Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 15:06
Bakı. Trend:
Bakı Ali Neft Məktəbində Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan V kurs tələbəsi Aydın Nəsirzadənin Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib gəldiyi layihəsi əsasında “Sənaye 4.0-a doğru” adlı bir aylıq təlim keçirilib.
Ali Məktəbdən Trend-ə verilən məlumata görə, layihənin təlimləri müxtəlif şirkətlərdən dəvət olunmuş mühəndis və mütəxəssislər tərəfindən keçirilmişdir. Layihə, Fondun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilib.
Xatırladaq ki, “Sənaye 4.0-a doğru” adlı layihənin əsas məqsədi proseslərin avtomatlaşdırılması mühəndisliyi, idarəetmə və nəzarət ölçü cihazları mühəndisliyi, elektrik mühəndisliyi və oxşar ixtisaslarda təhsil alan gənclərə gələcək peşələrinin mahiyyətini, vacibliyini və ölkəmizdəki vəziyyətin ən son sənaye inqilabı standartları ilə ayaqlaşması üçün lazımi motivasiyanı vermək idi. Layihə iştirak edən gənclərdə Sənaye 4.0 yolunda atılan ilkin addımlar haqqında anlayış yaranıb.
Layihə çərçivəsində təşkil olunan ilk təlimdə Elman Kərimli tərəfindən “Internet of Things” mövzusu müzakirə olunub. İkinci təlimi isə Azərsu ASC-dən nəzarət ölçü cihazları mütəxəssisi Pərviz Hacıyev verib. Üçüncü təlimdə tələbələr BP şirkətinin mühəndisi Elşən Mikayılovun “Funksional təhlükəsizlik” təlimində iştirak ediblər. Sonuncu gün isə, layihə rəhbəri Aydın Nəsirzadə dördüncü sənaye inqilabı mövzusunda yekun təqdimat edib. Bundan əlavə, layihə çərçivəsində Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Schneider Electric şirkətinin laboratoriyasına səfər olub. Şirkət əməkdaşı Elbəy Rüstəmov layihə iştirakçılarına təqdimat edib, daha sonra Ramil Şükürovun rəhbərliyi ilə TriConex kontrollerində praktiki məşğələ keçirilib. Qeyd edək ki, layihə 20 nəfər gəncin iştirakı ilə uğurla həyata keçirilib.
Layihə iştirakçılarının təltif-etmə tədbirində iştirak edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlara və təlim iştirakçılarına “Sənaye 4.0-a doğru” layihəsinin əhəmiyyətindən danışaraq gənclərin bu kimi layihələrdə aktiv iştirakından məmnun olduğunu bildirib. Sonda rektor Elmar Qasımov iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin