Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 09:40
Bakı. Trend:
2020-ci ilin səkkiz ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2156,2 mln. kVt·st, ixracı 97,86 mln. kVt·st, idxalı 7,3 mln. kVt·st olub.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 224,7 mln. kVt·st, ixrac 67,74 mln. kVt·st, idxal isə 3,5 mln. kVt·st azalıb.
Cari ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1 mln.kVt·st azalaraq 17502,7 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 231,2 mln. kVt·st artaraq 16415,5 mln. kVt·st, SES-lərdə 357,8 mln. kVt·st azalaraq 846,6 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,5 mln. kVt·st azalaraq 240,6 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 70,5 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 33,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 137,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 15649,8 mln. kV·ts (İES-lərdə 14952,1 mln. kVt·st, SES-lərdə 697,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 286,5 mln. kV·st (İES-lərdə 124,6 mln. kVt·st, SES-lərdə 133,2 mln. kVt·st, Günəş ES-də 28,7 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 1566,4 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 829,7 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 111,1 mln. kVt·st, idxalı isə 94,7 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 9,7 mln. kVt·st azalıb.