Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 16:02
"Operativ Qərargah çox ciddi iş apardı, çimərliklər açıldı və insanların rahat istifadəsi üçün şərait yarandı. İndi açıq havada insanların istirahət etməsi üçün tam təhlükəsiz şərait təmin edilib".
Sonxeber.net bildirir ki, bu fikirləri publika.az-a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.
O bildirib ki, bundan əvvəlki həftələrdə yoluxmalar yüksək idi və heç cür yumşalmalara gedilə bilməzdi: "İnsanlar artıq günəş şüasını qəbul edə bilərlər. Onlar narahatdırlar, ancaq dəniz mövsümü sentyabr ayının ortalarına qədər davam edəcək. Hələ qarşıda xeyli gün var. Havaların sərin keçməsi düşünmürəm ki, onların açıq havada istirahətinə mane olacaq. İnsanların müəyyən hissəsi bu fikirləri məqsədyönlü şəkildə yayır. Artıq SMS icazəsi tamamilə ləğv olundu. Hər kəs rahat şəkildə, qaydalara əməl etməklə istirahət edə bilər. Həftəsonları ictimai nəqliyyatın işləməməsi də insanların kütləvi şəkildə toplaşmasının qarşısını almağa hesablanıb".
C.İsayev qeyd edib ki, hazırda vəziyyət tam istədiyimiz kimi deyil və yoluxma sayının xeyli aşağı düşməsinə baxmayaraq, bu, ölkəmiz üçün böyük rəqəmdir: "Düzdür, stabilləşmə, yoluxmaların sayında aşağı düşmə var və gündəlik xəstələnmə sayı artıq 300-dən də aşağıdır. Bu, bizim ölkəmiz üçün kifayət qədər yüksək rəqəmdir. Ona görə də çoxlu sayda yumşalmalara gedilə bilməzdi. Yoluxmalar azaldıqca yeni yumşalmalar da olacaq. Kafe və restoranların, iri ticarət mərkəzlərinin açılması hələ ki, tezdir. Çünki bu yerlərdə insanlar daha çox toplaşırlar və bu tip məkanlarda infeksiyanın yayılma ehtimalı çox yüksəkdir. Ona görə də onların fəaliyyətinin bərpa olunması hələ ki, tezdir".
Baş infeksionist bəzi iş yerlərinin açılması və yumşalmaların olması üçün insanları məsuliyyətli olmağa çağırıb: "Əslində, biz nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıtmağımız daha sürətli olar. Yoluxma və aktiv xəstə sayı azalar, belə olan halda isə bir çox qadağalar aradan qalxar".