Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 11:30
Bakı. İlhamə İsabalayeva - Trend:
Bakının şərq hissələri, xüsusilə Xəzər dənizinə yaxın hissələri seysmoloji baxımdan 9 bal və ondan çoxdur. Ona görə də həmin ərazidə binalar heç olmasa, 9-10 bala dözümlü tikilməlidir.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.
N.Paşayevin sözlərinə görə, müstəqillik illərində Bakının şərq hissəsinin seysmoloji aktivliyinin 9 bal və daha yüksək olması əksər binaların tikintisi zamanı nəzərə alınıb. Lakin sovet dövründə bu amilə əhəmiyyət verilməyib. Burada tikilən binalar ən çoxu 8 bal nəzərə alınmaqla inşa edilib:
“Paytaxtın şərq hissələri Bakının ən çox zəlzələ baş verən hissəsidir. Burada il ərzində 700-800 titrəmə qeydə alınır. Onların bəziləri 3 baladək olur, amma 9 baladək zəlzələ də baş verə bilər. Buna görə də həmin ərazidə yaşayış binaları tikilərkən bu amil nəzərə alınmalıdır və binalar heç olmasa, 9-10 bala dözümlü tikilməlidir. Köhnə binaların vəziyyəti isə yenidən qiymətləndirilməlidir və onlar yenilənməlidir”.
N.Paşayev əlavə edib ki, Bakının sürüşməyə meyilli olduğu ərazilər – Səbail rayonunda Bayıl yamacı, Yasamal rayonunda Nərimanov dairəsi, Xətai rayonunda Əhmədli massivi və s. həm də zəlzələyə meyilli ərazilərdir.
Ümumilikdə Abşeron yarımadasının seysmik zona olduğunu nəzərə çatdıran N.Paşayev əlavə edib ki, bu səbəbdən Bakıda tikilən bütün binalar 8-9 bala uyğun inşa edilməlidir.