Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 16:44
Azərbaycanda müasir yol infrastrukturunun qurulması dövlətin prioritet məsələlərindən biridir. Çünki geniş və çoxşaxəli, mükəmməl infrastruktura malik, müasir dövrün tələblərinə cavab verən nəqliyyat, yol şəbəkəsi olmayan hər hansı bir dövlətin inkişafından söz açmaq qeyri-mümkündür.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu gün beynəlxalq standartlara cavab verən magistral yollarımız Avropa ölkələrinin yollarından geri qalmır. Amma təbii ki, genişmiqyaslı istənilən iş prosesi müəyyən çətinliklər də yaradır.
İndiyədək yol və körpü tikintisi, təmiri zamanı yaranan əsas problem insanların rahatlığı ilə bağlı idi. Daha dəqiq desək, tikinti prosesi yollarda sıxlıq, tıxac yaradır, sürücü və piyadalar müvəqqəti də olsa, çətinliklərlə üzləşirdilər. Artıq bu problem də həll olunur. Məsələn, Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmir yolu körpüsünün söküntüsü işləri hərəkət intensivliyi, sakinlərin və sürücülərin rahatlığı baxımından gecə saatlarında aparılıb.
Sonxeber.net bildirir ki, AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin sözlərinə görə, körpünün aşırım tirləri gecə ikən tam olaraq demontaj edilib: "Agentlik olaraq biz vətəndaşlarımızın rahat və təhlükəsiz şəkildə yol gedib-gəlməsi üçün, ümumilikdə sürücülərin rahatlığını nəzərə alaraq təmir-tikinti işlərini günün qeyri pik saatlarında və ya gecə saatlarında, yollarda hərəkət intensivliyinin azaldığı bir zamanda həyata keçiririk. Dəmir yolu körpüsünün bir hissəsinin, xüsusilə də aşırım hissəsinin söküntüsü axşam saatlarında baş tutub. Yaxın günlərdə isə dayaq hissələrinin söküntüsü aparılacaq".
Yeri gəlmişkən, hazırda ərazidə yeni tikiləcək körpünün də inşasına artıq başlanılıb. Belə ki, körpünün dayaqları dəmir-betondan inşa edilib. Oktyabr ayında təhvil verilməsi planlaşdırılan tağvari körpü xüsusi memarlıq üslubu ilə seçiləcək. Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.
Paytaxtda tikintisi aparılan daha bir yol ötürücüsü isə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində inşa edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, Sulutəpə dairəsində günün pik saatlarında Şamaxı istiqamətindən gələn və əks istiqamətdə gedən avtomobillərin yolu dairədə kəsişir. Bu da günün müxtəlif saatlarında ərazidə ciddi tıxacların yaranmasına səbəb olur.
Günorta saatlarında əraziyə baş çəksək də, burada işlərin müvəqqəti dayandırıldığını müşahidə etdik. İş icraçılarından öyrəndik ki, gündüz saatlarında sözügedən ərazidə nəqliyyatın hərəkəti intensiv olduğundan, tikinti gecə saatlarında aparılır: "Tıxacı aradan qaldırmaq üçün ölkə başçısının tapşırığına uyğun olaraq həmin ərazidə yol qovşağı inşa olunur. Yol qovşağı iki yol ötürücüsündən ibarət olacaq. Artıq yol qovşağının dayaqları inşa olunub. Yaxın müddət ərzində aşırım hissəsinin inşasına start veriləcək. Yol ötürücülərindən birinin uzunluğu 80-90 metr olacaq. Digərinin isə 129 metr olması nəzərdə tutulur. Körpülərdən biri Biləcəri-Binəqədi istiqamətində gələn nəqliyyat vasitələrinin şəhər istiqamətinə ötürülməsi, digəri isə Şamaxı və Şamaxı istiqamətində yerləşən qəsəbələrimizdən gələn avtomaşınların dairəyə daxil olmadan şəhər istiqamətində hərəkətini təmin edəcək. Körpünün inşası qısa müddət ərzində agentlik tərəfindən təmin ediləcək".
Vətəndaşlar üçün daha bir problem yol və körpülərdəki işlərin bəzən xəbərdarlıq edilmədən başlanmasıdır. Artıq bu problem də aradan qalxıb. Nəqliyyatın hərəkətini qismən və ya tam məhdudlaşdıracaq istənilən tikinti-təmir işi barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əvvəlcədən mətbuat və sosial media vasitəsi ilə məlumat verilir, vətəndaşlara xəbərdarlıq edilir: "Hazırda Mərdəkan-Zuğulba-Bilgəh avtomobil yolu üzərində müasir görünüşü ilə seçilən yeni bir yerüstü piyada keçidinin inşası həyata keçirilir. Körpünün uzunluğu 180 metr təşkil edir. Burada fiziki məhdudiyyətli, ahıl insanların, uşaq arabaları ilə hərəkət edən anaların həmin keçiddən istifadəsi üçün xüsusi maililiyi ilə seçilən panduslar yaradılıb. Artıq işıqlandırma sistemi qurulub".
Qeyd edək ki, son 7 ayda AAYDA tərəfindən 3 piyada keçidi, 2 avtomobil tuneli, 5 körpü tikilərək istifadəyə verilib. Ümumilikdə 350 km avtomobil yolu və küçə yenidən qurulub və təmir edilib. Bunlardan 48 km uzunluğunda yenidən qurulan və təmir edilən küçələr Bakının payına düşür. 2020-ci ilin sonuna qədər 1000 km avtomobil yolunun yenidən qurulması və təmir edilməsi gözlənilir.