Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 13:16
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin hazırlanması Azərbaycanın davamlı iqtisadi inkişafının fundamental bazası hesab oluna bilər. Burada nəzərdə tutulan müxtəlif sahələr üzrə planlı və şaxələndirilmiş fəaliyyətlər, iqtisadiyyatın rəqabətqabiliyyətliliyini və sosial rifahın artırılmasını da, öz növbəsində, təmin edəcəkdir.
Bunu Sonxeber.net-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının tikintisi ilə tanış olması və 385 meqavatlıq "Qobu" Elektrik Stansiyasının təməlini qoyması hadisəsini şərh edərkən deyib.
O bildirib ki, ard-arda müxtəlif regionlarda yeni açılan və bərpa olunan elektrik stansiyalarının müasir avadanlıqlarla təchiz olunaraq fəaliyyəti elektrik təchizatı istehlakını və ixrac potensialını gücləndirəcəkdir:
"Strateji yol xəritəsində əsas nəzərdə tutulan önəmli mövzulardan biri də Azərbaycanın enerji təhlükəsizliyini təmin etməkdir. Çünki digər sahələrdə nəzərdə tutulan fəaliyyətlərin ardıcıl və stabil olaraq tətbiqi və eyni zamanda reallaşdırıılması birbaşa olaraq enerji təminatından asılıdır. Son dönəmlər ard-arda müxtəlif regionlarda yeni açılan və bərpa olunan elektrik stansiyalarının müasir avadanlıqlarla təchiz olunaraq fəaliyyəti ölkə səviyyəsində vətəndaşların və eyni zamanda, sənayenin elektrik təchizatı istehlakını və ixrac potensialını gücləndirəcəkdir. Bu baxımdan, avqustun 21-də 1000 meqavat yükgötürmə gücü olan 330/220/110 kilovoltluq Qobu elektrik yarımstansiyasının tikintisinin başlaması da elektrik təminatının gecləndirilməsi istiqamətində aparılmış uğurlu addımlardan biri hesab oluna bilər.
Bu stansiyanın tikintisinin bir sıra əhəmiyyəti mövcuddur. Belə ki, ilkin olaraq, yarımstansiyanın 2022-ci ildə fəaliyyətə başlaması birbaşa olaraq Bakı və Abşeron yarımadasının bütövlükdə Mingəçevir İstilik Elektrik stansiyasından asılılığını aşağı salacaqdır. Bu isə öz növbəsində, elektrik enerjisinin ötürülməsi zamanı yaranmış itkiləri minimuma endirəcəkdir. İkinci olaraq, regionların müvafiq olaraq elektrik enerjisi təminatında bir elektrik stansiyasından asılılığı müəyyən problemlərə yol aça bilər. Çünki sosial-iqtisadi və hərbi-siyasi stabillik birbaşa olaraq enerji resurslarının təminatından asılıdır. Məsələn, iki il öncə Mingəçevir İstilik Elektrik stansiyasında yaranmış qəza nəticəsində, ölkənin böyük hissəsinin elektrik enerjisi ilə təminatı dayandırılmışdır. Bu, əslində, çox böyük problem demək idi. Lakin bu tip müxtəlif regionlarda yeni elektrik stansiyalarının quraşdırılması, baş verən qəzaların həm minimuma endirilməsini, həm da qəzanın nəticələrindən asılı olaraq yaranmıış problemlərdən sığortalanmasını təmin edəcəkdir".
Ekspert qeyd edib ki, Azərbaycan enerji təchizatı üçün yetəri qədər resursa sahib bir ölkədir:
"Biz ölkə olaraq enerji təchizatı üçün yetəri qədər resursa sahib bir ölkəyik. Əgər hədəfimiz yerli resurslardan effektiv istifadəni və eyni zamanda enerji təhlükəsizlik gücümüzü artırmaqdırsa, bizim qarşımızda diqqət edəcəyimiz müəyyən öhdəliklər durur:
I. Enerji sektoruna yatırılan investisiyaların düzgün idarə olunmasını təmin etməliyik. Bu investisiyaların diversifikasiyası olduqca əhəmiyyət kəsb edir. Belə ki, investisiyaların müəyyən həcmlərini yaşıl iqtisadiyyatda önəm kəsb edən bərpa olunan enerji resurslarına ayırmalıyıq. Bunun üçün yetəri qədər həm külək, həm də günəş enerjisi istehsalı potensialımız mövcuddur.
II. Enerji resurslarının istehsalına ayrılan investisiyalar və bu investisiyaları edən şirkətlər üçün müəyyən fundamental və qoruyucu hüquqi normativ baza yaradılmalı və fəaliyyətləri üçün müəyyən güzəştlər edilməlidir.
III. Enerji resurslarımızdan istifadə edərək istehsal potensialımızı dəyərləndirib ixrac məsələlərində diqqət yetilməli, enerji ticarəti üzrə uzun müddətli fəaliyyətlər planı hazırlanmalıdır".
Təhməz Təkin