Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 23:18
Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib.
Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən deyib. Prezident bildirib ki, işğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar: “Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.
Prezidentin səfirlə görüşü zamanı toxunduğu məsələlər, Ermənistanın dini, mədəni abidələrə qarşı vandalizm hərəkətləri Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında təhlil edilib. Verilişdə qonaq olan Milli Məclisin deputatları, parlamentin Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayeva, millət vəkili, tarixçi-alim Musa Qasımlı və Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə mövzu ətrafında fikirlərini bildiriblər. Qeyd olunub ki, Prezidentin də bildirdiyi kimi, Azərbaycanın tarixi-dini abidələri Ermənistan tərəfindən dağıdılıb, işğal olunmuş ərazilərimizdə abidələr vandalizmə məruz qoyulub. Vurğulanıb ki, bu gün ermənilər işğal olunmuş ərazilərimizdəki məscidləri tövləyə çeviriblər, məscidlərdə heyvan saxlayırlar. Məscidlərə qarşı törədilən vandallıq bütün müsəlman dünyasına edilən cinayətdir.
“Hədəf”in müzakirəsini bötöv şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=HYcNgSZYKvs
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi – Trend.az