Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2020 12:00
Sonxeber.net bildirir ki, Teleqraf.com-un "Tanımadığımız azərbaycanlılar" rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz bu şəxsiyyət Azərbaycan və Türkiyə hərb tarixinin ən məşhur simalarından biridir.
Cahangir bəy Novruzov (Cahangir Bərkər) - azərbaycanlı general. Türkiyə Silahlı Qüvvələrinin generalı, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun topçu və tabor komandiri. Türkiyədə soyadını "Bərkər" olaraq dəyişdirib.
Novruzovlar
1894-cü ildə Bakıda hərbçi ailəsinə doğulub. Əsli Tovuzun Qovlar kəndindəndir. O dönəmdə Novruzovlar Azərbaycanda seçilmiş nəsil hesab olunurdu. Azərbaycanın hərb tarixində öz yerləri olan general-leytenant Mirzə Hacı bəy Novruzov, polkovnik Kərim bəy Novruzov, general-mayor Teymur bəy Novruzov, mayor Rüstəm bəy Novruzov bu nəslin nümayəndələridir.
Cahangir bəy Novruzov 1917-ci il Oktyabr inqilabından sonra bir müddət Tiflisdə yaşayır. Burada Sultan Məcid Qənizadə ilə tanış olur. Qənizadə onu Məhəmməd Əmin Rəsulzadə və Fətəli Xan Xoyski ilə tanış edir. 1918-ci ilin aprelində Tiflisdə həbs olunur. Azərbaycan Milli Hərəkatının üzvlərinin köməyi ilə həbsxanadan sərbəst buraxılır və Gəncəyə göndərilir.
Müstəqillik dövrü
1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra qardaşları Teymur bəy Novruzov və Kazım bəy Novruzov, eyni zamanda əmisi Rüstəm bəy Novruzovla birlikdə cümhuriyyət ordusuna qatılır. Əlahiddə Azərbaycan korpusunun sıralarında Qafqaz İslam Ordusu ilə birlikdə sentyabrın 15-də Bakıya azadlıq yürüşündə iştirak edir.
Bakının işğaldan azad olunmasından sonra Dağlıq Qarabağın işğaldan qurtarılmasına qatılır. Həmin vaxt Cəmil bəy Cahid Qafqaz İslam Ordusuna komandanlıq edirdi. Cahangir bəy Novruzov baş-leytenant rütbəsi ilə Azərbaycan divizyasının sıralarında idi. Oktyabrın 4-də Qafqaz İslam Ordusu Ağdamdan Şuşaya doğru hərəkətə keçdi. Oktyabrın 6-da Əsgəran və Şuşa arasında yerləşən Əyrikənd ətrafında şiddətli qarşıdurma baş verdi. Cahangir bəyin rəhbərlik etdiyi topçu batareyası ilə yanaşı, Azərbaycan diviziyasının digər topçu birlikləri Əyrikənd ətrafındakı düşmən qüvvələrini darmadağın etdi. Beləliklə Şuşaya gedən yol açıldı. İki gün sonra Qafqaz İslam Ordusu Şuşaya daxil oldu.
Cahangir bəy həmin günlərdə Qarabağ və Zəngəzurda azərbaycanlıları soyqırıma məruz qoyan ermənilərə qarşı savaşda iştirak edib. Onun bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında böyük xidmətləri vardı.
Ermənilərin növbəti məğlubiyyəti
1920-ci il martın 21-də - Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri gözlənilmədən hücuma keçərək postlardakı əsgərləri öldürür və Əsgəranı ələ keçirirlər. Beləliklə, Xankəndi və Şuşada yerləşən hərbi qarnizonlar çətin duruma düşür. 1920-ci il martın 26-da Azərbaycan ordusu bölgədə genişmiqyaslı əməliyyatlara başlayır. Milli ordunun gənc zabiti Cahangir bəy Novruzov topçu batareyası ilə bu savaşa qatılaraq böyük qəhrəmanlıq göstərir. Əsgəran ətrafında başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə başa çatır. Əsgəran qalası ilə yanaşı, Qarabağın digər əraziləri də işğalçılardan azad edilir və düşmən qüvvələrinə ağır zərbələr endilir.
