Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 19:57
Bakı. Trend:
Cari il yanvarın 28-də Hacıqabul rayonunun Muğan kəndi ərazisində Ağdam rayon sakini Adil Kərimov avtomobillə vurulmuş və hadisə yerində ölmüşdür.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A.Kərimovun Qobustan rayon sakini O.Güləliyevin idarə etdiyi “MAN” markalı avtomobillə vurulduğu müəyyən edilib. Yol qəzasının törədərək hadisə yerindən yayınmış O.Güləliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Mərhumun qardaşı A.Kərimov ərizə ilə müraciət edərək hadisə baş verən gün, saat 1 radələrində, avtomobillə vurulmamışdan öncə mərhumun Muğan kəndi ərazisində naməlum şəxslər tərəfindən döyülərək üzərində olan 10 min ABŞ dollarının götürülməsi barədə məlumat verib.
Məlumatla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini E.Yusibov müəyyən edilərək saxlanılıb.
E.Yusibov A.Kərimovla Bakıdan Gəncəyə taksi ilə birlikdə getdiklərini, həmin zaman Adilin üzərində 10.000 ABŞ dollar olduğunu bildiyindən Muğan kəndi ərazisindəki yolüstü dayanacaqların birində quldurluq yolu ilə həmin pulu ələ keçirdiyini etiraf edib.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.