Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 09:00
Bakı. Trend:
İyunun 13-14-də Strasburqda Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsinin, habelə müşahidəçi statusunda olan beynəlxalq təşklilatların iştirakı ilə geniş tərkibdə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 32-ci plenar iclası keçirildi.
İclasın bir hissəsi Avropa İnsan Hüquqları Məhkəməsi ilə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası arasında əməkdaşlıq məsələləri və həmin komissiyanın məhkəmənin işinin yaxşılaşdırılmasında roluna həsr olundu. Avropa Məhkəməsinin yeni seçilmiş sədri Linos-Aleksandre Sislianosun rəhbərlik etdiyi 10 hakimdən ibarət nümayəndə heyəti müzakirələrdə fəal iştirak etdi.
Qeyd edək ki, Avropa Şurasının ən mötəbər monitorinq və məşvərətçi qurumlarından olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının yaradılmasının əsas səbəbi məhz Avropa Məhkəməsinin həddindən artıq yüklənməsi olmuşdur. Məsələn, 2018-ci ildən cari ilə keçən qalıq işlərin sayı 56.000-dir. CEPEJ-in fəaliyyətinin ümdə məqsədi 47 üzv dövlətin milli məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətinin artırılması və bununla Avropa Məhkəməsinin iş yükünün üstmilli səviyədən milli səviyyəyə keçirilməsidir.
Avropa İnsan Hüquqları Məhkəməsinin Belçika, Hollandiya, Rusiya, Ermənistan, Kipr, Polşa, Litva, Monteneqro, Albaniya, İtaliyadan olan hakimləri müzakirələrdə iştirak edərək Avropa Şurasının iki qurumu arasında əməkdaşlığın daha da intensivləşdirilməsi barədə öz təkliflərini verdilər.
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti həmyerlimiz Ramin Qurbanovun sədrliyi ilə aparılan bu iclasda Avropa Məhkəməsinin qərarlarında CEPEJ-in rəhbər qaydaları və digər sənədlərinə hakimlər tərəfindən istinad olunması zəruri bilinmişdir.
Eyni zamanda, iclasda Avropa Şurasının üzv dövlətlərində məhkəmə sistemlərinin səmərəliliyinin artırılması məqsədilə müxtəlif rəhbər sənədlər, o cümlədən Elektron ədliyyənin yaradılmasına dair Təlimat Toplusu, Mediasiya ilə bağlı milli qanunvericiliyin hazırlanmasına dair Avropa Təlimatı, Mediatorlarla bağlı tədris proqramlarının tərtibinə dair Rəhbər Qaydalar təsdiq olundu.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin