Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir müavini: ''Bütün bu uğurun, inkişafın təməlində dövlət başçısının yaratdığı şərait durur''

Nazir müavini: ''Bütün bu uğurun, inkişafın təməlində dövlət başçısının yaratdığı şərait durur''

Tarix: 8 Sentyabr 2020 16:50

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin Sonxeber.net-a müsahibəsini təqdim edirik:

- Bildiyiniz kimi, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişafı Strategiyası"nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncamla bağlı nazirlik tərəfindən hansı işlər görülüb, görülür, yaxud görülməsi nəzərdə tutulur?

- Qeyd etdiyiniz kimi, dövlət başçısının müvafiq sərəncamı ilə 26 yanvar 2015-ci il tarixində "Azərbaycan gənclərinin İnkişafı Strategiyası" qəbul olunub və bu strategiyanın əsas hədəfi Azərbaycan gənclərinin potensialını müasir dövrün tələbinə uyğun inkişaf etdirmək və həmin potensialdan ölkəmizin müxtəlif istiqamətlərində mənafeyi naminə istifadə etmək, yeni nəsildə əsl fəal vətəndaşlıq mövqeyini formalaşdırmaqdır. Xüsusilə qeyd etmək istəyirəm ki, strategiyada demək olar ki, gənclərimizin bütün sosial qrupları hədəf olaraq öz əksini tapıb. Yəni, 17 hədəf qrupumuz var və burada demək olar ki, həm gənc alim, həm qaçqın, məcburi köçkün düşən gənclərimiz, sağlamlıq imkanları məhdud olan gənclər, ictimai fəallar, yaradıcı gənclər və s. 17 qrup hədəf göstərilib.

Strategiya 10 illik sənəddir və 10 il ərzində Azərbaycan gənclərinin inkişafına yönəlmiş dövlət tərəfindən müvafiq layihələrin, tədbirlərin, proqramların icrasını nəzərdə tutur. Bu hədəflərə nail olmaq məqsədilə Gənclər və İdman Nazirliyi özü və əlaqədar digər dövlət qurumları, ictimai gənclər təşkilatları ilə birgə olaraq bu illər ərzində çoxlu sayda müxtəlif layihələr, tədbirlər həyata keçirib. Orta hesabla hər il bu tədbirlərin, layihələrin sayı 150-200 arasındadır və bunların içərisində həm ölkə daxilində gənclərin inkişafını nəzərdə tutan layihələr var, eyni zamanda beynəlxalq müstəvidə, beynəlxalq platformalarda gənclərimizin daha fəal iştirakına şərait yaradan layihələr var. 

Strategiya özü 10 illikdir, amma bu 10 illik strategiyanın konkret bir zaman dövründə icrasını təmin etmək üçün tələbata uyğun, müvafiq digər normativ sənədlər qəbul olunur. Misal üçün, 2017-2021-ci illəri əhatə edən "Azərbaycan gənclərinin Dövlət Proqramı" qəbul olunub ki, həmin dövlət proqramının müddəaları birbaşa qeyd olunan strategiyanın icrasına yönəlib. Strategiya istiqamətverici, əhatəli bir sənəddir. Dövlət proqramında daha konkret vəzifələr, aidiyyatı qurumlar qarşısında konkret hədəflər üzrə vəzifələr öz əksini tapıb.

Eyni zamanda əlbəttə ki, dövlət proqramı işləndikdə biz dayanıqlı inkişaf məqsədlərini də hədəf götürmüşük ki, orada öz əksini tapsın. Bu müddət ərzində yenə də, bilirsiniz ki, "Gənclər siyasəti haqqında qanun" üzərində geniş işlər aparılıb və 5 mart 2019-cu ildə qanuna müvafiq əlavələr və düzəlişlər tətbiq edilib. Bu da tələbata uyğun olaraq edilib. Çünki 10 il elə bir müddətdir ki, qısa bir zamanda dünyanın çağırışları var, ölkə daxili tələbatlar var. Bunlar dəyişə bilər. Çalışırıq gənclərin maraq dairəsini əhatə edək. Onların potensialının maksimum açılıb, reallaşması üçün daha təkmil mexanizmlər tətbiq olunsun. Bunlar bilavasitə həmin o mexanizmləri təmin edir. Bu illər ərzində istər nazirlik tərəfindən, istərsə də aidiyyatı qurumlar tərəfindən müvafiq işlər görülüb. Azərbaycan Gənclər Fondunun fəaliyyət istiqamətləri genişlənib, yeni səlahiyyətlər verilib.

