Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya iqtisadiyyatını "çökdürən" pandemiyadan kimlər milyardlar qazandı?

Dünya iqtisadiyyatını

Tarix: 18 Iyun 2020 21:12

İlin əvvəlində dünyanı sarsıdan koronavirus pandemiyası qlobal iqtisadiyyata mənfi təsir göstərməyə davam edir. İlk dəfə Çinin Uhan əyalətində qeydə alınan pandemiya 2008-ci ildən bəri dünya bazarında rekord həddə itkiyə səbəb olur. Virusun maddi qurbanına nəinki iş yeri və gəlirini itirən aztəminatlı təbəqə qrupları, həm də dünyanın ən varlı insanları oldu. Qısa müddət ərzində varlıların sərvətləri bir trilyon dollardan da çox azaldı.

Bu gün dünyanın əksər sakinləri oturub iqtisadi "çöküşü" seyr edərkən, bəziləri pandemiyadan milyardlarla dollar qazanırlar.

Milli.Az ted.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri mart ayının 11-də dünyada koronavirusun yayılmasının pandemiya miqyasına çatdığını açıqladılar. Son iki ay ərzində virusa yoluxan və ölənlərin sayı kəskin şəkildə artmağa davam etdi. Martın əvvəlində 114, sonlarında isə 216 ölkədə koronavirusa yoluxma faktı qeydə alındı. Xəstəliyin eksponensial yayılmasının qarşısını almaq üçün dünya dövlətləri, o cümlədən Azərbaycan sərt karantin və özünü təcrid rejiminə keçdi. Müəssisələr kütləvi şəkildə fəaliyyətini dayandırdı, insanlar işsiz qaldı və ya məsafədən işə başladılar. Ümumilikdə virusa görə tətbiq olunan məhdudiyyətlər dünya əhalisinin üçdə birinə ciddi təsir göstərməkdə davam edir. Qlobal miqyasda tətbiq olunan karantin rejimi yüz minlərlə insanın həyatını xilas etsə də, iqtisadiyyata baha başa oturdu. Epidemiyadan təsirlənən əsas sahələr ticarət, nəqliyyat, turizm və xidmət sektoru oldu. Sərhədlərin bağlanmasına görə minlərlə uçuş ləğv edildi. Aviaşirkətlər ləğv olunan uçuşların bilet pulunu müştərilərə qaytarmağa məcbur oldular. Bəzi proqnozlara görə, dövlətlərin maliyyə yardımı olmasa, aviakompaniyalar iflas edə bilər.

Təhlükə altında qalan sahələr sırasında restoran işi, idman və əyləncə sənayesi də yer alır. Beynəlxalq premyeralar, film çəkilişləri, konsertlər, musiqi festivalları və idman müsabiqələri kütləvi şəkildə təxirə salınır. Beynəlxalq Valyuta Fondunun son açıqlamasında işgüzar fəallığın kəskin azalması və bunun dünyanı tənəzzülə aparması xüsusi olaraq vurğulanır.

Lakin bəzi sənaye sahələri böhran zamanı zərərlərdən qaçmaqla yanaşı, yeni bazar şərtlərinə uyğunlaşaraq milyardlarla gəlir əldə etməyi də bacardı.

Video konfrans xidmətləri göstərən şirkətlər, xüsusən də Zoom servisi koronavirus böhranınından faydalanan kompaniyalar sırasında ilk yerlərdə gəlir. Xidmət çoxlu sayda insana video ilə ünsiyyət qurmağa imkan verir. Buna görə də məsafədən iş, distant təhsil verən qurumların sözügedən servisə müraciəti kütləvi hal aldı. Özünü təcrid rejimi dönəmində bir çox insan Zoom proqramını gəlir əldə etmək fürsətinə çevirdi. Məsələn, mikro biznesin nümayəndələri və "freelance" işləyənlər, psixoterapevtlər, bələdçilər, müəllimlər, idman, yoqa sektorunun nümayəndləri fəal şəkildə Zoom-a axın etdilər.

Koronavirus zamanı tətbiqin yüklənmə sayı, səhmlərinin qiyməti iki dəfədən çox artdı. Yanvar ayında Zoom səhminin qiyməti təxminən 68 dollar idisə, may ayının ortalarında bu rəqəm 167 dollardan da bahalaşdı. Sözügedən proqramın bazar kapitallaşması 49 milyard dollara çatdı. Şəxsi zənglərin, video yazıların şəbəkəyə "sızması", tətbiqdə aşkarlanan boşluqlar belə Zoom-un məşhurluğuna və gəlirinə mane olmurdu. Zoom proqramının qurucusu Eric Yuan dünyanın ən varlı insanların siyahısına addım-addım yaxınlaşaraq, Forbes jurnalı tərəfindən tərtib olunan milyarderlər siyahısına daxil oldu. O, hazırda 8 milyard dollar sərvəti ilə 205-ci yeri tutur. Zoom koronavirus dönəmində pul qazanmağı bacaran yeganə xidmət deyil. Pandemiya dövründə populyarlıq qazanan daha bir servis video zəng xidmətləri təqdim edən Slack korporativ messenceridir. May ayında Slack səhmləri il ərzində ən yüksək həddə - 31.5 dollara çatdı.

