Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspertdən vətəndaşlara çağırış: Sosial media resurslarına qarşı hücumlar artıb

Ekspertdən vətəndaşlara çağırış: Sosial media resurslarına qarşı hücumlar artıb

Tarix: 17 Iyul 2020 17:08

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkənin kiber mühitində təhdidlərin artdığı müşahidə olunur. Vətəndaşların və müxtəlif qurumların sosial media resurslarına, internet media qurumlarına qarşı kiber hücumlar güclənib.

Trend-in məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) bu arada fəaliyyətini gücləndirməlidir.

O, informasiyaların təhrif olunması məsələsinə də toxunub. Qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribat nəticəsində döyüşlərin getdiyi bir məqamda sosial medianı izləyəndə açıq-aşkar görmək olur ki, faktları təhrif etməklə, bəzən fərqində olmadan və bəzən də bilərəkdən yanlış ictimai fikir formalaşdırmaq istəyənlər var:

“Düşmən tərəf informasiya müharibəsində üstünlük əldə etmək üçün bütün imkanlardan istifadə etməyə çalışır. Onlar Azərbaycan dilli sosial mediada qarışıqlıq, çaşqınlıq və inamsızlıq mühiti yaratmağa, ölkəmizdə, regionda və beynəlxalq aləmdə yanlış ictimai fikir formalaşdırmağa çalışırlar.

Bu məqsədlə Azərbaycan dilini yaxşı bilən ermənilər tərəfindən azərbaycandilli sosial media resursları yaradılır və bu resurslar vasitəsilə dezinformasiyaların linkləri paylaşılır.

Müasir dünyanın çağırışları elədir ki, informasiya təhlükəsiziliyi cəmiyyətin mövcudluğu və dövlətçilik üçün mühüm əhəmiyyət kəsb edir. Sosial mediada təxribat xarakterli fəaliyyətin qarşısı dərhal alınmalıdır.

İndiki şəraitdə "like" xətrinə, operativ görünmək xətrinə doğru-dürüst olmayan informasiyaların paylaşılması, döyüş gedən bölgələrdən düşmən üçün faydalı ola biləcək məlumatlatın yayılması yolverilməzdir.

Unutmamalıyıq ki, düşmən tərəf bizim sosial medianı elə real vaxtda izləyir. Düşünürəm ki, sərhədlərimizdə ağır döyüşlərin getdiyi bir məqamda vətəndaş cəmiyyəti və media, ictimai fəallar, sosial media fəalları birgə fəaliyyət göstərməli, dezinformasiyaların qarşısı birgə alınmalı, çaşqınlıq və ruh düşkünlüyü yaradanların qarşısını birgə almalıyıq”.

O.Gündüz, həmçinin qeyd edib ki, son günlərdə bir sıra xəbər saytlarımıza kiber hücumlar olub: “Nəticədə bu informasiya resurslarının fəaliyyətində müyyən problemlər yaşanıb. Ümumiyyətlə, Ermənistanla müharibə şəraitində olan ölkəmizin milli informasiya resursları zaman-zaman bu tip kiber hücumlara məruz qalır. Müharibənin getdiyi indiki zamanda isə aparıcı informasiya resurslarımızın, onların sosial media mənbələrinin dayanıqlığı ciddi əhəmiyyət kəsb edir.

Son müharibələrin də tarixi göstərir ki düşmən tərəf əsas informasiya resurslarını sıradan çıxarmağa ciddi önəm verir. Bu arada xarici dillərdə informasiya yayan bizim milli resurslarımıza qarşı kiberhecumların daha da kəşkinləşəcəyini gözləmək olar.

Ön cəbhədə aktiv döyüşlər getdiyi bir zamanda informasiya məkanında da müharibənin kəskinləşəcəyi qaçılmazdır. Düşmən hər vasitə ilə informasiya resurslarımızın normal fəaliyyətini əngəlləməyə, imkan olarsa, sıradan çıxarmağa çalışacaq.

Auditoriyası geniş olan informasiya resursu sahibləri isə daha diqqətli olmalıdır. Bu resursların dayanıqlığı bir informasiya təhlükəsizliyi məsələsidir. Vətəndaşlarımız ilk informasiyanı, doğru düzgün informasiyanı məhz bu resurslardan alırlar. Bu isə ictimai fikrin, əhval-ruhiyyənin formalaşmasında mühüm rol oynayır.

Düşünürəm ki, müharibə şəraitində olan ölkənin informasiya resursunun təhlükəsizliyinin təminatını yalnız bu resurs sahiblərinin üzərinə atmaq da doğru olmazdı.

Əlbəttə, öncə xəbər saytlarının rəhbərləri öz resurslarının təhlükəsizliyinin qayğısına qalmalıdırlar. Sahə üzrə peşəkar mütəxəssislər cəlb edilməlidir. Alternativ data mərkəzlərdən istifadə edilməli, daim monitorinq aparılmalı, resursun ehtiyat variantları çıxarılmalıdır, əməkdaşların elementar təhlükəsizlik qayydalarına əməl etməsi təşkil edilməlidir.

Bununla belə, düşünürəm ki, milli informasiya resurslarımızın təhlükəsizliyinə hökumət də diqqət yetirməli, dəstək göstərməlidir”.


Etiketlər:  Ekspertdən vətəndaşlara çağırış Sosial media resurslarına qarşı hücumlar artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