Düşünürəm ki, növbəti mərhələdə də bu strategiyanın tam yüksək səviyyədə başaçatması, bitməsi, qarşımızda qoyulan hədəflər üçün var gücümüzlə çalışacağıq və düşünürəm ki, 2025-ci ilə qədər olduğunu nəzərə alaraq belə bir ehtimal var ki, növbəti mərhələ üçün də 2021-ci ildə dövlət proqramı bitdikdə onun təhlili nəticəsinə uyğun olaraq növbəti illəri əhatə edən dövlət proqramı meydana çıxa bilər. Çünki artıq təcrübəmiz var. Bundan əvvəl iki dövlət proqramımız olub və onların uğurla başa çatması nəticəsində bu üçüncü dövlət proqramı ortaya çıxıb və xüsusilə qeyd etmək istəyirəm ki, bütün bu proqramlar, strategiyanın özü belə işlənildikdə, müzakirə etdikdə biz uzun müddət ərzində gənclərimizin iştirakı ilə, vətəndaş cəmiyyətinin iştirakı ilə müzakirələr təşkil etmişik. Məqsəd də o olub ki, növbəti mərhələ dövlət qurumları arasında razılaşdırılacaq və qəbul ediləcək sənəddə gənclərin maraqları maksimum öz əksini tapsın və gənclər özləri bu proqramın icrasında dövlət qurumları ilə, bizimlə yanaşı çiyin-çiyinə bunun icrasında iştirak etsinlər. Düşünürəm ki, biz buna nail olmuşuq. Tam şəffaf şəkildə gənclərimiz öz təşəbbüslərini reallaşdıra bilirlər və bizimlə sıx əməkdaşlıq edirlər. 

- Azərbaycanda könüllülük hərəkatı ilə bağlı hazırda hansı işlər görülür və gələcək planlar nədən ibarətdir?

- Könüllülük mövzusu Azərbaycan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir və bəlkə də bir çox ölkələrdən fərqli olaraq biz "Azərbaycanda könüllü hərəkatı" dedikdə avtomatik olaraq onu gəncliyə bağlayırıq. Könüllülükdə yaş məhdudiyyəti yoxdur, ancaq Azərbaycanda demək olar ki, mütləq əksəriyyət çox az istisna olmaqla gənclər deməkdir ki, "könüllü hərəkatı"na qoşulub və Azərbaycanda qısa bir zamanda geniş bir hərəkatın formalaşması onunla bağlıdır ki, dövlət başçısı hər zaman bu mövzuya xüsusi diqqət yetirib. Xatırlayırsınızsa, 2019-cu il fevralın 1-də keçirilən gənclər toplantısında da cənab Prezident bu məsələyə xüsusi diqqət yetirdi və gənclərin "könüllü hərəkatı"nda iştirak etməsini alqışladığını qeyd etdi və eyni zamanda tövsiyə etdi ki, aidiyyatı dövlət qurumlarında, digər təşkilatlarda da bu və digər şəkildə könüllülər üçün şərait yaradılsın. Onun nəticəsi olaraq növbəti mərhələdə, bu gün artıq Azərbaycanın demək olar ki, bütün aidiyyatı qurumlarında, icra hakimiyyətləri nəzdində könüllü qrupları, təşkilatları, birlikləri fəaliyyət göstərir.

