Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 18:00
Azərbaycanda COVİD-19-a yoluxanların sayının artması ilə əlaqədar, ağciyərlərin kompüter tomoqrafiyasına (KT) göndərilən xəstələrin sayında artım var. Bu barədə radioloqlar məlumat verirlər.
Sonxeber.net oxu.az-a istinadənxəbər verir ki, özəl klinikalardan birinin rentgenoloqu, 13 ildir KT və MRT (Maqnit Rezonans Tomoqrafiyası) kimi rentgenoqrafiya metodları ilə müxtəlif xəstəliklərə diaqnoz qoyan Müseyib Şərifzadə 16 saatlıq iş günləri barədə media.Az-a danışıb.
Onun sözlərinə görə, iyunun 10-dan başlayaraq, gündə 100-dən çox pasiyent ağciyərlərin KT-si üçün onlara müraciət edir.
"Təcrübəmdə bunu ilk dəfədir görürəm. Xəstələrin 70 faizi COVİD-19-a yoluxanlardır, onların ağciyərlərinin KT müayinəsi sətəlcəm və "tutqun şüşə" sindromunu göstərir. Gündə bir neçə dəfə ağciyərlərinin 80 faizi olmayan xəstələrə rast gəlirik. Hətta iş o yerə çatıb ki, normal ağciyərlər görəndə bunu qeyri-adi bir şey kimi qəbul edərək, təəccüblənirik", - deyə, M.Şərifzadə bildirib.
Digər bir çox həmkarı kimi, M.Şərifzadə də praktiki olaraq istirahət etmədən təhlükəli xəstə kateqoriyası ilə işləyir:
"Biz həkimlər vətəndaşlarımız naminə bu cür şərtlərə şüurlu şəkildə razılaşırıq. Özüm də may ayında koronovirusa yoluxub sağalmışam, amma indi yenidən sıradayam. Bəziləri bizim işimizi lazımınca qiymətləndirmir, öz maraqlarımız naminə və ya sadəcə, rəhbərliyin göstərişlərinə görə işlədiyimizi güman edir. Lakin yeganə məqsədimiz virusun yaxınlarımıza, valideynlərimizə sirayət etməməsi üçün koronavirus xəstələrinin sayını azaltmaqdır. Vətəndaşlar profilaktik tədbirlərə laqeyd yanaşmağı dayandırmalıdırlar. Təəssüf ki, çoxları bu xəstəliyə inanmırlar. Hər gün yüzlərlə insanın ağciyərlərini görürük - vəziyyət, sadəcə, acınacaqlıdır".
Həkimin sözlərinə görə, o, koronavirusu siyasət hesab edən xəstələrlə də qarşılaşır.
"Biz onlarda sətəlcəm aşkar etdikdə belə onlar COVİD-19-a inanmırlar. Bu çətin günlərdə karantin rejiminin qaydalarına riayət etmək çox vacibdir. Əgər yoluxsanız, ünsiyyətdə olduğunuz bütün insanları, ilk növbədə doğmalarınızı və yaxınlarınızı ardınızca çəkəcəksiniz, onların arasında xroniki xəstəlikləri olan yaşlı insanlar da ola bilər. Ümumiyyətlə, açıq şəkildə başa düşməliyik ki, pandemiya ilə bağlı vətəndaş mövqeyimiz dəyişməsə, getdikcə daha çox soydaşımızı itirəcəyik", - deyə, Müseyib Şərifzadə sözlərini yekunlaşdırıb.