Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 15:58
"COVİD 19-la bağlı keçirilməsinə başlanılan seroloji testlər yeni tətbiq olunan testlər deyil".
Bunu Sonxeber.net-a açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
O bildirib ki, seroloji testlər heç bir zərəri omayan testlərdir:
"1950-1960-cı illərdən bəri uzun müddətdir ki, müxtəlif xəstəliklərin həm diaqnostikasına, həm müşahidəsində tətbiq olunub. Məsələn, hepatit xəstəliyində, hamiləlik öncəsi yoxlanılan testlərin hamısı seroloji qrup testlərə aiddir. COVİD 19-da da seroloji testlər xəstəliyi keçirmə faizini ortaya çıxara bilir, immunitet səviyyəsini müəyyənləşdirir. Beləliklə COVİD 19-un ölkə ərazisində keçirilmə xəritəsini çıxarmış olacağıq. Bu da bir sonrakı addımlarda bizə daha optimal yanaşmaq imkan verəcək. Hansı bölgələrimiz koronavirusu daha çox keçiribsə, immun səviyyəsi normaldırsa, immunitet formalaşıbsa, o bölgələr müəyyən ediləcək. Testlər heç bir zərəri olmayan testlərdir. 1-2 saat içində cavab verilir. Beləliklə, şəxsin özü də xəstəlik haqqında məlumat almış olur. Çünki COVİD-i insanlar simptomsuz, bəzən yüngül simptomarla da keçirir. Özləri belə bilmədən xəstəliyi keçirmiş ola bilirlər. Bu durumda həqiqətən də xəstəliyi keçirib-keçirmədiyini, immunitetinin formalaşıb-formalaşmadığını öyrənmiş olacaq və bu, pulsuz olaraq dövlət tərəfindən həyata keçirilir. Beləliklə də özünün risq qrupunda olmadığını, başqa insanlara yoluxdurmadığını ya da yoluxmayacağını bilmiş olur".
İnfeksionist payızda tənəffüs yolu ilə yayılan respirator infeksiyaların artacağını qeyd edib:
"Digər tərəfdən payız yaxınlaşır, bu dönəmdə insanların evə qapanmasına, açıq havada soyuqla əlaqədar az olmasına görə respirator infeksiyalar baş qaldırır. Burada tənəffüs yolu ilə yayılan respirator infeksiyaların artacağı gözlənilir. Bu drumda da COVİD-19 seroloji testindən keçmiş bir şəxs artıq koronavirusa yoluxduğunu, bir müddət ən azından immunitetinin olduğunu bilir. Bu baxımdan digər xəstəliklərin diaqnostikasını rahatlaşdırmış olur. Seroloji testin bu baxımdan da bir önəmi var".
Təhməz Təkin