Təməldə 1998-2000-ci illər arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf və Könüllü Proqramı ilə birgə ilk layihə icra olundu. O vaxt təxminən 650-yə yaxın könüllümüz var idi. 9 istiqamətdə fəaliyyət göstərirdilər: ekologiya, aztəminatlı ailələrlə iş və s. Növbəti mərhələdə bu bizə bir təcrübə oldu və ilk böyük tədbirlər "Avrovision" müsabiqəsinin, sonra I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi minlərlə insanın könüllü bayrağı altında birləşməsi, qısa bir zamanda təşkilat komitəsinin çağırışına cavab verilməsi, bütün bunlar digər ölkələrdə olan həmkarlarımızı hər zaman təəccübləndirir. Bizdən soruşurlar "Necə oldu bu?" Biz də deyirik ki, bunun münbit şəraiti ondan ibarətdir ki, dövlət başçısı çağırış etdi. Dövlət başçısı tərəfindən şərait yaradıldı və Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunun olmasıdır. Çünki Azərbaycanda könüllü hərəkatında iştirak edən gənclər eyni zamanda vətənpərvərlik missiyasını yerinə yetirmiş olurlar, çünki Azərbaycanı təbliğ edirlər, Azərbaycanın gənc səfiri olaraq müxtəlif layihələrdə iştirak edən beynəlxalq həmkarlarımıza, gələn qonaqlara Azərbaycanımızı təqdim edirlər və çox yüksək səviyyədə də bu missiyanı həyata keçirə bilirlər.

"Asan könüllülər" təşkilatının yaranması ilə könüllülük daha da genişləndi, hərəkata çevrildi. Bu gün artıq "Regionların inkişaf birliyi", "Bir tələbə könüllü" proqramı və digər istiqamətlərdə olan könüllülərimiz çox geniş vüsət alıb, fəaliyyət göstərirlər, həyatımızı onlarsız hiss etmək mümkün deyil. Xüsusilə bu pandemiya dövründə bilirsiniz ki, cənab Prezidentin çağırışı oldu. COVİD-19-la mübarizə zamanı dövlət tərəfindən həyata keçirilən proqramlarda könüllülərin də dəstək olması ilə bağlı çağırış var idi və qısa bir zamanda 20-yə yaxın Azərbaycan Könüllü Təşkilatları birləşərək bir əlaqələndirmə mərkəzi yaratdılar, pandemiya dövründə müxtəlif maraqlı layihələr həyata keçirildi. Bu mərkəzin fəaliyyəti Bakı ilə yanaşı 56 şəhər və rayonu əhatə etdi. Aztəminatlı ailələrə dəstək, ahıllara dəstək, qan donorluğu aksiyasında iştirak etdilər və o fəaliyyətin davamı olaraq artıq avqustun 20-də bu mərkəzin bazasında Azərbaycan Könüllü Təşkilatları İttifaqı formalaşdı. Bununla paralel olaraq sentyabrın 1-də Azərbaycan idman könüllülərinin forumu keçirildi. İdman yarışlarında iştirak edən gənclərimiz də çoxlu saydadır.

Könüllü sayəsində bütün nailiyyətlər nəzərə alınaraq bu il dövlət başçısı tərəfindən Azərbaycanda "Könüllülər ili" elan olunub və rəmzi hal daşıyır ki, bu könüllülər ilində də gənclərimiz bu pandemiya şəraitində də özlərini göstərə bildilər. Biz bu ilə başlayanda pandemiyadan əvvəl ilk beynəlxalq tədbiri keçirə bildik, yəni, İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu fevral ayının 27-28-də Azərbaycanda keçirildi. Burada təxminən 42 ölkədən nümayəndələr iştirak etdilər. Biz pandemiya dövründə bu fəaliyyətimizi beynəlxalq müstəvidə onlayn şəklində davam etdiririk və növbəti mərhələdə düşünürük ki, daha geniş imkanlarımız olacaq. Nazirlik olaraq bizim BMT-nin könüllü proqramı ilə "Niyyət" protokolumuz imzalanıb ki, gələcəkdə Azərbaycan könüllüləri beynəlxalq layihələrdə daha çox, daha geniş təmsil olunsunlar. Amma əlbəttə ki, bütün bu uğurun, inkişafın təməlində dövlət başçısının yaratdığı şərait durur. İdman yarışlarımızda, xüsusilə Avropa oyunlarında Təşkilat Komətsinə rəhbərlik edən Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə könüllülərə göstərdiyi diqqət, bilavasitə dövlət başçısının və ölkənin birinci xanımının imzası ilə hər bir könüllüyə verilən "təşəkkürnamə" hər bir Azərbaycan gəncinin, könüllüsünün xatirəsində həkk olunmuş, çox yadda qalan bir məqamlardır.

