Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 14:42
Son 50 ildə Azərbaycan alimlərinin Qarabağ, o cümlədən Şuşa ərazisində apardıqları arxeoloji, etnoqrafik, epiqrafik, paleocoğrafi və antropoloji elmi tədqiqatlar ən qədim zamanlardan - yəni Quruçay mədəniyyətindən başlamış Azərbaycan xalqının ulu əcdadlarının bu torpaqlarda yaşadığını, zəngin maddi və mənəvi mədəniyyət yaratdığını sübut edir və tarixi saxtalaşdırmağa cəhd edən ermənilərin iddialarının elmi cəhətdən tamamilə əsassız olduğunu göstərir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov deyib.
Onun sözlərinə görə, 1971-1973 və 1975-ci illərdə aparılan arxeoloji tədqiqatlar zamanı Şuşa ərazisində paleolit dövrünə aid qədim insan düşərgəsinin aşkar olunması, həmin düşərgədə və onun yaxınlığında antik dövrə aid qala divarlarının qeydə alınması, aşkar olunmuş maddi mədəniyyət qalıqları əsasında Şuşada qədim insanların orta aşel mədəniyyəti dövründən məskunlaşmağa başlaması, qala divarlarının isə antik dövrdən tikilməsi müəyyən edilib. Aşkar edilmiş maddi mədəniyyət nümunələri əsasında Şuşa ərazisində qədim insanların 200-250 min il bundan əvvəl yaşamağa başlamaları və bu diyarın qədim sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilib.
Ə.Cəfərov əlavə edib ki, Şuşa şəhərinin salınma tarixi barədə tarix elmində müxtəlif mülahizələr mövcuddur. Elmi ədəbiyyatın çoxunda Şuşa şəhərinin əsasının 1750-ci ilin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulması qeyd olunur. Lakin son 50 il ərzində Azərbaycan alimlərinin apardıqları kompleks elmi tədqiqat işləri nəticəsində Şuşanın ölkəmizin ən qədim şəhərlərindən biri olması elmi əsaslarla sübuta yetirilib:
"1971-1973, 1975-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Mil-Qarabağ arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında Qarabağın ən qədim ərazilərindən biri olan Şuşada elmi tədqiqat işləri aparıb. Aparılan arxeoloji qazıntılar nəticəsində Şuşa şəhəri yaxınlığında, Cıdır düzünün aşağı hissəsində paleolit mədəniyyətinə aid qədim insan düşərgəsi aşkar olunub. Qədim Şuşa ərazisində olan mağara düşərgəsində ibtidai insanlar 200-250 min il bundan əvvəl məskunlaşmağa başlayıblar. Düşərgədə aparılan arxeoloji qazıntılar zamanı daş məmulatı ilə yanaşı, ovlanmış heyvan sümükləri də tapılmışdır. Bu da düşərgədə yaşayan qədim insanların ovçuluqla məşğul olmalarını göstərir".