Koronavirusun inkişafına təkan verdiyi digər bir sahə onlayn əyləncə sənayesi oldu. Karantin elanının ardından insanlar film və TV şoularını izləməyə, musiqi dinləməyə, onlayn video oyun oynamağa imkan verən xidmətlərdən aktiv şəkildə istifadə etməyə başladılar. Bu xidmətlər arasında pandemiyadan ən çox faydalananlar Netflix və YouTube oldu. İstifadəçi axını o qədər artdı ki, şirkətlər filmlərin, TV şoularının və videoların keyfiyyətini müvəqqəti olaraq azaltmalı oldular. Onlayn xidmətlərə artan tələb avtomatik onların səhmlərinin qiymətinə də müsbət təsir göstərdi.

Məcburi karantin dönəmində kompüter oyunları sənayesi də yüksəliş fırtınası yaşadı. Telekommunikasiya nəhəngi Verizon-a görə, mart ayında oyun platformalarında trafik 75% artıb. Müqayisə üçün: həftəlik film izləməsi koronavirusdan əvvəlki dövrlə müqayisədə 32%, video izləmə isə 36%-ə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, kompüter oyunları yalnız əyləncə yolu olmadı. Eyni zamanda, insanları evdə qalmağa sövq edərək virusun yayılmasını nəzarətdə saxladı.

Bunun ardınca təşkilat virtual oyun sənayesinin nəhəngləri ilə #PlayApartTogether (#məsafədən oynayın) kampaniyasına başladı. Kampaniyaya Activision Blizzard (Call of Duty, Guitar Hero, Warcraft, Diablo) kimi şirkətlər qoşuldu. ÜST-ün bu qərarı olduqca təəccüb doğurdu. Çünki bir il əvvəl sözügedən qurum insanların video oyunlardan asılılığını xəstəlik kimi tanımışdı.

Şübhəsiz ki, koronavirusla əlaqəli vəziyyətdən faydalananlar arasında əczaçı şirkətləri də yer alır. Bu gün epidemiya kontekstində xəstəliyin müalicəsi üçün axtarış bir nömrəli mövzudur. Buna görə böhran əczaçı müəssisələrin böyüməsinə maneə deyil.

Məsələn: bazarda bir ilk olan remedesivir dərmanını koronavirusa qarşı effektivliyi üçün sınaqdan keçirən Gilead Science dərman şirkətinin səhmi yanvar ayının əvvəlində 65 dollardan 77 dollara qədər qalxdı. Aprelin sonlarında məlum oldu ki, dərman ağır xəstələr üzərində koronavirusla mübarizədə effektivdir. Bu xəbərdən sonra şirkətin səhmi 84 dollara qədər bahalaşdı. Yalnız Gilead Science deyil, bu şirkətin rəqibləri olan İnovio Pharmaceuticals, Moderna, Amerika və Almaniyanın əczaçılıq nəhəngləri Pfizer və BioNTech-in də qazananlar sırasında yer aldı.

Virusdan biotexnoloji şirkətlər və onlayn pərakəndə satıcıları da faydalandılar. Əsasən də dezinfeksiyaedici maddələrə və qoruyucu maskalara tələbatın artması istehsalçı şirkətlərin satışlarını artırdı.

Satış deyərkən onlayn ticarət sektorunun nəhəngi Amazon şirkətini xüsusi qeyd etmək lazımdır. Pandemiya dönəmində şirkətin satışları, sifarişləri pik nöqtəyə çatdı. 100 min vakasniya elan edən Amazon şirkəti pandemiya fonunda anbar işçiləri və kuryerlərə tələbatın çoxaldığını bildirdi. İş yükünün çoxalması bəzi işçilərin maaşlarını da artırdı. Amazon-nun müvəffəqiyyəti bir daha dünyanın ən varlı adamı olaraq tanınan qurucusu Jeff Bezos-un bazar çöküşündən müvəffəqiyyətlə çıxmasına və 100 milyard dollardan çox sərvəti ilə dünyada yeganə iş adamı olaraq qalmasına imkan verdi. Forbes-in məlumatına görə, Bezosun şəxsi kapitalı 143,7 milyarda çatır.

Kütləvi şəkildə məsafədən iş rejiminə keçid, distant təhsil, onlayn alış-veriş bütün dünya ölkələri üçün əsl sınağa çevrildi. Bu sınaq postpandemiya dövrü üçün böyük və faydalı təcrübə qazandırdı. Pandemiyanın nə qədər davam edəcəyi, virtual dünyanın hansı mərhələyə qədər effektiv olacağını demək çətindir. Lakin bir nüansı dəqiq demək olar, COVID-19 virusu planetin iqtisadi mənzərəsini əbədi olaraq dəyişdi.

Milli.Az


Etiketlər:  Dünya iqtisadiyyatını çökdürən pandemiyadan kimlər milyardlar qazandı


RƏYLƏR