Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həyat yoldaşım mənə 280 kv metrlik ev hədiyyə edib'' - Şəbnəm Tovuzlu

''Həyat yoldaşım mənə 280 kv metrlik ev hədiyyə edib'' -  Şəbnəm Tovuzlu

Tarix: 13 Iyun 2020 13:45

Sonxeber.net ölkə.az-a istinadən Şəbnəm Tovuzlu ilə müsahibəni təqdim edir:

- Şəbnəm xanım, niyə sizin dediyiniz hər kəlmə qalmaqala səbəb olur və buna görə tənqid edilirsiz? 

- Çünki mən hər zaman sözün düzünü deməyə çalışıram, ona görə də çox vaxt yerim acı olur. Qarşımdakı Xalq artisti olsa belə, mədəni surətdə, hörmətlə ona sözümü başa salıram. Heç kimin mənim tərbiyəmə, oturuşuma-duruşuma, əxlaqıma sözü ola bilməz. Davranışımla bağlı Xalq artisti olsa belə, mənə irad bildirə bilməz. Çünki  böyük-kiçik yerini bilən insanam. Buna görə də hamıdan seçilmişəm. Şou-biznesdə olanların 80 %-nin bu barədə mənə nəsə deməyə haqqı yoxdur. Ancaq oxumağıma, mahnılarıma müəyyən bir fikir bildirə bilərlər, bu da normaldır. Hərdən deyirlər, filankəs sizin nəsli, sizin ifa tərzinizdə olanları bəyənmir, onda mən də məcbur qalıb hamının əvəzinə cavab verirəm.

- Sizin oxuduğunuz mahnılar bəzi sənətçilər tərəfindən qəbul edilmir, bəyənilmir. Sizcə, bu nədən irəli gəlir?

- Vallah, mən də bilmirəm bu nədən yaranıb. Onlar bizim əlimizdən tutub qaldırmaq əvəzinə, başımızdan vurub bizi susdurmaq istəyirlər. İnsanlar bizdən nə tələb edirsə, biz də çalışıb onların zövqünə uyğun mahnılar seçib ifa edirik. Bəzən onlar bizi öz aləmlərində "A,B" kateqoriyalarına bölürlər. Ancaq bu, belə deyil, bu gün hamı eyni cığırla gedir. İfaçı insanların zövqünü oxşamaq üçün sənətdə müxtəlif janrlarda mahnılar ifa edə bilər. Bu gün xalq mahnıları da ifa edirəm, lazım olsa, bütün janrlarda mahnı oxuyaram. Mən vokal fakültəsini bitirmişəm və səs diapazonum da genişdir. Dörd aydır karantindir, müğənnilərin heç bir yerdən gəliri yoxdur. Tutalım, mən deyirəm ki, həyat yoldaşım, ailəm var, ac qalmayacam. Axı, elə sənət yoldaşlarım var ki, ailələri yoxdur, özləri qazanıb övladlarına baxırlar. Onlar da vaxtında əziyyət çəkib rayonlara, xarici ölkələrə tədbirlərə gedib bu pulu qazanıblar. Geriyə 5 manat pul atmasaydılar, bu aylar ərzində necə dolanacaqdılar? Axı insanı bu qədər vurub- yıxmaq, tənqid etmək olmaz? Hamı öz ruzisini qazanır. Bəzən elə sənətkarları görürəm ki, gənc nəsil ifaçılarını vurmağa, sındırmağa çalışırlar. Niyə? Nə səbədbən bunu edirlər? Harasa gedəndə elə mədəni insanlar yaxınlaşıb mənə gözəl sözlər deyirlər ki, adama xoş olur. Bəs bu millətin mənə olan sevgisi deyil? Ona görə bəsdirin bizi bu qədər tənqid edib, sındırmağa çalışdız. Ona görə də mən hər zaman mədəni formada, heç kəsin şəxsiyyətinə toxunmadan hamının cavabını verirəm. Lazım gəlsə onlarla yanyana durub, bir yerdə mahnı da ifa edərəm.

Şəbnəm Tovuzlu sevgililər günündə hacıdan nə gözləyir?

- Şəbnəm xanım, bildiyimiz kimi siz bir neçə xarici ölkələrdə konsertlər vermisiz. İstəyərdim bundan danışasız. Hətta bəziləri bu konsert xəbərlərinin yalan olduğunu da iddia edirdilər.

- Mənim xarici ölkələrdə verdiyim konsertlərdə bəzən 3000 insan iştirak edib. Sankt-Peterburqda mədəniyyət mərkəzinin 2500 nəfərlik zalında konsert proqramı ilə çıxış etmişik. Belə çıxır ki, camaat dəli olub, 5000 rubl ödəyib konsertə gəlib? Həmçinin digər ölkələrdəki çıxışlarım da hər zaman anşlaqla qarşılanıb. Sevməsələr, bəyənməsələr, konsertə gələrlər? Lakin bunu bizim bəzi sənətkarlarımız başa düşmürlər.

- Sosial şəbəkə hesabınızda vəziyyət necədir? Bəzən tanınmışlar saxta izləyici yığmaq üçün müəyyən məbləğ də ödəyir.

-Mənim bu gün "İnstagram"da 1.7 milyon izləyicim var. 2012-ci ildən bu sosial şəbəkədəyəm. Bu, təmiz izləyici sayıdır, orada bir "fake" profil yoxdur, bunu səhifəmin statistikasına baxanda da görmək olar. Gədəbəydən olan Aytac adında fanatım var, mənim "fan" səhifəmi açıb, adicə onun 800.000 izləyicisi var. Bu gün bəzi mənəm-mənəm deyən müğənnilərin şəxsi səhifələrinin bu qədər izləyicisi yoxdur.

