Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 12:15
Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışı möhtəşəm oldu və dünyaya bir daha göstərdi ki, Azərbaycan sülpərvər, etibarlı tərəfdaş, dinamik və davamlı inkişaf edən demokratik dövlətdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev deyib.
B.Əliyev vurğulayıb ki, dünyada Azərbaycan ən ciddi və güclü siyasi aktorlardan biridir: "Bu isə bəzi hallarda müəyyən dairələrdə qısqanclıq yaradır və onlar tərəfindən dövlətimizə qarşı qarayaxma, böhtan kampaniyası da təşkil edilir. Bütün bunlara baxmayaraq Azərbaycan hüquqi, demokratik dövlət kimi öz inkişaf yoluna uğurla dam edir.
Prezident İlham Əliyev bəşəriyyət üçün əhəmiyyətli olan məsələlərə diqqəti çəkərək öz çıxışında vurğuladı ki, bu gün dünyada ciddi narahatlıq doğuran yeni çağırışlar meydana gəlib. Onların üstündən sükutla keçmək, görməməzliyə vurmaq və ya laqeyid qalmaq bəşəriyyət üçün böyük fəlakətlərə yol aça bilər. Ona görə də ilk növbədə beynəlxalq hüquqa hörmət, BMT Nizamnaməsinin prinsip və məqsədlərinə sadiqliklə yanaşı, həm də onların bərqərar olması birmənalı təmin edilməlidir. Terrorçuluq, separatizm, ekstremizm, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə silahlı təcavüz və işğal milyonlarla insanın öz həyatını itirməsinə, dogma yurdundun didərgin düşməsinə gətirib çıxarır.
Prezident İlham Əliyev yüksək tribunadan bir daha qətiyyətlə bəyan etdi ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyi götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT TŞ 1993-cü ildə Ermənistanın bu hərbi təcavüzünü, işğalı qətiyyətlə pisləyərək işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz işğal edilmiş ərazilərdən çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünün və süverenliyinin bərpasını tələb etmişdir. Eyni zamanda təcıvüzkara silah verilməsini, satılmasını qadağan etmişdir.
Ermənistan isə BMT TŞ-nin qətnamələrini bu günə qədər icra etməmiş, işğal edilmiş əraziləridə azərbaycanlılara qarşı soyqrımlar törətmiş, etnik təmizləmə aparmış, işğal edilmiş torpaqlara xaricdə yaşayan erməniləri (əsasən də terrorçuları) köçürməklə qeyri-qanuni məskunlaşma siyasətini həyata keçirir. Bu isə növbəti hərbi cinayətdir və Cenevrə Konvensiyasının kobudcasına pozulmasıdır.
Prezident İlham Əliyev Ermənistanın təcavüzkar simasını açaraq demişdir: "Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub.
Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik".
Azərbaycan xalqında Minsk Qrupu həmsədrlərinə olan inam onlar tərəfindən tamamilə sarsıdılmışdır. Çünki xalq görür ki, bütün bu cinayətlərə Minsk Qrupu həmsədrləri göz yumur, işğalçının nazı ilə oynayırlar. Bununla yanaşı bu ölkələr həm də Ermənistanı silahlandırırlar. Ermənistan hər dəfə Azərbaycana qarşı növbəti hərbi təxribat törədəndə, dinc sakinlərimizi qətlə yetirəndə isə hər iki tərəfi təmkinli olmağa çağırırlar. Halbuki beynəlxalq hüquq normalarına görə Ermənistan dərhal cəzalandırılmalıdır. Ona görə də bu ədalətsiz münasibəti sərgiləyənlərdən ədalət gözləmək mümkün deyil.
Necə olur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan 70-80 min mülki erməninin (yerdə qalan 35-40 min isə terrorçular, xaricdən gətirilmiş muzdlular və Ermənistanın hərbi qüvvələridir) hüquqlarından danışanlar işğal edilmiş yeddi rayondan təkcə birinin-220 min əhalisi olan Ağdam rayonunun bütün şəhər, qəsəbə və kəndlərini yer üzündən silmiş Ermənistana qarşı sanksiya tətbiq etmirlər, onların pozulmuş hüququqlarını yada salmırlar. Doğma Ağdamdan məcburi köçkünlər hər dəfə mənimlə görüşlərində haqlı olaraq deyirlər ki, biz azərbaycanlıların taleyinə qarşı "kor və lal-kar həmsədrlər" bizə lazım deyil. Onlar beynəlxalq hüququ da, insan haqlarını da dəfn edib Azərbaycana gəlirlər.
BMT və ona üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini tanıyırlar. Azərbaycanda o ölkələrin səfirliklərinin, Azərbaycanın isə həmin ölkələrdə səfirliklərinin açılması da bunun əyani göstəricisidir. Ona görə də bütün dünya Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayondan çıxarılmasını qətiyyətlə tələb etməli, BMT TŞ öz qətnamələrində qeyd etdiyi kimi Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini təmin etməlidir. Əgər buna gücləri və ya cəsarətləri çatmırsa, onda BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycan xalqına, Azərbaycan dövlətinə həvalə etsinlər. Əminik ki, belə olan halda müasir müstəqil Azərbaycan Respublikası bölgədə sülhü və sabitliyi tam təmin edəcək və dünyaya bir örnək olacadır.
Bizim yolumuz haqq yoludur: "Qarabağ Azərbaycandır!""