gələn həyatda, var-dövlətdə, təmtəraqda, bərbəzəkdə tapa bilmədiyimiz xoşbəxtlik, əslində, bu qədər yaxınımızdadır...
Yaxınımızda idi...
Sadəcə olaraq, onu göz önünə qoymaq, duya bilmək, həyatın başqa azğın ehtiraslarından yüksəkdə tutmaq lazımdır.
Lazım idi...
Epidemiyaların bəşəriyyətə anlatmaq istədiyi bir həqiqət də, bəlkə elə bu idi?!.
Əslində, bəlkəsiz də elə bu idi!?.
vvv
Bu pandemiya konkret bir fərdə, xalqa, dövlətə qarşı yönəlməyib, bu bəla Sərhəd tanımır...
Yoluxucu xəstəliklər kimi ali mənəvi dəyərləri də sərhədsiz etmək olar, insanları sülhə, sevgiyə, mərhəmətə, xeyirxahlığa da yaxşı mənada yoluxdurmaq mümkündür.
Mümkün idi...
Pandemiyaya qarşı indi bütün dünya mübarizə aparır, hamı diqqətini bu məsələyə yönəlib. Fikir verirsinizmi, daha yaxın-uzaq ölkələrdə hərbi əməliyyatlar keçirilmir, müharibələr dayanıb, insanlar silahı yerə qoyub, bir-birini qırmır, bir-birini hədələmir, bir-birinə hücum etmir, bir-birinin komasını başına uçurmur, bütün bəşəriyyət bu bəlaya qarşı gücünü birləşdirib, bu sınaqdan elliklə çıxmağa çalışır.
Təbiət də bir qədər nəfəs almağa başlayıb sanki, elmi mərkəzlər son bir-iki ayda ətraf aləmdə nəzərəçarpacaq müsbət ekoloji dəyişikliklərin baş verdiyini bildirirlər, heç elmi mərkəzlərsiz də bunu adamın ciyərlərinə dolan saf havadan, aydın səmadan, ağacların təmiz yarpaqlarından, quşların şaqraq səsindən duymaq elə də çətin deyil.
Deməli, dünyadakı bütün canlıların, ən çox da insanın özünü xoşbəxt sayacağı bir dünya yaratmaq öz əlimizdədir.
Yetər ki, bunu istəyək, can ataq, ali dəyərlər işığında gücümüzü birləşdirək!..
***
"Biz birlikdə güclüyük!..."
Çox uğurlu ifadədir!..
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronavirus pandemiyasına qarşı gərgin mübarizə dövründə irəli sürdüyü bu çağırış, əslində pandemiyadan sonra bütün dünya üçün aktual olacaq.
Bu çağırış insanların sülh, xoşbəxtlik və hüzur içində yaşaya biləcəkləri daha gözəl bir dünyanın qurulmasını arzulayan hər bir insanın ali missiyasına çevriləcək, bəşəriyyəti mənəvi dəyərlər ətrafında bir araya gəlməyə səsləyəcək.
Əslində, bu, Azərbaycanın belə bir məzmunda bütün dünyaya xitabən gündəmə gətirdiyi ilk çağırış deyil.
Multikultural dəyərlərin, fərqli mədəniyyətlərə hörmət ruhunun, tolerantlığın Yer üzündə yayılmasına, hər kəs üçün ali həyat prinsipinə çevrilməsinə, insanların sülh, inkişaf naminə birləşməsinə yönələn qlobal təşəbbüsləri ilə, hər il ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlarla Azərbaycan illərdir ki, buna çalışır, planetimizdə eyni sağlam ideyaları paylaşan hər kəsi bu niyyət ətrafında bir araya gətirməyə can atır.
Həyat göstərdi ki, bəşəriyyətin sağlam bir gələcək naminə öz gücünü birləşdirməkdən başqa seçimi yoxdur.
Azərbaycan hər zaman olduğu kimi, bu məsələdə də nümunə yaratdı.
Dövlət rəhbərimizin qƏtiyyƏti, həyata keçirdiyi çevik və qabaqlayıcı tədbirlər, insanlara diqqət və qayğısı sayəsində ölkəmiz pandemiyada ən az itkilərlə üzləşən ölkələrdən oldu və arzu edək ki, bəlanın kökü tam kəsilənə qədər də belə olsun.
Cənab İlham Əliyev təkcə vətəndaşlarımızın həyat və sağlamlığını qorumur, dövlətin dəstək tədbirləri ilə insanlarımızın iş-gücünü, güzəranını, ruzisini, təknəsinin çörəyini də qoruyur, belə məqamlarda güclü bir dövlətə sahibliyin nə qədər böyük lütf olduğunu, cəmiyyətdə əldə edilmiş milli vəhdətin, Azərbaycan xalqı olaraq, birlikdə gücümüzün nə qədər böyük nəticələr yaratdığını hər birimizə anladır.
Bu - vətəndaş tərbiyəsidir, sosial məsuliyyətdir...
Cəmiyyət olaraq, gəlib yetişdiyimiz inkişaf ucalığıdır, intibah zirvəsidir...
***
Karantin dövründə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımıza bir neçə müraciəti oldu. Bunlar, əslində təkcə Azərbaycan xalqına deyil, ümumən bütün dünyaya xitabdır:
"Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır.
Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır..."
Bundan sonra dünyada biganəliyə, özgə dərdlərə yer yoxdur!..
Yer üzünün indiki haləti papağımızı qarşımıza qoyub yaxşı-yaxşı düşünmək üçün bir fürsətdir bəlkə?..
Yenə bu bəlkələr...
Yenə bu suallar...
Dünyanı bu hala biz gətirmişik, dünyanın yönünü, yörəsini də hamılıqla, birliyimizin gücü ilə dəyişməliyik!
Yolların, küçələrin infeksiyasını yumaqla iş bitməyəcək, içimizi, düşüncələrimizi, duyğularımızı da yuyub təmizləməliyik...
Özümüzü də, düşüncələrimizi də durulamağı bacarmalıyıq.
Ya bunu bacaracağıq, ya da dünyanın sonu ilə barışmalı olacağıq...
Yoxsa, bizi silib-süpürüb aparacaq bu qoca və qədim dünya...
Bax onda... Onda həyatımızı yenidən yaşamalı olacağıq...
"Onda bir dan yeri üzü qibləyə sarı uzun-uzadı bir yağış başlayacaq...
Bu yerlərin loğmanı dünya boyu baxıb, sinə dolusu nəfəs alacaq...
Göy üzünün nur yağışı yağıb-yağıb dünyanı təzədən durulayacaq...
Təzədən yuyulmağına, yuyulub durulmağına ehtiyacı var dünyanın..."
30 il bundan öncə "Əzrayıl" povestimi yazanda, bax belə, belə düşünürdüm...
İndi necə, siz necə düşünürsünüz?
Dünyanın sonunu dünyanın yeni bir başlanğıcına çevirmək
zamanı deyilmi?!.
Yenə "Qurani-Kərim"ə üz tuturam: "Onlar ozlərində olanı dəyişməyincə, onlara yardım etmərəm!.."
Eheyyy!!!
Eşidirsinizmi?!.
Kim var, kim var orda?!.
İmamverdi İSMAYILOV,
Milli Məclisin deputatı, yazıçı-publisist