Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kürün səviyyəsi yenidən azalıb

Kürün səviyyəsi yenidən azalıb

Tarix: 17 Sentyabr 2020 15:04

Sentyabrın 1-dən hava şəraitinin quraq keçməsi nəticəsində Kür çayında suyun səviyyəsi azalıb.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, avqustun 23-26-da Kürün aşağı hissələrində suyun səviyyəsi xeyli artmışdı. Çayın Sabirabad, Şirvan və Salyan rayonlarından keçən hissələrində suyun səviyyəsində hətta 1-1,4 metr artım müşahidə edilmişdi. Lakin sentyabrın ilk yarısında hava şəraitinin yağmursuz keçməsi nəticəsində Kürün Sabirabad və Şirvan rayonlarından keçən hissəsində səviyyə 50-54 sm, Neftçaladan keçən hissəsində isə 8 sm azalıb.

A.Verdiyev hazırda Kürdə sululuğun normadan aşağı olduğunu söyləyib.

O deyib ki, Kürdə sululuğun belə az olması quraq hava şəraiti ilə əlaqədar sonuncu dəfə 2000-ci ildə müşahidə edilib.

Mərkəz direktoru əlavə edib ki, hazırkı azalmaya baxmayaraq, gözlənilən payız yağışları ilə əlaqədar payız aylarında Kürdə səviyyənin yenidən nisbətən artacağı gözlənilir.

Kürdə suyun səviyyəsinin azalması ilə əlaqədar yaranan adalara gəldikdə, A.Verdiyev qeyd edib ki, belə adaların yaranması ötən illərdə də olub. Belə adaların yaranması müvəqqəti hal olub və Kür üçün təbii hal hesab edilir:

"Yağan yağışla əlaqədar çayın suyu artıqca Kürdəki o adaya bənzər kiçik torpaq sahələrinin üzəri su ilə örtülür. Indi də Kürün bəzi ərazilərində belə kiçik adaya bənzər torpaq sahələri var".


Etiketlər:  Kürün səviyyəsi yenidən azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