- Şəbnəm xanım, Xalq artisti Tünzalə Ağayevanın "Toy müğənnisi ilə aramda fərq olmalıdır" sözlərinə istəyərdim münasibət bildirəsiz. Həm də Tünzalə xanım sizin yerlinizdir.

- Mən Tünzalə xanımı çox istəyirəm. Bəli, mənim yerlimdir, ona hər zaman hörmətim olub. Hətta Tünzalə xanım Tovuzda mənə pianinodan dərs də deyib, lakin o, məni xatırlamır, mənim isə hər şey çox yaxşı yadımdadır. Yeri gələndə o dənizdən mən də bir qab su götürmüşəm. Tünzalə xanım müğənniləri kateqoriyalara ayırıb, toy müğənnisi və səhnə ifaçısı. Yaxşı, bəs mən "Yaşıl teatr"da 3000 nəfərin qarşısında çıxış edəndə, toy müğənnisi kimi konsert verirdim? Mən canlı olaraq elə muğamlar oxuyuram ki. O tənqid edənlərdən istəniləni gəlsin, mənimlə ifa etsin, baxaq. Mən sübut edəcəm ki, bütün janrlarda mahnı ifa edə bilirəm. Bəstəkar  Nailə Mirməmmədlidən 2 mahnı almışam, tez bir zamanda onları ifa edəcəm. Bununla şou-biznesdəkilərə sübut edəcəm ki, mən bunu da bacarıram, susun. Məsələn, uşaqlıqdan Aygün Kazımovanı çox sevmişəm və onun istənilən mahnısını ifa edə bilərəm. Ancaq bu mənim tərzim deyil, mənim ifa etdiyim musiqi janrı başqadır. Mənim tərzim Könül Kərimova, Xumar Qədimovanın tərzi ilə eynidir, mən onların yolunu gedirəm. Mən Fədayə Laçını, Könül Xasıyevanı dinləmişəm. Bu da mənə bəs edir. Beş nəfərdən aşağı, 15-dən yuxarı lüks həyatı mən də yaşayıram. Demirəm ki, Aygün, Röya, Tünzalə məndən pis yaşayırlar. Onlar da vaxtında sözlərini deyib, büdcələrini doldurub, olublar Xalq artisti. Hamısına da ayrı-ayrılıqda hörmətim var. Bəzən deyirlər ki, biz düşdüyümüz toylarda onlar iştirak etmirlər. Vallah, bu, belə deyil. Sən hardan bilirsən ki, düşmürəm? Mən Aygün xanımla da, Röya ilə də, Brilliant xanımla da eyni məclisdə iştirak etmişəm. Tovuzda bir məmur oğluna toy edib, məclisdə Aygün də, Röya da, Şəbnəm də, Üzeyir də olub. Axı, bunu bu dərəcə şişirtməyə nə ehtiyac var? Olub ki, məclisdə ifa edərkən mikrofonumun səsini alıblar, bu cür məsələlər də baş verib. Biz heç kimə əl açıb çörək dilənmirik, öz zəhmətimiz, alın tərimizlə ruzimizi qazanırıq.

Hər zaman düz söz danışan insan olmuşam deyə yerim hamıya acı gəlib. Mən də başlayım digərləri kimi yaltaqlıq edim? Arxalarınca danışıb, üzlərinə gülüm? Mən səmimi xanımam, məni necə görürsünüzsə, eləyəm, maska geyinməyi, dəyişilməyi bacarmıram.

-Son zamanlar demək olar ki, bütün məşhurlar sosial şəbəkələrdə insanlar tərəfindən tənqid, hətta təhqir olunurlar.

- Düzü mən onlara fikir vermirəm. Bu neqativ rəyləri yazanların çoxu qadınlardır, bu da paxıllıqdan irəli gəlir. Hər zaman uğurlu qadın, digər həmcinslərində qıcıq yaradır. Baxırlar gözəl xanımdır, düşünürlər ki, qoy buna bir pis söz yazıb, kefini pozaq. Ancaq elə təhqirlər olur ki, mən onlara cavab yazmaq məcburiyyətində qalıram. İnanırsız, gün olub 30-40 nəfəri səhifəmdə "qara siyahı"ya atmışam. O siyahıya baxsanız, 1 milyondan çox insan olduğunu görərsiz. Yəni bu insanları səhifəmdən silməsəydim, indiyə qədər "İnstagram"da izləyici sayım 3 milyona yaxın olardı.

- Bu təhqirlərə görə hüquq mühafizə orqanlarına müraciət etmisiz?

- Düzü bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişəm, ancaq həmin o şəxslər ailəm tərəfindən tapılaraq, layiqli cavablarını alıblar. Hətta iki nəfər məndən etdiyi təhqirlərə görə üzr də istəyib.

- Bu yaxınlarda sizin haqqınızda belə bir şayiə yayıldı ki, guya sizin Nərimanov rayonunda olan 3 otaqlı eviniz əlinizdən alınıb. Bu xəbərlər nə dərəcədə doğrudur?

- Mənim heç bir evim əlimdən alınmayıb. Yayılan xəbərlər əsassızdır. Nərimanov rayonu ərazisində olan evimi satıb, avtomobil almışam. Hazırda "Şamaxinka" deyilən ərazidə 4 otaqlı lüks evim var. Həyat yoldaşım tərəfindən mənə hədiyyə olunan bu 280 kvadrat metr sahəsi olan ev də öz adımadır. Boş şayiələrə inanmayın.


Etiketlər:  Həyat yoldaşım mənə metrlik hədiyyə edib Şəbnəm Tovuzlu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