Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada Azərbaycan multikulturalizmi fənni uğurla davam edir - FOTO

Yaponiyada Azərbaycan multikulturalizmi fənni uğurla davam edir - FOTO

Tarix: 10 Sentyabr 2020 17:26

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 39, dünyanın 22 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat mərkəzindən Sonxeber.net-a bildirilib ki, Yaponiyanın sayılıb-seçilən və ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə hələ 2017-ci ildən start verilib. Növbəti aydan Hokkaydo Universitetində yeni dərs ilinə başlanacaq. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında həyata keçirilir. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökümətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dərslər yapon dilində keçirilir.

Azərbaycan multikulturalizm dərsləri üçün qeydiyyatdan keçən yaponiyalı tələbələr arasında gələcəkdə Azərbaycanda təhsil almaq, bu ölkədə iş qurmaq və eyni zamanda, Yaponiya universitetlərində Azərbaycanla bağlı dərs demək istəyən və bu məqsədlə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak üçün şans qazanmış olacaqlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Sevindirici haldır ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, BBMM tərəfindən hazırlanaraq nəşr edilən "Azərbaycan multikulturalizmi" dərsliyinin ingilis dilinə tərcümə edilməsi fənnin xarci ölkələrdə tədrisinin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradır.

Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə "Azərbaycan multikulturalizmi" fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edir.


Etiketlər:  Yaponiyada Azərbaycan multikulturalizmi fənni uğurla davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