Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə Azərbaycana dəstək məqsədilə müxtəlif aksiyalar keçirilib

Türkiyədə Azərbaycana dəstək məqsədilə müxtəlif aksiyalar keçirilib

Tarix: 28 Iyul 2020 10:09

Bakı. Trend:

Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara və işğalçı siyasətini davam etdirməsinə etiraz olaraq qardaş Türkiyədə ölkəmizə dəstək aksiyaları həyata keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iyulun 23-də Ankaranın Keçiörən Bələdiyyəsinin qarşısında “Bir millət, iki dövlətik. Azərbaycan-Türk ordusunun əsgəriyik” şüarı ilə tədbir keçirilib. Aksiyaya Keçiörən Bələdiyyəsinin üzvləri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nümayəndələri, Ankarada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin təmsilçiləri qatılıblar.

Aksiyada bələdiyyə sədri Turqut Altınok, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar çıxış ediblər. Natiqlər 23 iyul tarixinin Azərbaycanın Ağdam rayonunun Ermənistan tərəfindən işğal olunmasının 27-ci ildönümünün olduğunu xatırladıblar. Bildirilib ki, təkcə Qarabağ deyil, Ermənistanla sərhəd olan bütün ərazilərimiz hər zaman erməni hücumlarına məruz qalır. Türkiyənin prinsipial mövqe nümayiş etdirərək, Azərbaycanın yanında olmasının dövlətimizi və xalqımızı gücləndirdiyi vurğulanıb. Onlar Ermənistana işğalçı və təcavüzkar siyasətindən əl çəkməyi tövsiyə edərək, əks-təqdirdə bu vəziyyətin Ermənistanın əleyhinə işləyəcəyini nəzərə çatdırıblar. Beynəlxalq təşkilatların tutduğu loyal mövqe kəskin tənqid olunub, Türkiyə və Azərbaycanın güclərini birləşdirərək, bu problemi həll etməsinin vacibliyi vurğulanıb.

Türkiyənin Kayseri şəhərindəki Cümhuriyyət meydanında baş tutan aksiya isə "Turan" dərnəyinin təşkilatçılığı və 53 qeyri-hökumət təşkilatının iştirakı ilə gerçəkləşdirilib. Azərbaycana dəstək aksiyasına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan və Şimali Kipr icmalarının təmsilçiləri qatılıb.

“7 dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət!”, “Ya Qarabağ, ya ölüm!”, “Qansa qan, cansa can, səninləyik, Azərbaycan!”, “Qarabağ Türk torpağıdır!” şüarlarının səsləndirildiyi aksiyada Kayseridəki Ərciyəz universitetinin müəllimləri, azərbaycanlı ziyalılar və tələbələr çıxış ediblər.

Mitinq zamanı Azərbaycanın tarixi torpaqları, Ermənistanın işğalçı siyasəti və təcavüzkar hərəkətləri haqqında ətraflı məlumat verilib, Ermənistanın son təxribatları qınanılıb, Türk dünyasının şəhidlərinin əziz xatirəsi böyük ehtiramla anılıb. Mitinq şair Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi “Çırpınırdı Qara dəniz” mahnısının ifası ilə başa çatıb.

Türkiyənin Trabzon şəhərində, Sakarya şəhərinin Adapazarı Demokratiya Meydanında, İstanbulun Bakırköy rayonundakı Azadlıq meydanında Azərbaycan Ordusuna dəstək məqsədilə aksiyalar keçirilib. Soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirak etdikləri aksiyalarda Tovuz cəbhəsində həlak olan şəhidlərimiz anılıb, Ermənistanın işğalçı və təcavüzkar siyasəti qınanıb, "Qarabağ Azərbaycandır!", "Ermənstanın işğalçı siyasətinə son qoyulsun!", "Şəhidlər ölməz, vətən bölünməz!", “Xocalıya ədalət!” və digər şüarlar səsləndirilib.

Türkiyə Dövlət Müəssisələri İşçilərinin İnkişafı və Həmrəyliyi Fondunun Sakarya şöbəsinin rəhbəri Recai Ciran və Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Platformunun rəhbəri Vüqar Nəsirovun birgə bəyanatında Ermənistanın işğalçılıq və soyqırım siyasətinə etiraz edilib. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizini işgal edilməsinə, minlərlə insanın qətlə yetirilməsinə baxmayaraq, dünya ictimaiyyətinin bu vəhşiliyə biganə qalmasına bir daha kəskin etiraz bildirilib.

Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin bəyanatında isə bildirilib ki, insan haqlarını kobudcasına pozan Ermənistan ən qısa müddətdə beynəlxalq məhkəmələrdə mühakimə olunmalı və cəzalandırılmalıdır. Dünyanın müxtəlif ölkələrində Ermənistanın terrorizm və zorakılıq siyasətinə etiraz olaraq keçirilən aksiyalara erməni diasporunun quldurcasına yanaşması da bunu sübut edir: "Türkiyə və Azərbaycan hökumətləri 30 ildir işğal altındakı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və qaçqın həyatı yaşayan azərbaycanlıların torpaqlarına qaytarılması üçün sülh siyasəti yürüdür. Bu ədalətli mübarizədə Azərbaycanın yanında olduğumuzu bildiririk və bütün şəhidlərimizi mərhəmət və minnətdarlıqla yad edirik. İnsanlıq və sülh əleyhinə cinayətlər törədən Ermənistanı pisləyirik və qınayırıq”, - deyə vurğulanıb.


Etiketlər:  Türkiyədə Azərbaycana dəstək məqsədilə müxtəlif aksiyalar keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