Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ağlayan gözdə intiqam olmaz" - şəhid atası - REPORTAJ - VİDEO ​- FOTO

Tarix: 27 Iyul 2020 03:30

Babası 1918, atası 1942, oğlu 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov hər il həyətində becərdiyi meyvə və tərəvəzləri cəbhə bölgəsində olan əsgərlərimizə aparır. Arif baba deyir ki, qüdrətli ordumuzun apardığı məhsullara ehtiyacı yoxdur. Çünki əsgərlərimiz, yeməyindən geyiminə, silahından texnikasına qədər təmin edilib. Amma orduya mənəvi dəstək, hər bir azərbaycanlının borcudur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 79 yaşlı Arif baba isti yay günündə belə, hər gün torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan 14 Ləkçıplaq kənd sakininin məzarını ziyarət edir. O, bununla özünü dünyanın ən xoşbəxt insanı hiss edir. Arif baba, həmçinin tez-tez cəbhə bölgəsinə gedərək əsgərlərimizə baş çəkir, onlara mənəvi dəstək olur.

Arif baba bildirib ki, 1994-ci il oğlu şəhid olandan sonra hərbi hissələrdə tez-tez olur: "Respublikamızın demək olar ki, bütün hərbi hissələrində olmuşam. Bununla təsəlli tapıram. Hər bir hərbi paltarlı əsgər mənim övladım olub. Bu gün şanlı Azərbaycan ordusunun müasir silahları, yeni texnikaları, savadlı və təlim keçmiş zabitləri var".

Şəhid atası qeyd edib ki, əsgərlərimizdən vətənpərvər övlad kimi qəhrəmanlıq gözləyir.

Övlad itkisinin nə olduğunu bilən Arif baba deyir ki, şəhid ailələri ağlamasın: "Ağlayan gözdə intiqam olmaz, şəhidimiz gəlir deyə ondan ötrü ağlamayın".

Arif babanın dediyi kimi, bu gün Azərbaycanın güclü, qüdrətli və rəşadətli ordusu var. O ordu ki, başında Ali Baş Komandan İlham Əliyev, arxasında Azərbaycan xalqı sipər kimi durur.

Xatırladaq ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 300-dən çox göyçaylı bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay şöbəsinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Göyçay rayonu 191 şəhid verib.

Milli.Az


Etiketlər:  Ağlayan gözdə intiqam olmaz şəhid atası REPORTAJ VİDEO FOTO


RƏYLƏR