Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanuna meydan oxuyanda nəticəsi belə olur

Qanuna meydan oxuyanda nəticəsi belə olur

Tarix: 22 Avqust 2020 20:00

Son günlər sosial şəbəkələrdə Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy etməsi videosu geniş müzakirələrə səbəb oldu. İnsanlar haqlı olaraq ölkədə elan edilən xüsusi karantin rejiminin tələblərini pozaraq toy mərasimi düzənləyən şəxslərin cəzalandırılmasını tələb etdilər. Çünki pandemiya ilə əlaqədar ölkədə bu gün yüzlərlə adam övladının toyunu təxirə salıb. Toysuz gəlin gətirən onlarla valideyn var.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, toy mərasimində iştirak edən şəxslər isə ən azı üzrxahlıq etmək əvəzinə, daha kəskin mövqe nümayiş etdirdi. Bu da onların daha çox haqlı qınağa tuş gəlməsinə səbəb oldu. Ən azı ona görə ki, "qanun mənə şamil edilə bilməz", yaxud "virus mənə yoluxa bilməz" düşüncəsi eyni məntiqsizliyə söykənir və hər ikisi cahillikdir.

Maraqlıdır ki, qapalı məkanda təşkil olunan toy mərasimində iştirakçılardan heç kim tibbi maskadan istifadə etməyib. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qapalı məkanda təşkil olunan tədbirlərdə tibbi maskadan istifadə etməklə vətəndaşlara nümunə göstəriblər. Prezident hər dəfə hamının qanun qarşısında bərabər olduğunu deyir, xəbərdarlıq edir, heç kimin immuniteti olmadığını bildirir. Özü, ailə üzvləri şəxsi nümunə göstərir.

İctimai etirazların nəticəsi özünü çox gözlətmədi: akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarıldı və 15 sutka müddətinə inzibati həbs edildi. Bundan başqa, həmin toyda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzova da partiya tərəfindən töhmət verildi. Toyda iştirakı barədə görüntülər yayılanlar cəzalandırıldı.

Daxili İşlər Nazirliyi toyla bağlı əlavə araşdırma aparıldığını bildirib. Maraqlıdı, bu toyda iştirak edən digər şəxslər kimlərdir? Abel Məhərrəmovun şəninə "tost" dediyi Ramiz Mehdiyev dövlətin qanunlarını pozmağın, cəmiyyətin bu qədər gərgin vaxtında "həmişəki güzəştlərlə" yaşamağın "dövlətçilik ənənələrinə" zidd olduğunu bilir axı. Hələ ölkənin iqtidar partiyasının rəhbər şəxslərindən olan Siyavuş Novruzov. O Novruzov ki, parlamentdə karantin qaydalarını pozanlara qarşı cəzaların sərtləşdirilməsindən danışırdı.

Ombudsman isə sadəcə heyrətamizdir. İnsan hüquqlarına məsul şəxsin qayda pozmasının tərifi yoxdur. Hələ "xırda adam", akademik Abel Məhərrəmov...

Bütün bunlar isə yeni bir mərhələnin başlanğıcıdır. Yox, toya toplantı demək mərhələsindən danışmırıq. Toy elə toydur. Varlı üçün də, kasıb üçün də. Ev elə evdir, varlı üçün də, kasıb üçün də. Hərənin özünə görə qonaq-qarası olur. Hərənin özünə görə, qohum-qardaşı, keçmiş deputat Elton Məmmədov demiş, "ailə üzvləri ilə bir tikə çörək yemək" arzusu olur. Amma qanun da elə qanundur. Varlı üçün də, kasıb üçün də.

Ona əməl etməyəndə nə olur?


Etiketlər:  Qanuna meydan oxuyanda nəticəsi belə olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