Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 23:00
Bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya 1" telekanalının "60 dəqiqə" verilişində genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən səbəblər barədə danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: "Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkəranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkəranə şəkildə edirlər. Sonra onlar Şuşada - Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində ölkə böhran içindədir.
Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir".