Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı peşələrə daha çox ehtiyac yaranacaq, hansı peşələr yox olacaq?

Hansı peşələrə daha çox ehtiyac yaranacaq, hansı peşələr yox olacaq?

Tarix: 4 Avqust 2020 23:18

Azərbaycanda əmək bazarının ehtiyaclarına cavab verən mütəxəssis hazırlığında ali təhsil ocaqlarına diqqət daha da artırılmalı, xüsusi ilə rəqəmsal bacarıqların artırılması və programlaşdırma üzrə mütəxəssis hazırlığı prioritet istiqamət olmalıdır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə təhsil üzrə ekspert, dosent Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən dördüncü sənaye inqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlı müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi ilə bəzi peşələrin yaxın illərdə ortadan qalxacağı və buna hazırlıqlı olmanın zəruriliyinə diqqət çəkdi:

"Prezident eyni zamanda qeyd etdi ki Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, əhalimiz hər il artır və buna görə peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr isə o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik. Prezidentin bu çağırışı çox aktual bir mövzudur. Azərbaycanda hər il orta məktəbi yüz mindən artıq şagird bitirir və onların bir hissəsi məktəbi bitiridiyi ildən, bir hissəsi də bir neçə ildən sonra əmək bazarının iştirakçısı olur".

Azərbaycanda əmək qabliyyətli insanların sayının beş milyon nəfərdən çox olduğunu deyən E.Süleymanov bildirib ki, bütün bu dəyişikliklər ölkənin əmək bazarını tənzimləmək üçün 5-6 milyon insanın məşğulluğunu təmin edəcək bir sistemin qurulmasını zəruri edir. Bu sistemin bir komponenti əmək bazarına kadr hazırlayan təhsil ocaqlarıdır. Təhsil ocaqları cəmiyyətin tələbini və dünyadakı inkişaf meyillərini diqqətə alaraq təhsilalanların bacarıq və qabliyyətlərinin inkişafının elmi müstəvisini hazırlamalıdır.

Ekspert əlavə edib ki, Oxford Universitetinin tədqiqatına əsasən, 20 il sonra bir çox iş və xidmət avtomatik olaraq robotlar və kompüter tətbiqləri vasitəsi ilə görüləcək. Nəqliyyat, logistika, ofis və inzibati dəstək kimi işlərin avtomatlaşdırma yolu ilə aparılması nəzərdə tutulur:

"Üstəlik, xidmət sahəsindəki peşələr də oxşar aqibəti yaşayacaqlar. Süni intellektdə, böyük məlumatların işlənməsində, sistemləşmiş və qeyd olunan məlumatlar artdıqda peşələrin avtomatlaşdırılmasının qarşısı alınmaz. Misal üçün, rəqəmsal tibbi scan cihazları təcrübəli radioloqlardan daha yaxşı və daha etibarlı nəticələr təqdim etməkdədirlər. Saytları təsnifləşdirmək və ya alqoritmik olaraq optimallaşdırmaq artıq maliyyə məsləhətçilərinin investisiya portfellərinə xidmət edilməyə başlanılıb".

E.Süleymanov deyib ki, müştəri xidməti nümayəndələri, satıcılar, kassirlər, ofisiantlar, qapıçılar, yük maşınları, katibələr, anbar işçiləri, mühasiblər, müəllimlər, avtomobil mexanikləri, təmir işçiləri, təhlükəsizlik işçiləri, aşpazlar, insanlara kosmetik fərdi qulluq vasitələri, dülgərlər, uşaq baxımı mütəxəssisləri, vəkillər texnologiyanın inkişafından və sektorda robot olaraq iştirak etməsindən ən çox təsirlənəcək peşə qrupları arasındadırlar.

Müəllimlik peşəsinin də texnologiyaların inkişafından təsirlənəcəyini deyən E.Süleymanov bildirib ki, online tədris vasitəsi ilə eyni anda daha çox insana xidmət etmək mümkün olacaq və xüsusilə xarici dil müəllimlərini müxtəlif dil öyrənmə tətbiqləri və programları əvəz edə biləcək.

