Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 23:20
Elon Musk bildirib ki, Tesla-nın Nevada ştatındakı zavoduna kiberhücum planlaşdırılırmış. Bu barədə Bloomberg saytı xəbər verib. Bir neçə müddət bundan öncə ABŞ-da Eqor Krüçkov adlı 27 yaşlı rusiyalı şəxs saxlanılmışdı. Nevada ştatındakı Rino şəhərində yerləşən Gigafactory zavodunun əməkdaşının, rusiyalı şəxsin həmin zavoda kiberhücumunun qarşısının alınmasında FBI-ya kömək etməsi barəsində məlumat verilib. Elon Musk qeyd edib ki, bu, ciddi hücum olub. ABŞ-ın ədliyyə nazirliyinin verdiyi məlumata əsasən Eqor Krüçkov adlı rusiyalı şəxs 22 avqust tarixində saxlanılıb.
O, Tesla zavodundakı qorunan kompüterin bilərəkdən hack olunma cəhdi üzrə günahlandırılır. ABŞ-ın ədliyyə nazirliyi bildirib ki, Eqor Krüçkov adı çəkilməyən şirkətin əməkdaşını öz tərəfinə çəkməyə çalışıb ki, həmin əməkdaş ona Tesla-nın kompüter sisteminə zərərli tətbiqi inteqrasiya etməkdə yardımçı olsun. Bu üsulla Eqor Krüçkov ilk öncə şirkətin konfidensial məlumatlarını oğurlamağı və daha sonra həmin məlumatlara görə şirkətdən külli miqdarda pul tələb etməyi planlaşdırırmış.
Bununla yanaşı Krüçkov köməkçi qismində çıxış etmək üçün nəzərdə tutulmuş əməkdaşa 1 milyon dollar söz verib. Məlumata əsasən Krüçkov rus dilini bilən və şirkətin kompüter sistemlərinə daxil olmağı bacaran əməkdaşa müraciət edib. Lakin həmin əməkdaş onunla Krüçkov arasında olmuş danışıqları Tesla-ya bildirib. Tesla isə öz növbəsində FBI-ya müraciət edib. ABŞ-dakı Rusiya səfirliyi qeyd edib ki, bu məsələdən xəbərdardır və Krüçkov-a yardımçı olmaq üçün səylərini göstərəcək.