Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 10:12
Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin törəmə şirkəti “ADY Express” MMC-nin Azərbaycandan tranzit rejimində nəql etdiyi bir sıra yük növlərində artım müşahidə olunub. Bunu ilk növbədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalara aid etmək olar.
Bu barədə Trend-ə MMC-dən bildiriblər. Astara yük terminalından keçərək, İran-Azərbaycan-Rusiya marşrutu ilə nəql olunan süd məhsulları və meyvə yükdaşımalarında artım müşahidə olunur. ADY Express artıq İrandan Rusiyaya 1000 ton quru süd və pendir nəql edib. Bununla yanaşı, şirkət 2 ay ərzində Astaradan Həştərxana 5050 ton meyvə nəql etməyə müvəffəq olub.
Yükdaşımalar şirkətin təqdim etdiyi refsekisyalarla (refrijerator vaqonlar) həyata keçirilib. Vaqonlar Astara (İran) yük terminalında yüklənərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə təyinat nöqtələrinə nəql edilib.
Bununla yanaşı ADY Express, Astara-Ələt-Xəzər Dənizi-Qazaxıstan-Tacikistan marşrutu ilə, Azərbaycandan tranzit rejimində keçməklə, İrandan Tacikistana biskvit və çay nəql edib ki, bu da həm seçilən marşrut həm də daşınan yük növündə yenilik idi. Bü yüklər də, şirkətin təqdim etdiyi refsekisyalarla daşınıb.