Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 11:06
Bakı. Samir Əli - Trend:
Prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bunu Trend-ə açıqlamasında agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində Bakı şəhəri və respublikanın avtomobil yollarında bir neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır:
"Sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir".
A.Nəcəfli deyib ki, Bakı şəhərində 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü, 72-si yeraltı piyada keçididir:
"Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Rayon və şəhərlərin daxilində - 3 (Quba, Zaqatala, Qəbələ) piyada keçidi tikilərək istifadəyə verilib. Bu günədək ölkədə 180 ədəd piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir".