Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məhəbbət bəşərilik məhəbbətidir

Bu məhəbbət bəşərilik məhəbbətidir

Tarix: 17 Iyun 2020 15:39

Bakı. Trend:

Dövlətə, dövlətçiliyə məhəbbətlə yaşamaq da bəşəriliyə xidmətdir, bu məhəbbəti yaşatmaq da...
Dövlətə, dövlətçiliyə məhəbbətə sədaqət də bəşəriliyə xidmətdir...
Hər əsər oxunmur.

Hər əsər oxuyanın (oxucunun) dünya duyumunun səyyarəsinə dönmür, oxuyanın (oxucunun) düşüncələrinin nizamına qoşula bilmir. Bu baxımdan ona cəmiyyətin – ictimaiyyətin düşüncə (düşüncələr) sisteminin gərəkli zərrəsi, bəlkə də gərəkli tərkib hissəsi deyilmir. Məfkurəvi mövzusu dövlətçiliklə bağlı olan hər əsər vətəndaşlıq heysiyyətinin işığını tamamlayan işığa dönür. Bu işıq bu günün deyil, tarixin işığı görkəmində sabahlara düşəsi (və düşəcək!) işıqdır. “Azərbaycanı dəyişən məhəbbət” kitabının söz işığı belə görünür...
Hər kitabın özünəməxsus mahiyyəti var.
Filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın “Azərbaycanı dəyişən məhəbbət” kitabı tarix haqqında publisistik kitabdır – olmuşları yaşatmaq missiyasıdır. Həmin olmuşlar bilavasitə dövlətçiliklə bağlı olduğuna görə bu missiya vətəndaşlıq missiyasıdır. Azərbaycanı dəyişən böyük məhəbbətə alim-vətəndaş məhəbbəti qətiyyətlə deyir: “Heç bir qərəzli dairə Azərbaycanla təzyiq dilində danışa bilməz!”.

Tarixin inkişafını xalqının gələcəyinə istiqamətləndirməyi bacaran böyük tarixi şəxsiyyətlərin tarixi fəaliyyətini tarixləşdirmək də bəşəriliyə xidmətdir. Belə xidmət əsgərin Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməsiylə müqayisə olunası xidmətdir. “Müasir dövrümüzün mühüm iqtisadi-siyasi və mənəvi-əxlaqi problemlərini dolğun əks etdirən” (akademik Nizami Cəfərov) “Azərbaycanı dəyişən məhəbbət” kitabı da bu amillərin kitabıdır...

Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın yaxın keşmişimizin tarixini yaşadılan (və yaşadılacaq!) “Azərbaycanı dəyişən məhəbbət” kitabına daxil edilmış məqalələrin bir hissəsi ulu öndər Heydər Əliyevə, bir hissəsi dövlətçilik memarı Ulu Öndər olan müasir Azərbaycanın inkişafını şərtləndirən amillərə həsr edilib...

“Gülüstan”, “Türkmənçay” müqavilələri ilə müstərilliyini itirən Azərbaycanda müstəqillik mübarizəsinin “qılıncı korşalmamışdı”. Bu mübarizə ruhun tarixlə mübarizəsi misallı idi və belə mübarizələrdə “azadlığı zərrə-zərrə, qram-qram istəməyənlər” tarixin ilhaq zəncirini parçalayır. 1918-ci ilin mayında Azərbaycan Demokratik Cümhuriyyəti, “Azərbaycanı dəyişən məhəbbət” kitabında deyildiyi kimi, “İstiqlal bəyannaməsi” ilə həyata vəsiqə aldı. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək hər cür bərabərsizliyi aradan qaldırdı.”

Bu kitab “Müasir Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir” tezisinin işığını mühafizə edən kitabdır...

Azərbaycanı Azərbaycan Demokratik Respublikası dəyişən məhəbbət kimi xatırladan bu kitab 90-cı illərdə milli-azadlıq hərəkatının Rusiya imperiyasına qarşı dönməzliyini əks etdirən kitabdır; məntiqi baxımdan Azərbaycanı həm də xalqın mübarizəsi dəyişdi fikri var bu dəyərli kitabda...

