Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 13:27
Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatlar törətməsinə İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Komitəsinin rəhbəri, senator Mərvan Abdulhəlim ən-Nəmr əl-Hmud kəskin münasibət bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Zümrüd Dadaşova bildirib ki, senatorun verdiyi bəyanatda Azərbaycanın dövlət sərhədlərinin yaxınlığındakı hərbi obyektlərə və yaşayış məntəqələrinə Ermənistanın silahlı qüvvələrinin artilleriya zərbələri endirilməsi, ölkəmizin hərbçilərinin və dinc sakinlərinin qətlə yetirilməsi faktları hiddətlə pislənilib. Şəhid ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verən senator yaralılara tezliklə sağalmalarını arzulayıb.
O, bir daha nəzərə çatdırıb ki, İordaniya Haşimilər Krallığı müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsi olaraq tanıyır. Senator Mərvan əl-Hmud əlavə edib ki, rəhbərlik etdiyi İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Komitəsi hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək.
Senator işğalçı dövlət olan Ermənistanı regionda hərbi təcavüzə son qoymağa və gərginlik yaratmamağa çağırıb.