İşğal dövrü
Cahangir bəy 1920-ci il aprelin 28-də Azərbaycanın ruslar tərəfindən işğal edilməsinə etiraz olaraq may ayının sonlarında Gəncədə başlayan qiyama qatılır. Bir həftə davam edən şiddətli döyüşlərdən sonra qiyam qəddarlıqla yatırılır. Qiyamdan sonra ruslar və ermənilər Gəncədə qanı su yerinə axıtdılar. Cümhuriyyət ordusunun 12 generalı, 27 polkovniki, 46 kapitanı, 146 giziri, 267 digər rütbəli hərbçisi, o cümlədən minlərlə əsgəri bolşeviklər tərəfindən güllələnir.
Gəncə qiyamından sonra - 1921-ci il iyunun 5-də Nuru Paşanın komandanlığı ilə Qarabağda bolşeviklərə qarşı qiyam qaldırılır. Novruz bəy Gəncə qiyamında xilas olan dostları ilə döyüşlərə qatılır. Qarabağdakı qiyam da xüsusi amansızlıqla yatırıldıqdan sonra Cahangir bəyin komandiri olduğu topçu batareyası Azərbaycan ordusunun süvari və piyada alaylarının sağ qalan hərbçiləri ilə birlikdə polkovnik Nuh bəy Sofiyevin komandanlığında geri çəkilərək Araz çayından Güney Azərbaycana daxil olurlar.
Türk ordusunun sıralarında
Makudan Türkiyəyə keçərək Şərqi Bəyaziddə yerləşirlər. 1920-ci ilin iyun ayının sonlarında Həsənqalaya hərəkət edirlər, daha sonra Ərzurumda qərar tuturlar. Burada bir müddət qaldıqdan sonra Türkiyə parlamentinin qərarı ilə 56 nəfər Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq ordusunun sıralarında qəbul edilir.
Azərbaycan hərbi birliyinin Türkiyə ordusuna qatılması ilə bağlı xəbəri 1920-ci il iyulun 8-də İsmət İnönü ictimaiyyətə açıqlayır. Cahangir bəy 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən azad edilməsi ilə başa çatan "Şərq" əməliyyatlarında qəhrəmancasına savaşır. Sarıqamış, Qars və Gümrünün geri alınmasında iştirak edir. Qarsın Bənli Ahmet kəndi yaxınlığında top atəşləri ilə düşmən təyyarələrini geri qaytarması ilə diqqəti öz üzərinə çəkir. Qars yaxınlığında baş verən döyüşlərdən birində ağzından qəlpə yarası alır. Əməliyyatlar başa çatdıqdan sonra Qərb cəbhəsinə göndərilir. Burada İzmirin yunan işğalından azad olunması ilə başa çatan əməliyyatlarda iştirak edir. Türk Azadlıq Savaşında göstərdiyi cəsarətlərə görə, Cahangir bəy Mustafa Kamal Atatürk tərəfindən "İstiqlal" medalı ilə təltif olunur. Savaşdan sonra Ağrı bölgəsində erməni qiyamlarının yatırdılması əməliyyatlarına qatılır.
Savaşlardakı şücaətinə görə türk komandanlığı ona "Bərkər", yəni "cəsur", "igid" ləqəbini verir. 1928-ci ildə təhsilini artırmaq üçün hərbi məktəbə daxil olur.
Azərbaycan həsrəti
Cahangir bəy Ərzurumda xidmətdə olduğu dönəmdə Osmanlı parlamentinin millət vəkili olmuş mərhum Məhmət Arzak bəyin qızı Vəsfiyyə xanımla tanış olur. 1929-ci ildə onunla ailə həyatı qurur. Güngör, Günaç və Aynur adında üç qızları dünyaya gəlir.
Ömrünün 38 ilini Azərbaycan həsrəti ilə yaşayan general 1958-ci il iyulun 20-də vəfat edir.