Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 12:57
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin reytinqini, nüfuzunu, mövqeyini müəyyən edən ən mühüm amillərdən biri onların insan haqları, demokratiya kimi ali prinsiplərə münasibətdə, eləcə də daxildə qanunlara və beynəlxalq hüquq normalarına nə qədər ardıcıl və ayrıseçkilik siyasəti olmadan yanaşması ilə müəyyənləşdirilir.
Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev ABŞ polisinin qeyri-qanuni hərəkətləri ilə bağlı "New York Times" qəzetində dərc olunmuş məqaləni şərh edərkən deyib.
O bildirib ki, ABŞ-da son günlərdə aksiyalara toplaşmış dinc insanların mülki geyimli şəxslər tərəfindən avtomobillərə doldurularaq naməlum istiqamətlərə aparılması kimi hadisələr bu ölkənin başqa dövlətlərdəki oxşar proseslərə münasibətdə o qədər də ardıcıl və prinsipial yanaşmadığını nümayiş etdirir:
"Bu nöqteyi-nəzərdən xüsusilə də böyük ölkələr, o cümlədən ABŞ-ın davranışlarına dünya dövlətlərinin, dünya xalqlarının münasibəti son dərəcə həssasdır. Məsələn, dünyanın başqa ölkələrində insan haqları və demokratiya ilə bağlı adi vəziyyətlərə Dövlət Departamenti səviyyəsində çox barışmaz və kəskin reaksiyalar verildiyi halda, Amerikanın özündə baş verən bəzi hadisələr dünya ictimaiyyətində müəyyən suallar doğurur. Məsələn, bir zəncinin heç bir lüzum olmadan aşırı dərəcədə artıq zor tətbiq olunması nəticəsində polislər tərəfindən öldürülməsi, eləcə də son günlərdə aksiyalara toplaşmış dinc insanların mülki geyimli şəxslər tərəfindən avtomobillərə doldurularaq naməlum istiqamətlərə aparılması və s. kimi hadisələr bu ölkənin başqa dövlətlərdəki oxşar proseslərə münasibətdə o qədər də ardıcıl və prinsipial yanaşmadığını nümayiş etdirir.
Bir daha görürük ki, başqa ölkələrdə adi hadisələrə aşırı dərəcədə sərt reaksiya göstərildiyi halda Amerikanın özündə bu kimi hadisələrə normal baxılır və hətta bunlarla bağlı hər hansı bir qanuni-hüquqi araşdırma mexanizmləri tətbiq olunmur".
Ekspert qeyd edib ki, Birləşmiş Ştatlarda həm daxili siyasətdə, həm də xarici siyasətdə bir sıra məsələlərə dövlət mənafelərinin tələbləri baxımından, həm də ikili standartlar çərçivəsində yanaşılır:
"Bir neçə il əvvəl, məşhur ərəb prosesləri vaxtında ABŞ-ın xarici siyasətində, xüsusilə də insan haqları və demokratiya normalarına münasibətdə ikili standartlardan necə çıxış elədiyninin biz şahidi olduq. Elə ölkələr var idi ki, orada guya insan haqları və demokratiyanın müdafiəsi adı altında hərbi müdaxilələr həyata keçirildiyi halda bəlli bir neçə ərəb dövlətində insan haqları və demokratiyadan əsər-əlamət olmadığı halda ABŞ-ın böyük himayəsinə söykənirdilər. Eynilə də bu gün ölkədə müəyyən etirazçılara və etiraz aksiyalarına münasibətdə polisin davranışlarının daxili qanunlardan və demokratiya prinsiplərindən çox uzaq olması faktı bir daha göstərir ki, bu ölkənin həm daxili, həm də xarici siyasətində heç də həmişə deyildiyi kimi prinsipiallıq və ardıcıllıq görünmür. Həm daxili siyasətdə, həm də xarici siyasətdə bir sıra məsələlərə dövlət mənafelərinin tələbləri baxımından, həm də ikili standartlar çərçivəsində yanaşılır.
Biz bunu başqa, Azərbaycan kimi ölkələrdə polisin davranışına münasibətdə Amerika Dövlət Departamentinin reaksiyası ilə Amerikanın özündə polisin davranışlarına münasibət arasında xeyli dərəcədə fərq görürük. Hansı ki, əslində, Amerikanın özündə hüquq mühafizə orqanlarının, xüsusilə də dinc aksiyaçılara münasibətdə yol verdikləri davranış normaları Azərbaycan kimi ölkələrdən xeyli dərəcədə fərqlidir və özünü pis nöqteyi nəzərdən göstərir. Buna görə də bu cür davranışlar ilk növbədə Amerika Birləşmiş Ştatlarının özünün insan haqları və demokratiya kimi ali dəyərlərə həqiqətdə nə qədər dəyər verdiyini nümayiş etdirir və bu ölkənin dünya miqyasındakı nüfuzunu birbaşa, özü də pis mənada müəyyən edən faktora çevrilir".
Təhməz Təkin