Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət təhsil müəssisələri üçün lisenziya tələbi aradan qaldırılır

Dövlət təhsil müəssisələri üçün lisenziya tələbi aradan qaldırılır

Tarix: 16 Iyun 2020 12:36

Bakı. Elçin Mehdiyev – Trend:

İyunun 16-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə bir məsələ daxil edilib.

Qanun layihəsi “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb.

Adıçəkilən qanuna əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılıb. Bununla da dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilmiş qaydada lisenziya almalıdır.

Bildirilib ki, “Dövlət qulluğu haqqında” Qanuna təhsil müəssisəsi və təhsil pilləsi ilə bağlı təklif olunan dəyişiklik isə dəqiqləşdirmə məqsədi daşıyır.

Sonra komitə üzvləri gündəlikdəki məsələni yekdilliklə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə etdilər.

Onlayn iclasda komitə üzvləri Musa Qasımlı, İsa Həbibbəyli, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Şahin Seyidzadə və Fatma Yıldırım iştirak edirdilər.

Gündəlikdəki məsələnin müzakirəsi yekunlaşdıqdan sonra komitə sədri Bəxtiyar Əliyev koronovirusla mübarizədə deputatları daha diqqətli olmağa, özlərini və yaxınlarını qorumaq üçün pandemiya rejiminin tələblərinə həssas yanaşmağa çağırdı.

Bununla da Milli Məclisin Elm və təhsil komitəsinin iclası başa çatıb.


Etiketlər:  Dövlət təhsil müəssisələri üçün lisenziya tələbi aradan qaldırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