Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 16:18
Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci il sentyabr ayının 27-dən oktyabrın 26-dək olan müddətdə davam edən Vətən müharibəsində Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 2,7 milyard ABŞ dollarını ötüb.
Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib.
O qeyd edib ki, cəmi bir ay ərzində Ermənistana vurulan hərbi ziyan bu ölkənin ümumi hərbi xərclərini 4 dəfə üstələyir. Ancaq 716 milyon ABŞ dolları civarında hərbi büdcəsi olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla heç bir halda izah oluna bilməz. Belə ki, cəmi 2,6 milyard ABŞ dolları həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək baxımından xeyli məhduddur. Digər tərəfdən, bir aylıq müharibədə itirdiyi hərbi texnikanın miqdarı Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Adi Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də pozduğunu və bu müqavilənin şərtlərinə uyğun olmayan həddə silah və hərbi texnika saxladığını ortaya çıxarıb.