Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 14:24
Bakı. Elçin Mehdiyev – Trend:
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən satınalan təşkilatlardan daxil olan sənədlərin təhlili zamanı aşkar olunan uyğunsuzluqlar nəticəsində satınalmaların yekun protokollarının yenidən tərtib olunması və ya ümumiyyətlə satınalmaların nəticələrinin ləğv edilməsi zərurəti yaranır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, nəticədə, belə hallar vaxt itkisinə, gecikmələrə gətirib çıxarır və ölkə iqtisadiyyatı üçün zəruri olan investisiya layihələrinin vaxtında reallaşdırılması müddəti gecikmiş olur.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti satınalan təşkilatların nəzərinə çatdırır ki, dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun təşkili və keçirilməsi, habelə keçirilmiş satınalmaların nəticələrinə dair yekun protokolların tərtibi prosesində bir sıra məsələlərə xüsusi diqqət yetirilmədir. Bunlar aşağıdakılardır:
Satınalma predmeti üzrə satınalma planı dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) vaxtında yerləşdirilməlidir. Tender komissiyası qanunvericilikdə müəyyən edilmiş vaxtda formalaşdırılmalı, tender elanının və tenderin əsas şərtlər toplusunun qanunvericiliyə uyğun tərtib olunmasına nəzarət etməli və şərtlər toplusunu vaxtında təsdiq etməlidir. Tender elanında və yekun protokollarda qeyd edilən satınalma predmeti düzgün göstərilməli, tender elanları rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının vahid internet portalında qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və sayda dərc edilməlidir.
Həmçinin, tenderdə iştirak haqqının müəyyənləşdirilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş hədlərə riayət edilməli, iştirak haqqının ümumi məbləği tenderin əsas şərtlər toplusunu almış malgöndərənlərin (podratçıların) sayına uyğun olmalıdır. Satınalma prosesində iştirak edən malgöndərənlərin (podratçıların) adları, hüquqi ünvanları və bank rekvizitləri yekun protokollarda düzgün qeyd edilməli, onların eyni ünvanda qeydiyyatda, habelə təsisçilərinin və qanuni təmsilçilərinin eyni şəxs olub-olmaması məsələlərinə diqqət yetirlməlidir.
Malgöndərənlər (podratçılar) tərəfindən tenderdə iştirak etmək üçün tələb olunan müraciət və sənədlər satınalan təşkilata qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməli, onların kateqoriyası (mikro, kiçik, orta və ya iri) yekun protokolda düzgün qeyd edilməlidir. Yerli mallar (işlər və xidmətlər) təklif edən malgöndərənlərin (podratçıların) xeyrinə güzəşt edilməsi məsələsi xüsusi diqqətdə saxlanılmalıdır.
Satınalmaların təşkili və keçirilməsi məqsədilə satınalan təşkilatın formalaşdırdığı tender komissiyası tərəfindən malgöndərənlərdən (podratçılardan) daxil olan tender təklifləri qanunvericilikdə nəzərdə tutulduğu qaydada qiymətləndirilməlidir.
Tender elan edildikdən sonra elanda və tenderin əsas şərtlər toplusunda əsassız dəyişikliklərin aparılmasına yol verilmir. Belə ki, tender təkliflərinin açılışında elan olunan məlumatlar tender komissiyasının yekun protokolunda düzgün əks edilməlidir. Tender təklifi və tender təklifinin təminatının məbləği düzgün hesablanmalı, təklifin qüvvədə olma müddətləri qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Tender təklifi, müqavilənin yerinə yetirilməsi (tələb olunduğu hallarda) və avans ödənişinə (avansın ödənilməsi nəzərdə tutulduqda) dair təminatların məbləği qanunvericiliyin tələblərinə uyğun yekun protokollarda qeydiyyat aparılmalıdır. Tələblərə cavab verməyən malgöndərənlərin (podratçıların) tenderdən kənarlaşdırılmasına nəzarət edilməlidir. Tender təkliflərində hesablama səhvləri aşkar edildikdə bu barədə məlumat yekun protokolda qeyd edilməlidir. Həmçinin, tender təkliflərinin qiymətləndirilməsi meyarları tender elanında göstərilən meyarlara uyğun olmalı və qanunvericiliyə müvafiq tətbiq edilməlidir.
Tender proseduru ilə bağlı satınalan təşkilata daxil olan şikayətlər barədə məlumat yekun protokollarda əks olunmalı və protokolları tender komissiyasının bütün üzvləri tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq tərtib olunan tender komissiyasının yekun protokolu onun imzalanmasından sonrakı 3 bank günü ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda tender komissiyasının qərarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, satınalan təşkilatlar dövlət satınalmalarını müvafiq qanunvericiliyə uyğun təşkil etməli və qaydalara riayət olunmasını ciddi nəzarətdə saxlamalıdırlar.