Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 13:20
Bakı. Trend:
Bu gun, 26 avqust, milli irsimizin qorunub saxlanması və təbliği yolunda misilsiz xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ad günüdür. Muğam sənətinin inkişafında əvəzsiz xidmətləri olan Birinci vitse-prezident, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın geniş bilik və maraq dairəsi, yaradıcılıq enerjisi, respublikanın tərəqqisi naminə qurub-yaratmaq əzmi məhsuldar dövləti fəaliyyətin əsasına çevrilib. Böyük təşkilatçılıq istedadı Prezidentimiz, cənab İlham Əliyevin etibarlı silahdaşı kimi ümumxalq sevgisi qazandırıb.
Yüksək peşəkarlıq və insani keyfiyyətləri, böyük idarəçilik və siyasi təcrübə Mehriban xanıma təkcə öz ölkəmizdə deyil, onun hüdudlarından kənarda da layiqli nüfuz qazandırıb. Artıq bir neçə ildir ki, Beynəlxalq Muğam Mərkəzi 26 avqust tarixini ikiqat bayram kimi qeyd edir. Bu ikiqat bayramın qeyd edilməsi də birbaşa Mehriban xanımın fəaliyyəti ilə əlaqəlidir. Avqustun 26-da Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi də qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir.
Azərbaycan muğamının müasir tarixində Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu gün UNESCO-nun qərargahında böyük Azərbaycan ziyalılarının yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxlu sayda tədbirlər keçirilir.
Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. 2009-cu ilin martında istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin mühüm qismini təşkil edən muğam sənətinin incəliklərinə yiyələnirlər. Bu Mərkəzin açılması muğam dünyası üçün bir bayrama çevrilərək əsl musiqi hadisəsi oldu. Sevindirici haldır ki, indi yalnız Bakıda deyil, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bölgələrimizdə, Qarabağ torpağında, işğal altındakı torpaqlarımızla sərhəd şəhərlərimizdə də istedadlı gəncləri yetişdirmək və muğam sənətinə töhfə vermək üçün gözəl muğam mərkəzləri istifadəyə verilib. Bu gün, tarixdə heç vaxt olmadığı kimi, muğam Azərbaycanın dünyaya töhfəsi kimi sevilir və tanınır. Bu da təbii ki, Prezident İlham Əliyevin və Mehriban xanımın işıqlı və parlaq fəaliyyətinin nəticəsidir. Muğam sənəti, bu sənətin əsas alətləri – tar, kamança UNESCO-nun Ümumdünya irsi siyahısındadır. Bunun özü böyük uğurdur və muğamın təbliğində vacib rol oynayır. Dünyanın elə bir ölkəsi yoxdur ki, muğam ifaçılarımız orada çıxış etməsinlər. Heydər Əliyev Fondu dünyada musiqimizin təbliğatı ilə məşğuldur və böyük tədbirlər keçirir. Belə olduğu təqdirdə, Azərbaycan muğamı dünyada daha çox tanınır. Dünyanın məşhur musiqiçiləri ilə bizim musiqiçilərimiz arasında sıx əlaqə, dostluq münasibətləri yaranır. Beynəlxalq Muğam Mərkəzimizdə irimiqyaslı layihələr, elmi konfranslar, dəyirmi masalar, konsertlər, böyük tədbirlər keçirilir. Beynəlxalq Muğam Festivalının məhz Beynəlxalq Muğam Mərkəzində keçirilməsi böyük əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Muğam Televiziya Müsabiqəsi bütün dünyaya televiziya vasitəsilə musiqimizi və muğamımızı tanıtdıran misilsiz bir layihədir. Burada neçə-neçə istedadlı gənclər tanınırlar. Bu müsabiqə çərçivəsində 140 tanınmış ifaçı yetişib. Hansı ki, bu gün onlar Azərbaycanı dünyada uğurla və böyük məsuliyyət hissi ilə təmsil edirlər və onların əksəriyyəti bu gün Beynəlxalq Muğam Mərkəzinin solistləridir. Bu günə kimi gənc xanəndələrə bu qədər diqqət və qayğı demək olar ki, ayrılmayıb. Dövlət hər zaman onların yanındadır. Milli irsimiz, muğamımız həm qızıl, həm də intibah dövrünü yaşayır.
Bu əlamətdar gün münasibəti ilə Beynəlxalq Muğam Mərkəzinin kollektivi sizi təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, ölkəmizin rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar, daim sevdiklərinizin ətrafında sevinc dolu xoşbəxt günlər arzulayır!
Dərin hörmətlə
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti,
Murad Hüseynov.