“1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi və bu, xalqımızın siyasi həyatında tarixi fakt oldu. Amma real olaraq müstəqil Azərbaycan Respublikası sərhəd müharibəsində itkilər verir və iqtisadi cəhətdən tənəzzülə doğru gedirdi” (“Xoşbəxt nəsil”), “XX əsrin 90-cı illərinin əvəllərində həm xaricdən, həm də daxildən müstəqilliyimizə qarşı qəsdlər hazırlanmışdı, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında idi, vətəndaş müharibəsinin başlanması təhlükəsi var idi, ölkədə nəzarətdən şıxmış silahlı qruplaşmalar tüğyan edirdi. Tarixin gedişatını fəhmlə dərk edən uzaqgörən lider siyasi nüfuzuna, zəngin dövlətçilik təcrübəsinə və xalqın ona olan inamına güvənərək böyük iradə nümayiş etdirdi, respublikda sabitliyə nail oldu” (“Azərbaycançılıq – birləşdirici ideya”), “Bütövlükdə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət Azərbaycanda sağlam təfəkkürlü, milli-mənəvi dəyərləri mənimsəmiş, Vətəninə, xalqına bağlı, sədaqətli gənclər ordusunun yetişməsini təmin edib. Azərbaycan gəncliyi mütərəqqi dəyərləri mənimsəyib, milli maraqlara, həmçinin milli-mədəni dəyərlərə uyğun möhkəm əqidəyə sahibdir” (“Azərbaycanda “Multikulturalizm ili”ndən sonra “İslam həmrəyliyi ili”nin elan olunması dünyaya mühüm bir çağıışdır”) kimi tezislər kitabın mahiyyətinin dərkinin söz-yolgöstərəni kimi oxunur, dərk edilir...
Azərbaycan dövlətçiliyi asılılıqdan xilas oldu – Azərbaycana məhəbbət Azərbaycanı dəyişdi...

Respublikada səriştəsizlik, hakimiyyət boşluğu, siyasi ambisiyalar, separatçılıq meyilləri Azərbaycan dövlətçiliyini labüd iflasla üzləşdirmişdi. Onda xalq ciddi təkidlə “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamının fəlsəfəsi ilə yaşayan böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdış bir məhəbbət idi və Azərbaycanı dəyişdi – Azərbaycan dövlətçiliyi yaşadı, bu məhəbbət Azərbaycan dövlətçiliyini tarixin cığırdaşı etdi; 1993-cü ildə Azərbaycanı xalqın Heydər Əliyev şəxsiyyətinə, Heydər Əliyevin dövlətçilik fenomeninə inamı dəyişdi, Ulu Öndərin azərbaycançılığa sədaqəti dəyişdi. Azərbaycanı böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursuna sədaqət dəyişdi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti dəyişdi, Azərbaycan dövlətçiliyinin tarixinə son olmayacaq!...

Gənclərin, bu sıradan ordu gənclərinin vətənpərvərlik tərbiyəsinin istər məzmun, istərsə də forma baxımından genişləndirilməsi, zənginləşdirilməsi çağdaş ədəbiyyatımızın da yerinə yetirməli olduğu missiyadır. Professor Nurlana Əliyeva ədəbiyyatşünas kimi bu missiyanın mahiyyətini məqalələrlə təzahür edən vətəndaşlıq formatlı azərbaycançılıqla yerinə yetirib. Bu azərbaycançılığın milli-mənəvi mahiyyəti dövlətçiliyə sədaqətdir, tolerantlıqla səsləşməsi yaddaşlara belə köçür: “... bəşəriyyətin yeni inkişaf mərhələsinə daxil olması gənclərdən dərin bilik, yüksək hazırlıq tələb edir. O, yeni texnologiyalardan baş açan, savadlı, zəkalı gənclərə dünyanın hər yerində ehtiyac var” (“Aprel döyüşləri Azərbaycan gəncliyinin vətənpərvərlik nümunəsi idi”), “Azərbaycanda uğurlu təhsil siyasətinin nəticəsidir ki, bu gün gənclərimiz öz bilik və bacarıqları ilə beynəlxalq miqyasda da ölkəmizi layiqincə təmsil edirlər...”.

Azərbaycanın müxtəlif tarixi dövrlərini bir qədər qürurla, bir qədər təəssüflə xatırlayan (və xatırladan) professor Nurlana Əliyeva zaman anlamında tarixin dünəni ilə sabahı arasında mənəvi analogiyalar verir ki, bu da yeniyetmələrin və gənclərin vətənpərvərlik duyğularının pərvərişinə alim-vətəndaş sayğısıdır. Bu sayğı böyük inama söykənir, bu böyük inam dövlətçilikdir: “Azərbaycanın müstəqilliyi dönməzdir. İndi bu müstəqilliyin maddi, iqtisadi və dövləti bazası da, həmin bazanı möhkəmlətməyə Prezidentimizin siyasi iradəsi də vardır. Bu iradə dünən də var idi, bu gün də var, sabah da olacaqdır!” (“Xoşbəxt nəsil”).