- Dağlıq Qarabağ haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsində gənclərimizin fəallığını necə qiymətləndirərdiniz? Bu fəallığı necə artırmaq olar?

- Bundan əvvəlki illərdə də biz sosial şəbəkələr üzərindən müasir yüksək texnologiya istifadə etmək şərtilə Azərbaycan həqiqətlərinin, xüsusilə milli davamız olan Dağlıq Qarabağla bağlı məsələləri dünya ictimaiyyətinə düzgün çatdırmaq istiqamətində hər zaman səy göstərmişik, xüsusilə bu il. Çünki demək olar ki, fəaliyyətimizin böyük əksəriyyəti artıq sırf onlayn formatda olduğu üçün bu iş daha da gücləndirilib. Nazirliyin təşəbbüsü və dəstəyi ilə yaradılmış "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiya Mərkəzi hazırda fəaliyyət göstərməkdədir, fəaliyyətini davam etdirir. 2013-cü ildən bu günə qədər təkcə mərkəz tərəfindən yaradılmış vebsayt, onun müxtəlif məhsullarına baxışlar 15 milyonu keçib. Burada demək olar ki, dünyanın bütün ölkələri əks olunub, hətta bədnam qonularımız- Ermənistan da bu sırada var. Çünki onlar da vaxtaşırı bizim yaratdığımız saytlara baxırlar, analiz edirlər və bir çox məqamda onların saytlarında biz tənqidə məruz qalırıq və  bundan başa düşürük ki, düzgün yoldayıq.

"Virtual Qarabağ" Mərkəzi vasitəsilə bu günə qədər bir neçə sənədli filmlər istehsal olunub ki, onlar bilavasitə Qarabağ mövsuzundadır. Ən son əsər "Xocalı - Bir millətin kədəri" sənədli filmi Azərbaycan dilində bu yaxınlarda təqdim olundu. Yaxın aylarda ingilis və rus dillərində geniş, beynəlxalq auditoriyaya təqdim olunacaq. Bunun ardınca da bizim bir neçə bu günə qədər tride formatında Ağdam, Kəlbəcər və digər işğal olunmuş torpaqlarımızla bağlı kiçik filmlər, Qarabağ haqqında sənədli film və s. çəkilib. Pandemiya dövründə də fəalityyət davam etdirildi və bu gün hər işğal olunmuş ərazilərimizin günləri ilə bağlı olaraq ayrıca müxtəlif dillərdə müxtəlif kompaniyalar keçirilir, eyni zamanda "Evdə qal, təbliğatdan qalma" adlı layihəmiz həyata keçirildi ki, burada da pandemiya dövründə gənclərə bir çağırış edildi ki, onlar evdə qalma vaxtından səmərəli istifadə etsinlər və eyni zamanda Dağlıq Qarabağ mövzusunda, Azərbaycan həqiqətləri mövzusunda təbliğatda yaxından iştirak etsinlər.

Bu gün müxtəlif platformalar var, bu paltformalardan gənclərimizin Qarabağ mövzusunda təbliğat işi gedir. Xüsusilə Tovuz döyüşləri zamanı biz onun şahidi olduq ki, qısa bir zamanda həm xaricdə olan gənc soydaşlarımız, həm ölkə daxilində toplandılar və var gücləri ilə sosial şəbəkələrdə düşmənə qarşı lazımi olan kampaniyanı həyata keçirə bildilər, beynəlxalq aləmdə bunu təşkil edə bildilər. Bu istiqamətdə iş davam edəcək. Gənclər İdman Nazirliyi olaraq biz bundan sonra da müxtəlif layihələr həyata keçirəcəyik. Hazırda hörmətli Mehriban xanımın "Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında" çağırışına cavab olaraq bu gün Heydər Əliyev siyasi məktəbinin dinləyiciləri olan gənclərimiz "Sülh, Təhlükəsizlik və Ədalət" kampaniyasını həyata keçirməkdədirlər. Bu kampaniyanın da missiyası yenə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaqdır. Çalışırıq ki, konkret tarixi faktlara söykənən və müxtəlif dillərdə olan qısa, tutumlu mesajlar, məlumatlar daha geniş beynəlxalq auditoriyaya çatdırılsın və əminəm ki, apardığımız mübarizədə bizim bu gənclərin də öz töhfəsi var, olacaq və bundan sonra da Azərbaycan gəncliyi Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında yaxından iştirak edəcək.

