Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 16:00
Bakı. Trend:
Bişkekin Pervomaysk rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev barədə hökm çıxarıb.
Trend-in məlumatına görə, Almazbek Atambayev “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, həmçinin kütləvi iğtişaşlar törətmə, hökumət qüvvələrinə qarşı güc tətbiq etmə, dövlət çevrilişi, korrupsiya, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmə və digər cinayətlərdə ittiham olunub.
Prokurorluq eks-prezidentin həbs müddətini 15 il tələb etsə də, məhkəmə dövlət mükafatları və əmlakı müsadirə olunmaqla onun 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar verib.
Xatırladaq ki, ötən il avqustun 7-8-də sabiq prezidentin həbs edilməsi ilə bağlı keçirilən əməliyyatda 136 nəfər xəsarət alıb, xüsusi təyinatlı qüvvələrin bir əməkdaşı həlak olub. Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılıb.
Sabiq prezident 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.