Ekspert əlavə edib ki, tədqiqatlara görə, 20 il sonra hansı peşənin seçilməsindən asılı olmayaraq, informasiya texnologiyaları bütün peşələrin əsasını təşkil edəcək və bütün iş proseslərinə təsir edəcək. Ona görə proqramçılar həmişə axtarılan kadr olacaqlar, çünki onlar digər sektorlarla işləyərək işin səmərəliliyini artıracaqlar:

"Məsələn, hətta bir musiqiçinin də musiqisini tərtib etmək üçün proqramlaşdırma bacarığı olmalıdır. Emosional və əlaqəli iş, yaradıcılıq, sintez, problem həlli və ağıllı şərh tələb edən işlər insanın müdaxiləsini tələb etməyə davam edəcəkdir. Bununla birlikdə, hesablama gücünün eksponensial artması süni intellektin üstün şəkildə artmasına səbəb olur. Beləliklə, hansı peşələr məşhur olacaq? Bu mərhələdə gələcək peşələr proqram məsələsindən ayrı şəkildə, çox da müstəqil olaraq, görünə bilmirlər. Araşdırmalara görə, gələcəkdə texnologiya və kompüter elmləri ilə birləşməyən bir peşə olmayacaqdır".

E.Süleymanov deyib ki, xüsusilə robot haqqında alt qrup peşələri çox geniş yayılacaq. Big Data böyük sərvət olduğundan məlumat detektivləri, məlumat tərcüməçiləri, məlumat analizçilərinə böyük ehtiyac olacaq:

"Eyni zamanda dronla bağlı məsələlər də inkişaf edəcək, xüsusən məxfilik və təhlükəsizliklə bağlı tənzimləmələrdən sonra pilotsuz proqramçılar, pilotsuz donanma menecerlərinə ehtiyac olacaq. Şəxsi sağlamlığın rəqəmsallaşdırılması və insanın fəaliyyətinin optimallaşdırılması da vacib bir sahə kimi yüksələcəkdir. Yaşlanmaya qarşı praktikantlar, fərdi inkişaf mütəxəssisləri, genetika mühəndisləri, fərdi ailə həkimləri və terapevtlər, genetik modifikasiya dizaynerlərinə tələb önə çıxacaq. Süni intellekt tədqiqatları davam edəcək, blockchain mütəxəssisləri, 3D çap istehsalçıları bir çox fərqli sahədə istifadə ediləcək".

E.Süleymanov qeyd edib ki, yeni nəsil artıq yeni vəziyyətlərə uyğunlaşa, problemi həll edə bilən, , alqoritmik düşüncəya sahib olan, özünütənzimləmə, şüur, konsentrasiya, məqsəd axtaran kimi bacarıqlara sahib olan, etik dəyərlərə sahib olan, özünə güvənən, birlikdə işləmək, ünsiyyət bacarığı yüksək olan mütəxəssislər olmalıdır. Başqa sözlə, biliyin özünü deyil, onun öyrənmə metodunu bilən və analitik sintez qabliyyəti olan mütəxəssislərə ehtiyac var.

Ekspert qeyd edib ki, Dünya İqtisadi Forumunun nəşr etdiyi "Qlobal Rəqabətlilik İndeksi - 2019"da Azərbaycan iqtisadiyyatı 11 pillə irəliləyərək, 141 ölkə içərisində 62,7 balla 58-ci yerdə qərarlaşdı. Təhsil və insan kapitalının son vəziyyətini əks etdirən indikator üzrə hesabat "bacarıqlar" adı altında hazırlanır. Orta təhsilin keyfiyyəti və təhsil alan şagirdlərin oxuma dövrü, məzun olan şəxslərin şəxsi inkişafları üzərində işləməsi, aktiv əhali arasında rəqəmsal bacarıqlar üzrə ölkəmiz 6 pillə irəliləyərək 63-cü yerdə qərarlaşıb.

E.Süleymanovun sözlərinə görə, Azərbaycanda yaxın illərdə məşgulluğun artması istiqamətində iki istiqamətli aparılan işlər daha da artırılmalıdır. Birinci istiqamət olaraq, peşə təhsili ilə orta ixtisas təhsilli üzrə müasir tələblərə cavab verən mütəxəssislərin hazırlığı genişləndirilməlidir. Digər istiqamət isə ölkənin və dünyanın əmək bazarı tədqiq edilərək onun ehtiyaclarına cavab verəcək ali təhsilli mütəxəssis hazırlığı üçün ali təhsil ocaqlarına diqqət daha da artırılmalıdır. Xüsusi ilə rəqəmsal bacarıqların artırılması və programlaşdırma üzrə mütəxəssis hazırlığı prioritet istiqamət olmalıdır.


Etiketlər:  Hansı peşələrə daha çox ehtiyac yaranacaq hansı peşələr olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