Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 14:24
Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukokun Kral Salman Humanitar Yardım və Dəstək Mərkəzinin Baş direktoru Abdulla Əl Rəbiahla birgə ünvanladığı məktuba cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yəmənə humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 25 min dollar məbləğində maliyyə vəsaiti ayrılıb.
Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub.
BMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. 3,3 milyon məcburi köçkünü olan ölkədə əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır. Cari il ərzində Yəməndə humanitar ehtiyaclarının qarşılanması, o cümlədən COVID-19 pandemiyası ilə mübarizənin aparılması üçün 2 milyard ABŞ dolları həcmində vəsaitə ehtiyac duyulduğunu elan edən BMT müvafiq yardımın göstərilməsi üçün üzv dövlətlərə və beynəlxalq təşkilatlara çağırışlar edib.