Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 08:08
"Samsung" şirkəti hibrid texnologiyalı müasir "Intel" prosessorunun quraşdırıldığı "Galaxy Book S" noutbukunun satışlarına başlayıb. Hazırda satışda bu texniki xüsusiyyətli ilk belə noutbukun əvvəlki modelləri "ARM" arxitekturalı "Qualcomm Snapdragon" prosessorlarına malik olub.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni "Intel" (Lakefield) çipləri məxsusi olaraq nazik və yüngül qurğular üçün hazırlanıb. Onlar üzərində qurulan bir yüksək məhsuldarlıqlı nüvə zəif güclü dörd nüvə ilə birlikdə quraşdırılır ki, bu da kompakt qurğuları çox enerji sərf etmədən çoxpilləli strukturla təmin edir.
Məlumata görə, hazırda "Intel" tərəfindən prosessorun 7 vatlıq istilik yayma səviyyəsinə malik iki variantı təklif olunur: "Core i5-L16G7" və "Core i3-L13G4". Onlar "Ice Lake" (10 nanometrlik texnoloji proses, Sunny Cove arxitekturası) ailəsinə aiddir, quraşdırılmış "Intel Gen 11" qrafikası ilə təchiz olunub və "Wi-Fi 6" simsiz şəbəkələrinə qoşulmanı dəstəkləyir.
"Samsung Galaxy Book S" noutbukunda "Core i5" prosessorundan istifadə edilir. Gələcəkdə "Lakefield" çiplərinin elastik ekranlı "Lenovo ThinkPad X1 Fold" və ikiekranlı "Microsoft Surface Neo" noutbukunda quraşdırılacağı gözlənilir.
"Samsung" şirkətinin rəsmi saytında "Samsung Galaxy Book S" noutbukunu 950 dollara sifariş etmək olar. ABŞ-da yalnız "Wi-Fi" ilə təchiz olunan model satışa çıxarılıb, digər bazarlarda isə "LTE" moduluna malik modeli də əldə etmək mümkün olacaq.