- Dünyanın aciz duruma düşdüyü pandemya dövründə Azərbaycan gənclərinə müraciət edib nə demək istərdiniz?

- Birincisi, həyat davam edir. Əlbəttə ki, pandemiya bütün dünyada olduğu kimi Azərbaycan üçün də çətin bir sınaq oldu. Amma tam əminliklə deyə bilərəm ki, Azərbaycan dövlət olaraq bu sınaqdan çox uğurla çıxır. Çünki illər boyu həyata keçirilən dövlət strategiyasının nəticəsi olaraq Azərbaycanda həm iqtisadiyyatın güclənməsi, həm istisadi potensialın artırılması, həm hər bir sahədə, o cümlədən səhiyyə sahəsində müvafiq infrastrukturun formalaşdırılması nəticədə onu göstərdi ki, qısa bir zamanda dövlət başçısının verdiyi müvafiq sərəncamlar, nümayiş etdirdiyi siyasi iradəyə müvafiq şəkildə Azərbaycan dövləti operativ olaraq addımlar ata bildi. Yəni, Operativ Qərargah yarandı, lazımi addımlar atıldı, sərəncamlar qəbul edildi, dövlət proqramları icra olunmağa başladı. Yüz minlərlə insanın sosial rifahının qorunması, cənab Prezident hər dəfə vurğuladığı kimi əsas olaraq insanların sağlamlığının qorunması istiqamətində ciddi addımlar atıldı.

Əminəm ki, nəticə olaraq Azərbaycan dövlət kimi ən az itki vermiş dövlətlər sırasında olacaq və bu bəlanı da biz adlayacağıq. Azərbaycan gəncliyi bu prosesdə öz qüvvəsini toparladı və potensialını müxtəlif maraqlı təşəbbüslərə, layihələrə, nazirliyə dəstək olaraq, tərəfimizdən həyata keçirilən təşəbbüslərə dəstəyə yönəltdi. Həyat davam edir. Gənclər siyasətinin bütün istiqamətləri üzrə bu aylar ərzində maraqlı layihələr icra olunub və olunmaqdadır. "Evdə qal, idmansız qalma", "Evdə qal, təbliğatdan qalma", "Evdə addımla" və s. sloqanlar adı altında maraqlı vətənpərvərlik, yaradıcılıq sahəsində layihələrimiz icra olundu və icra olunmaqdadır.

Gənclərimizə də çağırışım ondan ibarətdir ki, gənclər daha məsuliyyətli olsun, daha vətəndaş mövqeyindən yanaşsınlar. Bu problem hələ davam etməkdədir. Müsbət nəticələr var, xəstələrin sayı azalmaqdadır. Buna müvafiq olaraq yumşalmalar var, amma arxayın olmaq olmaz. Səyimizi daha da birləşdirməliyik. Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq tələb olunan maska istifadə etmək, sosial məsafəni gözləmək kimi addımları atmağa biz vətəndaş olaraq məcburuq, etməliyik. Və gənclərdən də istəyim ondan ibarətdir ki, bu işdə ayıq-sayıq olsunlar, digərlərinə nümunə olsunlar. Çox təəəssüflər ki, dünya statistikası göstərir ki, hazırki mərhələdə xəstələnənlərin sayı daha çox gənclər arasında artır. Çox istərdim ki, bu dünya statistikası Azərbaycana şamil olunmasın və Azərbaycanda gənclərimiz düzgün yolu tutaraq, sağlamlığı seçərək həm öz gələcəklərini qorusunlar, həm öz çevrələrini qorusunlar. Bununla da cəmiyyətimizi, dövlətimizi qorusunlar. Güclü dövlətə sağlam vətəndaş lazımdır, sağlam gənclik lazımdır.

Təhməz Əsədov


Etiketlər:  Nazir müavini Bütün uğurun inkişafın təməlində dövlət başçısının yaratdığı şərait durur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