Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 20:27
"Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə müddətli əlavə iş vaxtına/saatına mütənasib olaraq ödənilir".
Sonxeber.net "BakuPost"a istinadən bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən verilən məlumata görə, sözügedən işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği belə müəyyən edilib:
Tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində
Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində
Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində
Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu isə belədir: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.
1.Maaşın 3 misli ilə bağlı hesablamaya aid nümunə:
Poliklinikada çalışan tibb qardaşının 5-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 294 manatdır. Tibb qardaşı koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 400 manat 91 qəpik müddətli əlavə almalıdır. 400.91 = ((294 / 22) x 10) x 3.
2.Maaşın 4 misli ilə bağlı hesablamaya aid nümunə:
Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389.76 = ((406 / 25) x 6) x 4.
3.Maaşın 5 misli ilə bağlı hesablamaya aid nümunə:
Xəstəxanada çalışan həkim infeksionistin 13-cü dərəcə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487.20 = ((406 / 25) x 6) x 5.
Qeyd edək ki, nümunələrdə göstərilən bütün yekun məbləğlərdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.
Agentlikdən verilən məlumata görə, mart ayı üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21634 tibb işçisinə, 2386 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat,
aprel ayı üzrə isə 10354 tibb işçisinə, 2734 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 13.9 milyon manat,
may ayı üzrə 8376 nəfər tibb işçisinə, 2476 nəfər qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.
May ayı üzrə hesabat sabah yekunlaşacaq.