Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 08:16
Google şirkəti Chrome brauzerini 84-cü versiyaya kimi yenilədi. Yenilənmiş Chrome bir çox dəyişikliklərə məruz qalıb və yeni funksiyalar əldə edib. Yeni funksiyalar arasında bezdirici və dələduz bildirişlərin bloklanması, özəl məlumatların yığılmasının məhdudlaşdırılması, veb tətbiqlərlə qarşılıqlı əlaqə imkanlarının genişləndirilməsi və s. var. Bu barədə 9to5google saytı xəbər verib.
Chrome brauzerinin 84-cü versiyasının əsas özəlliklərindən biri də saytların sui-istifadə etdikləri bezdirici bildirişlərin bloklanmasıdır. Məsələn, bəzi saytlar istifadəçinin həmin saytlardakı kontentləri əldə etməsi üçün ona bildirişlərin göndərilməsi üzrə icazə istəyirlər. Bundan əlavə olaraq dələduzlar bəzən həmin bildirişləri saxtalaşdırırlar və bu üsul ilə istifadəçilərin tamamilə fərqli saytlara yönlənmələrinə nail olurlar. Chrome-da olan bu yeni funksiya isə belə halların sayını azaltmaq üçün reallaşdırılıb.
Chrome 84-ün digər özəllikləri sırasında şübhəli .exe və .apk fayllar barədə istifadəçini məlumatlandırmaq, istifadəçinin konfidensiallığını yüksəltmək üçün saytların cookie fayllarının yığmalarının məhdudlaşdırılması, brauzer pəncərəsinin deaktiv olduğu zaman enerji sərfiyyatının aşağı endirilməsi, mesaj vasitəsilə əldə edilmiş iki faktorlu avtorizasiya şifrəsinin avtomatik daxil edilməsi, təkmilləşdirilmiş veb animasiyalar və tərtibatçılar üçün digər faydalı imkanlar var. Yenilənmiş Chrome 84 yaxın zamanda bütün platformalarda aktiv olacaq.