Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2020 17:15
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov müğənni Elnar Xəlilovun yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı ictimailəşdirməsi ilə bağlı açıqlama yayıb.
Sonxeber.net bildirir ki, qafqazinfo-ya daxil olan məlumatda deyilir ki, müğənni faktı təhrif edib:
"Həmin verilişin tamaşaçıları arasında çaşqınlıq yaranmaması üçün müğəninin qeyd etdiyi insident barədə məlumat verməyi zəruri hesab edirəm.
Belə ki, ötən il oktyabrın 22-də gecə saat 2.30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava etmişlər. Bu zaman E.Xəlilov və M.Ələkbərov A.Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişlər.
Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılmış və Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır.
E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barələrində "başqa yerə getməmək" haqqında intizam qətimkan tədbiri seçilmişdir.
Bu il avqustun 31-də istintaq yekunlaşmış, cinayət işi üzrə ittiham aktı tərtib edilərək prosessual rəhbərliyi həyata keçirən Bakı Şəhər Prokurorluğuna göndərilmişdir.
Müğənni Elnar Xəlilovun az qala bir il bundan əvvəl törətdiyi qanun pozuntusunu indi təhrif olunmuş formada ictimailəşdirməsi ən azı təəssüf doğurur. Buna baxmayaraq, bir daha qeyd edirəm ki, qanunlar qarşısında hamı eyni məsuliyyəti daşıyır".
Qeyd edək ki, Elnar Xəlilov "Space" TV-də yayımlanan "Gəl dərdini danış" proqramında bildirib ki, hadisə hava limanında baş verib. Müğənni maşınını saxlamaq istəyərkən Anar adlı sürücü ilə aralarında mübahisə yaranıb. Daha sonra isə onlar əlbəyaxa dava ediblər. Əraziyə polis əməkdaşları gəliblər. Onlar polis şöbəsinə aparılıb. Proqram zamanı E.Xəlilov prosesin hüquqi baxımdan düzgün aparılmadığını qeyd edərək efirdən Vilayət Eyvazova müraciət edib.