Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 11:42
"Küçə siyasətçisi" kimi tanınan Nikol Paşinyan təxəllüsünün hər ötən gün haqqını verməkdə davam edir. Bu, son olaraq ermənilərin Tovuzun Ağdam kəndi istiqamətində törətdikləri təxribatlar zamanı öz təsdiqini tapdı. Əli yalın, dinc sakinləri vurmaq əmri verən Paşinyan Azərbaycan ordusunun daha irimiqyaslı həmlələri ilə qarşılaşdı.
Koronavirusla bağlı ölkədəki acınacaqlı durumdan vətəndaşlarının diqqətini yayındırmaq, köhnə iqtidarın yeni müxalifətlə birləşmək cəhdlərini ləngitmək, kürsüsünü özündən qabaq hakimiyyətdə olan dövlət başçıları kimi məhz Azərbaycanla sərhəddə gərginlik yaratmaq yolu ilə qorumağa çalışan Paşinyanın planları suya düşdü.
Siyasi rəqiblərini Azərbaycana qarşı ətrafında sıx birləşməyə çalışan Paşinyan ölkədə yeni etiraz dalğasının əsasını qoydu. Ermənistan silahlı birləşmələrinin Tovuz istiqamətindəki təxribatı Azərbaycanın adekvat və irimiqyaslı cavabı ilə nəticələndi. Hətta Paşinyan üzvü olduqları KTMT-yə (Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müraciət edərək dərhal təşkilatın iclasının keçirilməsinə də nail ola bilmədi. Çünki KTMT artıq yaxşı dərk edir ki, işğalçı dövlət kimdir, kimin torpaqları işğal altındadır.
Əksinə, Azərbaycanı dərhal bir sıra dövlətlər, Azərbaycanın müttəfiqləri, beynəlxalq təşkilatlar dəstəklədi. 3 gün öncə isə Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Minskdə keçirilən geniştərkibli son iclasında Ermənistanın Baş naziri Azərbaycan Silahlı Qüvvələri ilə son döyüşlərdə məğlub olduqlarını etiraf edib. Onun sülh danışıqlarına alternativ variantın olmadığı barədə açıqlaması hakimiyyətdə qalmaq planlarını daha da çətinə salıb. Belə ki, 12-16 iyul tarixlərində Azərbaycana qarşı törətdyi təxribatlar zamanı xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını itirən Ermənistan başqa bir ölkənin ərazisində övladları öldürülən vətəndaşlarının etiraz dalğası ilə qarşı-qarşıya qalıb.
Azərbaycan əsgərinin gülləsindən çox Paşinyan nəfsinin qurbanı olan Ermənistan hərbçilərinin ailə üzvləri, yaxınları bu gün ölkənin müxtəlif yerlərində Paşinyan hakimiyyətinə qarşı irimiqyaslı etirazlara başlayacaq.
Təhməz Təkin