Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 11:22
2019/20 mövsümünün qalibi “Qarabağ”a çempionluq kuboku və qızıl medalın budəfəki təqdimat mərasimi məyus və kədərli ab-havada keçdi. Düzdür, bir gün əvvəl Peşəkar Futbol Liqası elan etmişdi ki, bütün karantin qaydalarına əməl edilməklə, medianın da iştirakı və “CBC Sport” canlı yayımlamaqla mükafatlandırma mərasimi olacaq. 10-15 saat sonra isə bəlli oldu ki, bəs, tədbirin formatı dəyişib, mükafat yalnız klubun rəhbərliyinə, baş məşqçi və kapitana təqdim ediləcək.
Bizə çatan xəbər odur ki, PFL-in, yəni Ramin Musayevin ilkin qərarının dəyişdirilməsinə AFFA-nın baş katibi Elxan Məmmədov səbəb olub. Əsas kimi koronavirusa mümkün yoluxma riski göstərilib. Elxan bəyin bunun üçün haqlı səbəbi ola bilər. Amma əgər bir futbol qurumunun verdiyi qərarı daha üst qurum heç bir sutka keçmədən ləğv edirsə, bu o deməkdir ki, həmin təşkilatlar arasındakı əlaqələrdə sistemsizlik, nizamsızlıq var.
Beləliklə, bütün bunlardan sonra dünən “Azərsun Arena”da futbol tarixinin yəqin ki, ilk və bəlkə də sonuncu sönük bir tədbiri keçirildi. Mən bu quru hadisəni bilərəkdən mükafatlandırma, təqdimetmə adlandırmıram. Çünki birinci dəfə idi ona şahid olurdum ki, hamı mükafatını gedib özü götürürdü. Və hamı deyərkən, heç də elə fikirləşməyin ki, söhbət onlarla futbolçudan, klub personalından gedir. Tədbirin iştirakçılarının əhatə dairəsi o qədər kiçik idi ki, onların adlarını sadalamaq yorucu olmayacaq.
PFL-dən: Ramin Musayev, Aslan Şahgəldiyev və Elgiz Abbasov.
“Qarabağ”dan: Tahir Gözəl, Əmrah Çelikel, Qurban Qurbanov, Asif Əsgərov, Rəşad Sadıqov, Mahir Emreli (bombardir kimi).
Aha, indi siz sual verirsiniz ki, bəs, nə əcəb siyahıda AFFA-dan adam yoxdur? Ona görə ki, yüzdən çox işçisi olan həmin təşkilatın nə rəhbər, nə sürücü, nə də kuryer heyətindən bir adam belə tədbirə göndərilməmişdi. Təsəvvür edin, ölkənin çempionu mükafatlandırılır, amma ali futbol qurumundan ora gələn olmur. Yəqin qorxublar ki, tədbirə toplaşanların hamısı, Allah uzaq eləsin, koronavirus daşıyıcısıdır...
Amma kaş ki, Azərbaycanda hər bir sahədə karantin qaydalarına dünənki tədbirdə olduğu kimi əməl edilə idi. Mən dünən bir anlıq həqiqətən elə fikirləşdim ki, nümunə kimi göstərilən Almaniyadayam.
Stadionda ümumən 30-40 nəfər olardı, ya olmazdı. Hər birinin ağzında da maska. Sona qədər sosial məsafəni gözlədilər. Daha da müsbət məqam odur ki, bir neçə aydır bir-birini görməyən şəxslər klassik Azərbaycancansayağı tərzdə bir-birilərini o üz, bü üz öpmədilər. Hamı yumruqlarını toqquşdurmaqla görüşdü (kişilərin təqdir olunası yeni salamlaşma üsulu).
Sonra da heç atəşfəşanlıq, təmtəraq və təbii ki, tribunanın bəzəyi – azarkeşlər olmadan kubok və medallar kluba təqdim edildi. Təxminən 10-15 dəqiqə davam edən tədbirdən sonra hamı məyus ovqatda arenanı tərk etdi.
Bu, koronavirusa görə dayandırılmış çempionatımızın sanki hüznlü yekun idi...
Aydın BAĞIROV
[email protected]