Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2020 01:18
Bakı. Trend:
27 sentyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, İran Xarici İşlər naziri cəbhə xəttində yaşanan gərginlikdən narahatlığını ifadə edərək, bölgədə sülhün təmin olunmasının vacibliyini qeyd etdi. O, gərginliyin azaldılması üçün lazımı addımların atılmasının əhəmiyyətini vurğuladı və İranın bu xüsusda hər zaman yardımçı olmağa hazır olduğunu qeyd etdi.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin son aylar ərzində davam edən son dərəcə təxribatçı fəaliyyətinin davamı olaraq 27 sentyabr tarixində cəbhə xətti boyunca Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktının törədilməsi, Azərbaycanlı mülki şəxslərin hədəfə alınması barədə həmkarına məlumat verdi və Azərbaycan Ordusunun beynəlxalq sərhədləri çərçivəsində özünü müdafiə hüququna əsasən, eləcə də dinc sakinərin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq cavab tədbirləri həyata keçirdiyini qeyd etdi. Bölgədə yaşanan bu gərginliyin bütün məsuliyyətinin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulandı.