Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 12:16
Bu gündən etibarən Bakıda və 12 şəhər, rayonda sərt karantin rejiminin qismən yumşalmasına başlanıb.
Vətəndaşlar SMS icazəsi almadan sərbəst hərəkət edə biləcəklər, çimərliklər istifadəyə verilib, parkları, meydanları dolaşmaqda heç bir məhdudiyyət yoxdur. Sadəcə, beş adamın bir yerə toplaşması qadağan olunub, sosial məsafə gözlənməli, maska taxmalı, sıx təmasdan uzaqlaşmalıyıq.
İyunun 20-dən tətbiq edilən sərt karantin rejiminin avqustun 5-dən nisbətən yumşalması məhz qarşıya qoyulan hədəfin nəticəsidir. Göründüyü kimi, sərt karantin müddətində virusa yoluxma eniş dövrünü yaşamağa başlayıb və əldə edilən bu müsbət göstəricini hədər etmək ən böyük yanlışlıq olar.
Artıq sağanların artımındakı dinamika ümid verir ki, avqustun sonuna qədər daha yaxşı nəticələrin şahidi olacağıq və karantin rejimi mərhələli yumşalacaq. Sözsüz ki, bir çox vətəndaşların qeyri-ərzaq dükanlarının, ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərinin avqustun sonunadək açılmaması barədə qərardan narazılığını anlamaq olar. Bu, həm sosial şəraiti çətinləşdirir, həm də işsizlik borclanmaya gətirib çıxarır. Lakin dövlət işsiz kimi qeydiyyata düşən vətəndaşlara 190 manat yardım verir və karantin rejimini tamamilə götürməyə risk etmir, bunun bumeranq effekti ilə qarşılaşa, yoluxmanı artıra, sərt karantinin daha da uzadılmasına məcbur ola bilərik.
Odur ki, avqustun 31-dək kafe-restoranlar, "Mall"lar, kiçik geyim dükanları, o cümlədən metro fəaliyyət göstərə bilməyəcək. Eyni zamanda, həftəsonu ictimai nəqliyyat işləməyəcək. Habelə, toy-yas, bölgələrə gediş-gəliş qadağası qüvvədə qalır, uşaq əyləncə mərkəzləri, kinoteatrlar, sərgi zalları, muzeylər, idman-sağlamlıq mərkəzləri həmin tarixə qədər qapalı olacaq. Rayonlara getmək istəyənlər isə mütləq ezamiyyə vərəqəsi göstərməlidirlər.
Bütün bu tədbirlər, uzadılan məhdudiyyətlər yalnız bir hədəfə xidmət edir - koronavirus infeksiyasına yoluxma halları minimuma endirilsin, təhlükə sovuşsun, ardınca yuxarıda qeyd olunan əksər yerlər işini bərpa etsin.
Əlbəttə, bu vəziyyət sahibkarların, günəmuzd işləyənlərin ziyanınadır, amma hökumətin də ürəyincə deyil və həyatın tezliklə əvvəlki axarına düşməsi üçün tam açılım etmək təhlükəlidir. Ona görə narazılıq edənləri anlayışla qəbul etmək lazımdırsa, onların da çəkilən əziyyətlərə görə reallığı başa düşməsi vacibdir. Bu gün yüzlərlə həkim gecəsini gündüzünə qatıb, ailələrinin üzlərini görmür, risk altında xəstələri müalicə edir, polislər aylardır yollarda xidmət göstərir və hər kəs yaxşı sabah üçün çalışır.
Əgər Operativ Qərargah tam əksinə bir qərar versəydi, bütün yerlər açılsaydı, bu gün narazılıq edənlər yenə razı qalmayacaq, hökuməti tənqid edəcəkdilər ki, niyə risk edib tam yumşalmaya gedildi?
