Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 14:03
Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu açıqladı. Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları istənilən an bərpa etməyin mümkünlüyünü bəyan etdi. Düşmən hiylə içində hiylə işlətməkdə davam edir...
Əski ssenari, yoxsa qorxudan həmlə?
Sülh prosesinə alternativinin olmadığını bildirən erməni XİN rəhbəri bu dəfə də Azərbaycanın başının altına balış qoya biləcəklərini düşünür. Tovuz döyüşlərindən sonra ciddi şəkildə müharibə hazırlığına başlayan Ermənistan havadarları tərəfindən 500 tondan çox silah-sursatla təchiz edilməklə yanaşı, xüsusi təlim keçmiş terrorçuları da Azərbaycanın işğal olunmuş torpaqlarına köçürməyə başladı. "Biz sülh yolu ilə nizamlanmaya sadiqik. Biz sülh prosesinin davam etdirilməsinə məhz bu məntiq çərçivəsində hazır olmuşuq və hazır olaraq qalırıq", - deyən Mnatsakanyan Ermənistanın yaxın keçmişdə mütəmadi olaraq cəbhənin və sərhəddin müxtəlif istiqamətlərində təxribat cəhdləri ilk növbədə danışıqlar prosesini pozmaq və bölgədə "status-kvo" vəziyyətini saxlamaq niyyətinə hesablandığını unudur.
Altsheymer xəstəsi təəssüratı yaradan rəsmi İrəvan bəs hansı danışıqlar prosesinə ümid edir?! Quyruğunun qapı arasında qaldığını hiss etməyə başlayan düşmən yenə köhnə ssenariyə sığınmaq variantını sınamaq qərarına gəldi. Bu açıqlamanın arxasında yenidən "danışıqlar" adı altında qazanılan illər, Qarabağda və ətraf rayonlarda Suriya, İraq, Livan, Fələstin və s. Yaxın Şərq ölkələrindən edilən köçlər (terrorçular, erməni ailələri) sayəsində demokqrafik vəziyyəti xeyirlərinə dəyişmək, ordunu havadarlarının hesabına gücləndirmək kimi planlar dura bilər.
Plan 2
Erməni nazir açıqlamasında hazırda həmsədrlərlə məsləhətləşdiklərini və Azərbaycanla danışırıqlar prosesi üzərində baş sındırdıqlarını sözlərinə əlavə edib. Azərbaycanın Minsk Qrupuna olan inam və etibarının tükəndiyini, səbrinin daşdığını yaxşı anlayan Ermənistan hakimiyyəti elə işğal etdikləri Azərbaycan torpaqlarında qonaqlıq verdikləri ATƏT-in Minsk Qrupundan yenidən sükan arxasında oturmaqlarını istədi.
Prezident İlham Əliyevin yerli telekanallara son müsahibəsi zamanı Ermənistan hakimiyyəti barədə "Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq. Axırı pis olacaq onlar üçün" açıqlaması rəsmi İrəvanı bu qədər qorxuya salan məqamlardan biri oldu.
PKK-nın qənimi
Ermənistan yaxşı anlayır ki, terrorçuları Azərbaycan ərazilərinə yığmaqla vəziyyəti daha da çətinləşdirəcəklər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və XİN rəhbəri Mövlud Çavuşoğlunun son zamanlar tez-tez Qarabağdakı vəziyyətlə bağlı Azərbaycana dəstək nitqləri də düşməni qorxuya salıb.
Ermənistan yaxşı anlayır ki, Azərbaycanla genişmiqyaslı hərbi təlimlər keçirən türk ordusu İraq, Suriya kimi müharibə ocaqlarında terrorçuları məhv etməyi yaxşı bacarırsa, torpağına bələd Azərbaycan ordusu ilə bu işi yerinə yetirmək daha asan olacaq. Regionda anti-terror əməliyyatında iştirak isə Rusiyaya böyük itkilər hesabına baş gələ biləcəyindən, qarışmayacaqları ehtimalı yüksəkdir. Bu halda Ermənistan böyük həcmdə öz müqəddəratını özü həll etməlidir. Amma necə?
Bunu Paşinyan hakimiyyəti Prezident İlham Əliyevin müharibə üçün Azərbaycanın bütün hazırlıqları yekunlaşdırdığını nümayiş etdirən "Ermənistan danışıqlardan çıxıb, biz yox. Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da davam edək, bu, sadəcə, məsuliyyətsizlik olar. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir" çıxışından da yaxşı anladı.
Ermənistanın Azərbaycanı qorxutmaq istəyi ürəyində qaldı. Qarşılığında müharibəyə hazır olan bir ölkə, döyüşkən xalq, qisas hissi ilə alışıb-yanan bir nəsil gördü. Bu məqam erməni hakimiyyətinin sosial şəbəkələrdəki "monitorinq"ləri zamanı da gözdən qaçmayıb. Azərbaycan işğal olunmuş torpaqları ilə bağlı bütün suallara aydınlıq gətirib və yaxşı anlayır ki, sülh, azad yaşamaq üçün müharibəyə hazır olmaq ən yaxşı variantdır və heç bir beynəlxalq təşkilat, qrum bizim yerimizə bizə torpaq qaytarmayacaq.
Təhməz Əsədov