“Azərbaycanı dəyişən məhəbbət” kitabında fəlsəfi dilçilik məktəbinin banisi, alman dilçisi V.Humboldtun bir fikri xatırladılır. Bu fikir ana dilinə vurğunluğun ifadəsi kimi deyilib, belə xatırladılır, belə də oxunur: “Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir – bundan da güclü olan eynilik təsəvvür etmək çətindir” (“Qloballaşma dövründə Azərbaycan dilinin qorunması obyektiv sosial zərurətdir”). Alman dilçisinin bu fikri təkcə Almaniyada deyil, əksər dövlətlərdə dövlətçiliyə münasibətdə dəyərli istinad olub. Professor Nurlana Əliyevaya görə, ana dili millətin mənəvi diriliyidir (“Ana dili: milli varlığımızın ruhu”). Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dilinə müqayisəyəgəlməz məhəbbəti də, gənclərin ana dilinə sevgisi də onun azərbaycançılığının fövqündə dayanırdı. Müəllif bu amili qürurla xatırladır, “Ana dilimizin Cümhuriyyətə qədər keçdiyi tarixi yol”unun Heydər Əliyev tərəfindən böyük azərbaycançılıq sevgisi ilə davam etdirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndərin dil siyasətini də uğurla davam etdirdiyini Azərbaycanı dəyişən məhəbbət səviyyəsində bildirir...

Bu və ya digər mətləbin müəyyən nəzəri girişlə verilməsi həmin mətləbin dərkini həm asanlaşdırır, həm də onu ehtirama ünvan edə bilir. “Azərbaycanı dəyişən məhəbbət” kitabında belə bir məqam var: “Dünya dövlətlərinin mövcud təcrübəsinin təhlili göstərir ki, “birinci xanım” anlayışı ayrı-ayrı ölkələrdə dövlətçilik ənənələrindən, siyasi sistemdən, milli-mental dəyərlərdən və digər bu kimi amillərdən asılı olaraq müxtəlif səpgilərdə qəbul olunsa da, onun bütün ölkələr üçün eyni sayılan müəyyən parametrləri var. Bu da dövlətin birinci xanımının yüksək ictimai statusudur. Belə yüksək status isə ölkənin birinci ledisinin şəxsiyyətini daim ictimai maraq dairəsinə çevirir. Bu da miqyasına görə yalnız dövlət başçısına olan maraqla müqayisə edilə bilər” (“Milli dövlətçilik tariximizdə bir ilk”).

“Azərbaycanı dəyişən məhəbbət” kitabında ayrı-ayrı məqalələr də, tezislər də həyatın sözlə təsviridir, bu təsvir sevgidir, təəssübkeşlikdir, Azərbaycanı dəyişən məhəbbətə məhəbbətin təzahürüdür: “Milli ruh özünüdərkin, vətənpərvərliyin, qədirbilənliyin, sədaqətin, xeyirxahlığın, humanizmin, iradənin və digər mənəvi keyfiyyətlərin nəticəsi kimi formalaşır”; “Təhsil dəyərləri həm yaradır, həm qoruyur, həm də təkmilləşdirir” (“Təhsil: milli ruh, milli mühit”). Bu tezislər hardan qaynaqlanır? – “Təhsilin bəşəri və dünyəvi məzmunu Heydər Əliyev üçün dövlətçiliyin, yüksəlişin fundamental prinsipi idi” (“Azərbaycanda multikultural dəyərlərin təşəkkülü”). Bu tezislər “...təqlidlə yaşamaq daha rahat və asandır, mənəvi və iradi axtarışlara, çətin seçimlərə ehtiyac qalmır, amma məhz bu axtarışlar və seçimlər insanların mənəvi dünyasını zənginləşdirir” kimi qənaətlərin arqumenti hesab edilməlidir...

Professor Nurlana Əliyevanın “Azərbaycanı dəyişən məhəbbət ” kitabı tarixin kitabıdır...

Rəşid Faxralı


Etiketlər:  məhəbbət bəşərilik məhəbbətidir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