Çünki mayda karantin rejimi tam yumşaldıldı, kafelər, "Mall"lar açıldı və yoluxma birə beş artdı, həmin vaxt əksəriyyət Operativ Qərargahı tələskənlikdə qınayırdı. İndi yenidən eyni səhvi təkrarlamaq lazım deyil.
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bu mövzuda qeyd etdi ki, hər birimiz yoluxma statistikası ilə maraqlanırıq və xəstələnənlərin əhəmiyyətli dərəcədə azaldığını müşahidə edirik. Onun sözlərinə görə, yoluxma tempi getdikcə azalacaq və səbəb məhz sərt karantin rejiminin tətbiqi ilə əlaqədardır. "Ölkənin 13 şəhər və rayonunda SMS icazə sisteminin tətbiqi, əhalinin sıx toplaşma yerlərinə məhdudiyyət qoyulması öz müsbət nəticəsini verir. Ona görə virusa yoluxmanın azalmağa doğru getdiyi vaxtda karantini tamamilə götürməklə may ayındakı yoluxmanı təkrarlaya bilərik, hətta gündəlik xəstə sayı bir neçə mini ötə bilər. Necə ki, bəzi ölkələr pandemiyanın ağır təsirlərini yaşayır", - deyə deputat vurğuladı.
A.Mirzəzadənin fikrincə, Operativ Qərargahın karantini uzatması yoluxma tendensiyasını tamamilə sıfıra endirməyə hesablanıb: "Biz sentyabrın əvvəlinə qədər yoluxanların minimuma enməsini görə bilərik. O zaman bir çox iş yerləri də açıla, müəyyən məhdudiyyətlər də aradan götürülə bilər.
Bu gün yalnız SMS icazənin ləğvi və çimərliklərin açılması qərarı göstərir ki, məsələ Nazirlər Kabinetinin nəzarətindədir və bizə tələsik karantin rejimini götürmək yox, xəstəliyi tamamilə yox etmək lazımdır. Bütün vətəndaşlarımız əvvəlki həyatına qayıtmaq istəyir. Amma pandemiya üzündən toylar keçirilmir, o deməkdir ki, az uşaq dünyaya gələcək, 7 il sonra məktəbə gedənlərin sayı azalacaq, 17 il sonra ali təhsil alanların statistikasında eyni rəqəmləri görə bilərik. Bütün bunların baş verməməsi, uzanmaması üçün yoluxmanı sıfıra endirmək lazımdır".
Sonxeber.net bildirir ki, Respublikanın Baş infeksionisti Cəlal İsayev isə "Yeni Müsavat" vasitəsi ilə əhaliyə çağırış etdi ki, SMS icazə ləğv olunsa da, hər kəs məsuliyyətini anlamalı, maska taxmalıdır.
Onun fikrincə, Operativ Qərargahın son qərarları düzgündür və yoluxma azalsa da, heç də aşağı deyil: "Biz maydakı vəziyyətlə qarşılaşmaq istəmirik. Bu gün yoluxma tədricən azalır, amma gündəlik 200-300 nəfərdə koronavirus testinin pozitiv çıxması aşağı rəqəm deyil. Əgər iki rəqəmli nəticələr olsaydı, karantinin bir qədər də yumşaldılması haqda düşünə bilərdik. Odur ki, vəziyyətə nəzarət olunur, nəticələr ümid verir, son qərarı düzgün qiymətləndirmək lazımdır".
C.İsayev hesab edir ki, ehtiyatlı hərəkət etməliyik, insanlar səhiyyə orqanlarına kömək etməlidirlər: "Əgər avqustun 5-dən qaydalara riayət etməsələr, yenə yoluxma arta bilər. Neçə ölkə sərt karantin tədbirlərinə qayıtmalı olub. Bizdə cavanlar saymazlıq edirlər, səhlənkarlığa yol verirlər, amma arxayınlaşmaq olmaz, SMS icazə ləğv olunubsa belə, küçəyə çıxarkən maska taxmalısan, sosial izolyasiyanı gözləməlisən, əks halda xəstələnə bilərsən".