Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 13:54
“Rəqiblərimizdən biri tam müəyyənləşməyib. Söhbət Türkiyə-Yunanıstan duelindən gedir. Bu cütün qalibi bizim qrupda yer alacaq. Məncə, hazırda Yunanıstan millisi inkişafdadır. Məşqçilər korpusunda braziliyalı mütəxəssis də var. Onların şansı daha çox görünür".
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin qapıçısı Rövşən Hüseynli Azərbaycan Futzal Federasiyasının saytına AÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
"Slovakiya və Moldova haqda isə çox danışmağa ehtiyac yoxdur. Son rəsmi oyunlarda hər iki komanda ilə qarşılaşdıq. Bakıdakı seçmə oyunlarda həm Moldovanı, həm də Slovakiyanı məğlub etdik. Ancaq Slovakiya ilə 3 ay sonra Xorvatiyada yenidən rəqib olduq və bu dəfə duel heç-heçə başa çatdı. Halbuki matçın gedişində məğlub duruma düşmüşdük və son saniyələrdə status-kvonu bərpa etdik. Həmin qarşılaşmada onlar bizdən heç də güclü deyildilər. Sadəcə, qrupdakı vəziyyəti oyuna köklənməyimizə mənfi təsir göstərdi" - deyə o bildirib.
R.Hüseynlinin sözlərinə görə, digər qruplarla müqayisədə daha münasib rəqiblərlə qarşılaşacaqlar: "Reytinq baxımından da biz qrupun favoriti hesab edilirik. Ancaq koronavirus pandemiyası ilə əlaqədar 6 aydır futzaldan uzaq düşmüşük. Bildiyiniz kimi, idman zallarının fəaliyyəti dayandırılıb. Lakin legioner həyatı yaşayan komandamızın üzvləri oyunlar keçirirlər ki, bu da müsbət məqamdır. İstənilən halda, millinin bir məqsədi var: qrup qalibi olmaq və növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq”.
Qeyd edək ki, Slovakiya, Moldova, Türkiyə-Yunanıstan cütünün qalibi ilə birinci yer uğrunda yarışacaq komandamız mübarizəyə noyabrda başlayacaq.