Tarix: 10 Sentyabr 2020 13:42
“Biz qeyri-müəyyənliklərlə dolu bir dünyada yaşayırıq. Bəzi klublar üçün gələcəklərinin necə olacağı elə də əhəmiyyətli deyil. Çünki onlar ölkələrə, oliqarxlara məxsudur. Biz isə fərqli bir klubuq”.
Qol.az xəbər verir ki, bu sözləri BBC-yə müsahibəsində “Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun transfer siyasəti barədə danışarkən deyib. 53 yaşlı alman mütəxəssis komandanın yaxşı çıxış etməsi üçün çox futbolçu almaq yox, oyunçuların kollektivə tam uyğunlaşmasının lazım olduğunu vurğulayıb:
“İki il əvvəl Çempionlar Liqasının finalında oynadıq. Ötən il Çempionlar Liqasının, bu il də Premyer Liqanın qalibi olduq. Bir gecədə dəyişərək, “Çelsi” kimi davranmaq istəyirik” deyə bilmərik. Onlar bir çox oyunçu ilə müqavilə bağlayır. Bu, üstünlük ola bilər. Amma həmin oyunçular komandaya sürətlə alışmağı bacarsalar, bir mənası olar. 11 futbolçu transfer edib, onların hamısından eyni vaxtda və eyni səviyyədə oyun sərgiləyəcəyini gözləyə bilmərsiniz. Hər şey meydanda birgə işləməklə yoluna düşür”.